18 Oktyabr 2019 08:16
434
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 15-də Prezident İlham Əliyevin yanında keçirilən iqtisadi müşavirədə ölkə başçısı çox ciddi tapşırıqlar və göstərişlər verdi. Bu göstərişlərin əsas istiqamətlərindən birini də 2020-ci ilin büdcəsi hazırlananda bunun üzərində daha ciddi düşünülməsi təşkil etdi. Cənab prezident qeyd etdi ki, dövlət büdcəsinin həm gəlirlər hissəsində artımlar olmalı, həm də xərclər hissəsində nəzərdə tutulacaq investisiya layihələrinin tərtib edilməsində, büdcəyə təkliflər verilməsində ciddi hesablama aparılıb, yəni qənaətcil şəkildə, şişirdilmə olmadan nəzərdə tutulan proqnozların verilməsi istiqamətində addımlar atılmalıdır.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov bildirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev xüsusilə qeyd etdi ki, əvvəlki illərdə büdcə tərtibi şişirdilmələrə yol verilirdi və bundan sonra belə hallara yol verilməyəcək:

“Dövlət başçısı əlaqədar qurumlara, xüsusilə Maliyyə Nazirliyinə, İqtisadiyyat Nazirliyinə və bütövlükdə hökumətə çatdırdı ki, xərclər hissəsi ciddi şəkildə araşdırılaraq, hesablanaraq büdcə layihəsi təqdim olunsun. Həm də qeyd olundu ki, müəyyən investisiya layihələrinin icrası, məsələn bənd tikmək, yol çəkmək, kabel çəkmək üçün təqdim olunan rəqəmlər həqiqəti əks etdirmir. Bir neçə dəfə maya dəyərindən yuxarı olur. Belə hallara yol verilməməlidir. Əgər bu il də belə hallara yol veriləcəksə o insanlar öz özlərini ifşa etmiş olacaqlar”.
Azər Badamov bildirib ki, bununla əlaqədar olaraq dövlət başçısı hökumət üzvlərinə bir mesaj da göndərdi:
“Perzident bildirdi ki, həm hökumət daxilində, həm də hökumətin tapşırığını icra edən müəyyən məmurlar var ki, onlar aparılan islahatlara ləkələmək istəyən şəxslər var. Onlar bu gün gənc, enerjili, uzaqgörən rəhbər vəzifədə işləyən insanları ləkələmə kampaniyasına qoşulublar. Xüsusilə mətbuatda onlarla bağlı “qara piar” kampaniyasına start verilib. Belə halların aradan qaldırılması barədə də tapşırıq verildi”.

Müsahibimiz qeyd edib ki, həqiqətən də bu gün bəzi strukturlar köhnə baxışlarla, köhnə təfəkkürlə fəaliyyət göstərirlər:

“Onların innovativliyi, yaradıcılığı, kreativliyi yoxdur. Belə məmurlarla uzağa getmək olmaz. Cənab prezidentin qeyd etdiyi kimi onlar bizimlə bir yolun yolçusu ola bilməzlər. Yəni, bütün bunlar ciddi mesajlar idi və düşünürəm ki, hökumət rəhbərliyi cənab prezidentin səsləndirdiyi fikirləri özləri üçün proqrama çevirəcəklər”.


Müəllif: Səxavət Həmid