11 İyul 2019 09:01
1 495
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Avropa İttifaqı ilə Azərbaycan arasında siyasi-iqtisadi əlaqələr hər keçən gün inkişaf edir. Hesab edirəm ki, indiki məqamda Azərbaycanın əsas ticarət tərəfdaşı Avropa İttifaqıdır və bu tərəfdaşlıq ölkəmizin xarici ticarət payının 40%-ni təşkil edir. Göründüyü kimi, Avropa İttifaqı ilə bu istiqamətdə əməkdaşlıq milli maraqlarımıza cavab verir”.

Bunu Teleqraf.com-a politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspertin fikrincə, Aİ Cənubi Qafqazda ən çox strateji tərəfdaş kimi baxdığı Azərbaycana diqqət edir:

“Azərbaycan Cənubi Qaz Dəhlizi və onun əsas seqmentləri olan TANAP və TAP xətləri vasitəsilə “Şahdəniz-2” qaz kondensat yatağından gələn ildən Avropaya qaz ixrac edəcək. Avropa həmçinin, Mərkəzi Asiyaya açılımı Azərbaycan üzərindən planlaşdırır. Mərkəzi Asiya ölkələri ilə iqtisadi və energetika sahələrində əməkdaşlığı inkişaf etdirmək Avropa İttifaqının prioritetlərindən biridir.

Buna görə də Avropa İttifaqı Azərbaycanla əməkdaşlığı inkişaf etdirməkdə, assosiasiya sazişini imzalamaqda maraqlıdır. Hesab edirəm ki, bu il ərzində gözlənilən saziş bağlanmaya bilər, bunun əsasında əməkdaşlığın yeni bazası yaradılacaq və gələn il saziş bağlana bilər”.

Məhəmməd Əsədullazadə hesab edir ki, Aİ Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləməklə yanaşı, Ermənistanla ehtimal olunan döyüşlərdə Azərbaycana öz ərazilərini bərpa etmək üçün dəstək verəcək:

“Qənaətimə görə, Avropa İttifaqının Ermənistanla iqtisadi əməkdaşlığı demək olar ki, səmərəli deyil. Bu ölkədə hakimiyyət dəyişikliyinə baxmayaraq, Ermənistanın Rusiyanın buxovundan çıxa bilməməsi, Nikol Paşinyanın apardığı siyasətin səmərə verməməsi Avropa İttifaqının bu ölkədən uzaqlaşmasına səbəb olub.

Brüssel başa düşdü ki, Ermənistanda baş verən inqilab heç nəyi dəyişmir və regionda əsas siyasi-iqtisadi və enerji tərəfdaşı Azərbaycan olacaq. Hesab edirəm ki, ABŞ və Rusiyanın regionda artan rəqabəti fonunda Avropa İttifaqının regionda artan nüfuzu ölkəmizin manevr imkanını artıracaq və beləliklə, üç ayrı siyasi gücün dəstəyini almış olacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu