Cənab prezident Çinə işgüzar səfəri zamanı Çin Xalq Respublikasının sədri Sin Cinpinlə, Rusiya Prezidenti Vladimir Putinlə, həmçinin bir sıra nəhəng korporasiyaların rəhbərləri ilə görüşdü. Çin kimi böyük bir ölkə ilə Azərbaycanın yaxşı əlaqələrinin olması müsbət haldır.
Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Eldar İbrahimov bildirib.
O qeyd edib ki, ikitərəfli əlaqələrin inkişafı, əməkdaşlığın genişlənməsi Azərbaycanla yanaşı Çin üçün də əlverişlidir:
“Dövlət başçımızın aprelin 24-dən 27-dək davam edən səfəri zamanı keçirilən görüşlərlə bağlı yalnız müsbət sözlər demək olar. O cümlədən dövlət başçımızın aprelin 26-da ikinci “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumunda, aprelin 27-də isə forumun “BMT-nin 2030-cu il Gündəliyini həyata keçirmək üçün yaşıl və dayanıqlı inkişafın təşviqi” mövzusuna həsr olunan üçüncü sessiyada çıxışı ölkəmizin əldə etdiyi nailiyyətlərinin, habelə Çinin bu təşəbbüsünə Azərbaycanın münasibətinin çatdırılması baxımından önəmlidir. Cənab prezident çıxışı zamanı bu istiqamətdə bütün məsələlərə toxundu”.
Müsahibimiz qeyd edib ki, Çin Azərbaycan üçün çox vacib ölkədir:
“Çin Kommunist Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında da çox yaxşı münasibətlər var. Başda Çin Xalq Respublikasının sədri Si Cinpin olmaqla Çin rəsmiləri ölkəmizə xoş münasibət bəsləyirlər. Əlbəttə, bu xoş münasibət ulu öndər tərəfindən əsası qoyulan və cənab prezident tərəfindən davam etdirilən siyasət nəticəsində mümkün olub. Əlbəttə, mən də Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü kimi sevinirəm ki, ölkəmiz dünyanın ən böyük ölkələri, o cümlədən Çinlə qarşılıqlı faydalı münasibətlərə söykənən əlaqələr yaradıb”.
E.İbrahimov xatırladıb ki, ötən dövrdə Çinin Urumçi, Şanxay və Lucou şəhərlərində Azərbaycanın ticarət və şərab evləri açılıb, Honkonq, Quancou, Urumçi, Şanxay və Pekin şəhərlərinə ixrac missiyaları təşkil edilib:
“Hazırda Azərbaycanın Çinlə ticarət dövriyyəsində müsbət dinamika müşahidə olunur. Bu mərkəzlər ticarət mübadiləsinin genişləndirilməsində mühüm rol oynayır. Şanxayda “Azərbaycan Şərab Evi”nin ötən ilin sonlarında açılmasına baxmayaraq Azərbaycan şərabları artıq bu şəhərdə özünə yaxşı yer qazanıb. Əhali onu həvəslə alır. Çin kimi tələbatı böyük olan ölkə ilə digər sahələrdə də iqtisadi əlaqələr yaratmaq, yaxud onu genişləndirmək vacibdir. Hesab edirəm ki, digər sahələrdə, o cümlədən iqtisadi sahədə əlaqələrimiz gələcəkdə bundan da möhkəm olacaq”.