“Bu gün Sofiyada növbəti dəfə erməni deputatlarının siyasi təxribatının qarşısı alındı. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Bolqarıstanın paytaxtında keçirilən iclasında Ermənistan deputatları növbəti dəfə siyasi təxribata əl atmaq istədilər”.
Teleqraf.com xəbər verir ki, bu haqda deputat Aydın Mirzəzadə məlumat verib.
Aydın Mirzəzadə erməni deputatın iclasda çıxışı zamanı səsləndirdiyi fikirlərə diqqət çəkib:
“Ermənistandan olan bir deputat elan etdi ki, Azərbaycan və Ermənistan rəhbərləri dəfələrlə bildiriblər ki, Dağlıq Qarabağ məsələsi Azərbaycan, Ermənistan və “Qarabağ xalqı”nın maraqlarına cavab verməlidir. Digər erməni deputat isə Bakı - Tbilisi - Kars dəmiryol xəttindən danışaraq, onun əhəmiyyətini azaltmağa çalışdı.
Onlardan sonra mən çıxış edərək, Azərbaycan tərəfdən heç zaman belə bəyanatın verilmədiyini Sesidyanın nəzərinə çardırdım. Azərbaycanın mövqeyi belədir ki, Azərbaycan ərazisindən Ermənistan qoşunları qeyd- şərtsiz çıxarılmalıdır, Azərbaycan həmin bölgəyə ən yüksək muxtariyyət verməyə hazırdır. Əgər işğal məsələsi olmasaydı, həmin xətt Ermənistandan da keçə bilərdi və qonşu ölkə Azərbaycanın iqtisadi layihələrindən yüz milyonlarla gəlir qazana bilərdi.
Azərbaycan nümayəndə heyətinin üzvü Jalə Əliyeva da çıxış edərək, Ermınistan nümayəndələrinin beynəlxalq tədbirdə “Artsax” yalanını dilə gətirməsinə etiraz etdi və Ermənistanın Azərbaycan torpaqlarını azad etməsini tələb etdi. Digər deputatlarımız Musa Quliyev və İlham Əliyev də Ermənistan işğalına və beynəlxalq ictimaiyyəti aldatmaq cəhdlərinə tutarlı cavab verdi”.