Ermənistan Milli Təhlükəsizlik Şurasının keçmiş direktoru, general Georgi Kutoyan öldürülüb.
Teleqraf.com xəbər verir ki, keçmiş direktorun cəsədi İrəvanda yaşadığı evində tapılıb.
Kutoyanın odlu silahdan açılan atəş nəticəsində öldürüldüyü bildirilib.
Ermənistan İstintaq Komitəsindən verilən məlumata görə, hadisə yerində müstəntiqlər işləyir. Hələlik rəsmi olaraq heç bir versiya irəli sürülməyib.
Qeyd edək ki, Kutoyan 2016-cı ilin fevralında keçmiş prezident Serj Sərkisyan tərəfindən Ermənistan Milli Təhlükəsizlik Şurasının direktoru təyin edilib. Bundan əvvəl Kutoyan baş prokurorun müavini vəzifəsini icra edib.
Keçən il Ermənistan Baş naziri Nikol Paşinyan Təhlükəsizlik Şurasının arxivindəki bəzi sənədlərin yox edildiyini bildirmişdi. O, hansı sənədlərin olduğunun məlum olmadığını demişdi:
“Mən onların məzmununu bilmirəm. Ancaq hesab edirəm ki, cinayət törədilib”.
Ermənistan baş nazirinin bəyanatından dərhal sonra bir çox yerli siyasətçi və şərhçilər Milli Təhlükəsizlik Şurasının rəhbəri olan Artur Vanetsyanın sələfi Georgi Kutoyanın dindirilməyə çağırılıb-çağırılmayacağı ilə maraqlanmağa başladılar. Lakin Artur Vanetsyan açıqlama verərək, Kutoyanın dindirilmədiyini açıqlamışdı.
Vanetsyan keçən il istefa verib.