10 Oktyabr 2019 17:23
477
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici işlər naziri Elmar Məmmədyarov MDB Xarici İşlər Nazirləri Şurasının Aşqabadda keçirilən dar tərkibli iclasında çıxış edib.

Teleqraf.com xəbər verir ki, nazir MDB-nin iqtisadi və humanitar əməkdaşlığın inkişafı üçün vacib platforma olduğunu bildirib. Qeyd edib ki, bu kontekstdə Azərbaycan MDB-nin fəal üzvü olmaqla təşkilatda iştiraka xüsusi əhəmiyyət verir:

“MDB Xarici İşlər Nazirləri Şurasının bugünkü iclasının gündəliyində iqtisadi və humanitar sahədə əməkdaşlığın aktual məsələlərinin, həmçinin terrorizm və ekstremizmə qarşı mübarizədə əməkdaşlıq məsələlərinin müzakirəsi nəzərdə tutulur.

Bu baxımdan, bugünkü iclasda “1941-1945-ci illər Böyük Vətən Müharibəsində qələbənin 75 illiyi münasibətilə Müstəqil Dövlətlər Birliyi dövlət başçılarının MDB ölkələri xalqlarına və dünya birliyinə müraciətinin layihəsi haqqında” qərarın imzalanmasının vacibliyini qeyd etmək istərdim.

Böyük Vətən Müharibəsində qələbənin 75 illiyinin qeyd edilməsi ərəfəsində, Azərbaycanın və Azərbaycan xalqının faşizm üzərində qələbənin əldə olunmasına verdiyi böyük töhfə xüsusilə qeyd edilməlidir. Müharibədə Azərbaycanın 600 mindən artıq nümayəndəsi iştirak etdi, onlardan yarıdan çoxu döyüş bölgələrində həlak oldu və itkin düşdü. Azərbaycanın bir çox təmsilçisi yüksək orden və medallarla təltif olundu.

Faşizmə qarşı mübarizədə Azərbaycan xalqı yalnız döyüş bölgələrində deyil, arxa cəbhədə də qəhrəmanlıq, şücaət və fədakarlıq nümayiş etdirdi. İkinci dünya müharibəsi zamanı qələbənin əldə edilməsində Bakı neftinin əvəzsiz rolu olub. Müharibənin 1941-1945-ci illərində Sovet İttifaqında istehsal olunan neftin 70 faizindən çoxu, benzinin 80 faizi və motor yağlarının 90 faizi Azərbaycanın payına düşüb.

Bu baxımdan, “1941-1945-ci illər Böyük Vətən Müharibəsində sovet xalqının qələbəsinin 75 illiyi ilə əlaqədar Müstəqil Dövlətlər Birliyi dövlət başçılarının birliyin xalqlarına və dünya ictimaiyyətinə müraciəti layihəsi haqqında” qərarın imzalanmasını nasist ideologiyasına, o cümlədən abidə və memorialların ucaldılmasına və irqçiliyin təbliğatına qarşı mübarizədə xüsusilə əhəmiyyətli hesab edirəm.

Biz, həmçinin təşkilatımızın fəaliyyətinin əsasını təşkil edən humanitar əməkdaşlığa da böyük əhəmiyyət veririk. Humanitar əməkdaşlıq məsələləri, dinlərarası dialoq, həmçinin multikulturalizm və sivilizasiyalararası dialoqla əlaqəli olan məsələlər aktual əhəmiyyət kəsb edir”.

Nazir qeyd edib ki, dünyadakı ölkələrin böyük əksəriyyəti çoxkonfessiyalı ölkələr və bir çox millətlərin nümayəndələrinin yaşadığı ölkələrdir:

“Monoetnik ölkələr istisnadır. Buna görə də humanitar sahədə əməkdaşlıq, müxtəlif konfessiyaların və etnik qrupların nümayəndələri arasında qarşılıqlı anlaşma hər bir ölkədə milli harmoniya, həm də əməkdaşlığımız üçün vacibdir. Çünki təşkilatımızın daxilində fərqli tarixə, mədəniyyətə, dinə sahib olan ölkələr təmsil olunur və bizi ümumi maraqlarımız birləşdirir, bizi əməkdaşlıq birləşdirir.

Azərbaycan multikulturalizmin təbliğinə böyük əhəmiyyət verir. Azərbaycanda bütün etnik və dini qruplar sülh və əmin-amanlıq şəraitində yaşayır. Son illərdə bir sıra qlobal tədbirlər keçirdik, dialoq və qarşılıqlı anlaşmanı təşviq edən təşəbbüslər irəli sürdük. Bu xüsusda, BMT-nin Baş Assambleyası və Baş katibi tərəfindən mədəniyyətlərarası dialoqun təşviqi üçün əsas qlobal platforma kimi tanınan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu qeyd edilməlidir.

Bildiyiniz kimi, ölkələrimiz arasında humanitar sahədə əməkdaşlığın prioritet sahələrindən biri də idman sektorudur. Qısa müddət ərzində Azərbaycan özünü beynəlxalq idman yarışlarının mərkəzi kimi doğrultdu. Belə ki, son illərdə Respublikamızda Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, o cümlədən dünya və Avropa çempionatları, dünya kubokları və bir çox idman növləri üzrə qran-pri yarışları kimi beynəlxalq tədbirlər uğurla həyata keçirilib.

İnanıram ki, humanitar sahədə konstruktiv əməkdaşlığın davam edilməsi bundan sonra da dövlətlərimiz arasında etimadın möhkəmləndirilməsinə və Birliyin inkişafına öz töhfəsini verəcək. Humanitar əlaqələr ilə yanaşı, ölkələrimiz həm çoxtərəfli, həm də ikitərəfli formatlarda iqtisadi əməkdaşlıq potensialını uğurla inkişaf etdirir”.

E.Məmmədyarov bildirib ki, birlik məkanında həll olunmamış münaqişələr regional sabitliyə ciddi təhlükə yaradır:

“Bu baxımdan bir daha Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, BMT Nizamnaməsi və Helsinki Yekun Aktı əsasında tezliklə sülh yolu ilə həllinin vacibliyinə diqqət çəkmək istərdim.

Azərbaycan münaqişənin ən qısa zamanda siyasi həllinin tərəfdarıdır. Eyni zamanda, danışıqlar əbədi davam edə bilməz və güc tətbiqi, işğal və etnik təmizlənmə nəticəsində yaranmış vəziyyəti davam etdirməyə və saxlamağa xidmət etməməlidir.

Qeyd etmək lazımdır ki, beynəlxalq münaqişələr, etnik təmizləmə və suveren ərazilərin işğalı, beynəlxalq sülh və təhlükəsizliyə, habelə birliyin bütün ölkələrinin siyasi müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə təhlükə yaradan terrorizm də daxil olmaqla, trans-sərhəd təhdidlərin səviyyəsini artıran əsas amillərdən biridir.

Buna görə, həll olunmamış münaqişələrin nizamlanması məsələsi diqqət və bütün ölkələrin səylərinin birləşdirilməsini tələb edir. Bir təşkilat olaraq MDB-nin topladığı müsbət təcrübə, ümumiyyətlə, ortaq məkanımızın problemlərinin həlli üçün faydalı ola bilər”.


Müəllif: Səxavət