“Rəsmi İrəvan danışıqlardan qaçır və açıq şəkildə qeyri-konstruktivlik nümayiş etdirərək, Dağlıq Qarabağı Ermənistanın tərkib hissəsi hesab edir. Bu fonda Valday Klubunun sessiyası çərçivəsində Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putinin Soçi görüşünün əhəmiyyəti çox böyükdür.”
Bu sözləri Teleqraf.com-a açıqlamasında politoloq, Qərbi-Kaspi Universitetinin professoru Fikrət Sadıqov sentyabrın 3-də Azərbaycan və Rusiya dövlət başçılarının Soçidə keçiriləcək görüşü barədə danışarkən deyib.
Onun sözlərinə görə, Valday Klubunun sessiyasına, adətən, nüfuzlu dövlətlərin prezidentləri və ya baş nazirləri dəvət olunur: “Çünki sessiyadan sonra Vladimir Putinin qonaqlarla ikitərəfli görüşləri baş tutur. Oraya Qazaxıstan və Filippin prezidentləri, İordaniya Kralı və Azərbaycanın dövlət başçısı dəvət olunub. Burda maraqlı məqamlar var. Biz başa düşürük ki, Ermənistanın arxasında Rusiya kimi böyük və güclü şimal qonşusu dayanır. Lakin Ermənistanın indiki rəhbərliyi çox sarsaq bəyanatlar verir, danışıqlardan qaçır. Reallıq ondan ibarətdir ki, Rusiya-Ermənistan münasibətlərində ziddiyyət müşahidə olunur. Çünki Putin Paşinyanın daxili və xarici siyasətindən narazıdır, bunu da açıq şəkildə bəyan edir. Bu, rusiyalı siyasətçilərin həm də Kremlə yaxın ekspertlərin yazılarında açıq şəkildə əks olunur. Bu konteksdə hesab edirəm ki, İlham Əliyevin rusiyalı həmkarı Putinlə görüşü Azərbaycanın maraqlarına xidmət edən bir görüş olacaq”.
Fikrət Sadıqov Soçi görüşünün maraqlı tədbir ərəfəsində baş tutacağına diqqət çəkib: “Vladimir Putin oktyabrın 1-də Avrasiya İqtisadi Birliyinin Ali Şurasının iclasında iştirak etmək üçün İrəvana səfər edəcək. İrəvandan qayıdan Putin Avrasiya İttifaqında da müzakirə olunan məsələləri Soçi görüşündə Prezident İlham Əliyevə çatdıracaq. Bəlkə də Azərbaycanın bu İttifaqa üzv olması üçün yeni bir cəhd göstərəcək. Amma mən düşünmürəm ki, bizim xarici siyasətin gündəliyində bu məsələ dayansın. Çünki biz bu məsələdə aydın mövqe tutmuşuq və belə bir cəhdlər Azərbaycan tərəfindən göstərilmir. Ermənistan istisna olmaqla bu ittifaqın üzvü olan dövlətlərlə əməkdaşlıq edirik, bu istiqamətdə müəyyən bir dəyişiklik ediləcəyinə inanmıram”.