Azərbaycan Müdafiə Nazirliyinin MiQ-29 tipli döyüş təyyarəsinin qəzaya uğrama səbəbi barədə məlumatından dərhal sonra radikal düşərgənin hərşeyşünas siyasiləri yenə də müxtəlif fantastik iddialarını irəli sürdülər. Həm də xüsusi həyasızlıqla... Hər zaman olduğu kimi dövlətin, xalqın maraqlarını nəzərə almadan, işğalçı ilə qarşı-qarşıya dayanan Silahlı Qüvvələrimizə böhtan atmaqla...Onların iddialarından fərqli olaraq, təyyarə qəzaları ilə bağlı faktlar Müdafiə Nazirliyinin qəzanın səbəbləri ilə bağlı məlumatında yer alan məqamların tamamilə həqiqəti əks etdirdiyini sübuta yetirir.
Teleqraf.com xəbər verir ki, bu sözləri “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli deyib.
Onun sözlərinə görə, hərbi təyyarələrin quş dəstələri ilə toqquşması dünyada ən çox rast gəlinən insident hesab olunur: “Belə hadisələr zamanı təkcə MİQ-29-lar deyil, bu təyyarələrdən daha modern pilotlu uçuş aparatları da qəzaya uğrayırlar. Məsələn, bu ilin may ayında ABŞ-ın Yaponiyadakı İvakuni hərbi bazasından uçan F-35 qırıcı təyyarəsi quş dəstəsilə toqquşaraq qəzaya uğrayıb. İyun ayında Hindistanın Hərbi Hava Qüvvələrinə məxsus Jaguar qırıcı-bombardmançı təyyarəsi uçuşa başladıqdan bir neçə saniyə sonra quş dəstəsi ilə toqquşub. Bu il ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-16 təyyarəsi ilə oxşar insident Nyu-Meksika ştatında yerləşən Holloman poliqonunda baş verib. F-16 eniş zamanı qartalla toqquşaraq ciddi zərər görüb”.
Elçin Mirzəbəyli qeyd edib ki, Floridada ABŞ HHQ-yə məxsus bombardmançı təyyarənin quş dəstəsi ilə toqquşması nəticəsində isə üç təlim bombası yerə düşüb: “Xoşbəxtlikdən hər biri 11 kq-dan ibarət təlim bombaları yaşayış olmayan ərazilərə düşdüyü üçün insan tələfatı və dağıntı olmayıb. Bu il İsveçə məxsus Jas 39 Gripen qırıcısı ölkənin cənubunda keçirilən təlim zamanı quş dəstəsi ilə toqquşub, nəticədə pilot həlak olub. ABŞ-ın əsasən? hərbi araşdırmalar və xəbərlər üzrə ixtisaslaşmış “Marine Corps Times” qəzetinin verdiyi xəbərə görə, təkcə 2018-ci ildə dünyada hərbi və mülki təyyarələrin quş dəstəsi ilə toqquşması nəticəsində 14500-də artıq qəza və insident baş verib. Hərbi ekspert deyiləm və olmaq niyyətim də yoxdur. Amma internet resurslarında bir neçə dəqiqəlik axtarış nəticəsində yüzlərlə fakt əldə edə bildim. İstənilən şəxsin belə məlumatları əldə etmək imkanı var, şübhəsiz. Hər şey niyyətdən və qafadan asılıdır”.