Teleqraf.com professor, siyasi təhlilçi Əli Abbasovla müsahibəni təqdim edir:
- Əli müəllim, ciddi formada tənqid olunan Avropa Birliyinin (AB) pandemiyadan sonrakı durumu necə olacaq?
- Əvvəla, diqqətə almalıyıq ki, Avropa Birliyinin dağılması haqqında informasiyalar əsasən, Rusiyadan gəlir. Buna da təbii yanaşmaq lazımdır. Ruslar hər dəfə göstərməyə çalışırlar ki, orada vəziyyət heç də yaxşı deyil, AB dağıla bilər və s.
- Amma Avro Qrupunun rəhbəri bu gün elan edib ki, birliyin maliyyə nazirlərinin 16 saatlıq toplantısı nəticəsiz başa çatıb və koronavirusa qarşı vahid iqtisadi proqramı qəbul etmək mümkün olmayıb...
- Bəli, AB-də belə hadisələr olur. Əgər xatırlayırsınızsa, bir neçə il əvvəl Yunanıstanla əlaqəli də problem ortaya çıxmışdı. İtaliya ilə bağlı da illər əvvəl problem vardı. Yəni bu Avropa regionunda ilk belə hadisə deyil. Əslində baş verənlər göstərir ki, AB bir qurum olaraq fəaliyyət göstərir.
İkincisi, AB-yə üzv olan bəzi ölkələr sovet prinsipindən istifadə etməklə borclanmanı hamının üzərinə qoymaq istəyir. Başqa sözlə, “bir nəfər hamı, hamı bir nəfər” prinsipinin dövriyyəyə girməsini istəyir. Ancaq birlikdə təmsil olunan hər bir ölkənin iqtisadi durumu eyni vəziyyətdə deyil.
Üçüncüsü, indi hamı pandemiyadan danışır, amma pandemiya o qədər də böyük səviyyəyə qalxmayıb. Siyasətçilər bunu daha yaxşı anlayır və bilirlər ki, hansı səviyəyə gəlib çıxmaq lazımdır ki, sonra proqram və ya birliklərdən çıxmaq mümkün olsun. İndi Avropa Birliyində bu məqam gəlib çatmayıb. Amma başqaları göstərmək istəyir ki, Avropa Birliyi dağılmaq ərəfəsindədir.
- Başqaları deyəndə kimi nəzərdə tutursunuz və onların məqsəd nədir?
- Gəlin açıq danışaq. Bu gün Avropa Birliyinin olmasında nə Amerika, nə Rusiya, nə də Çin maraqlıdır. Bu dövlətlər görürlər ki, Avropa Birliyi böyük qüvvədir. Birqütblü dünyada bu mərkəz öz yerini tutmalıdır. Odur ki, bütün zərbələr AB-yə gedir.
Başqa sözlə, kənardan da bu birliyin dağılması üçün stimullşdırıcı addımlar atırlar. Əgər belə olmasaydı, ABŞ Avropa Birliyi ölkələrinə gedən tibbi maska və süni tənəffüs aparatlarının qarşısını alıb Vaşinqtona aparmazdı. Nəhayətdə pandemiya kimi hadisələr yaşananda hər bir ölkə çalışır ki, situasiyanı öz dövlətinin və xalqının maraqları baxımından yönəltsin.
- Siz hesab edirsiniz ki, koronavirus epidemiyasından sonrakı mərhələdə Avropa Birliyində “siyasi zəlzələ” müşahidə edilməyəcək?
- Bu amil çox şeydən asılıdır. Ancaq kənardan gizli qüvvələrin buna hesablanan addım və fəaliyyətləri var. Təbii ki, bu proses siyasi baxımdan da özünü ifadə edir. Çoxları da bundan istifadə edərək, proseslərdən öz xeyirinə istifadə etməyə çalışır. Belə hallar var. Amma Avropa Birliyinin dağılması üçün indi baş verənlər elə də böyük proses deyil. Böyük Britaniya birlikdən çıxdı, amma dağılma baş vermədi.
Nəhayətdə Avropa Birliyində birləşmənin dörd variantı var. Məsələn, İsveçrə, Danimarka kimi ölkələrin birliyə daxil olma nümunəsi var. Yəni cürbəcür birləşmə formalarından istifadə edərək, birlik yaranıb. Şərqi Avropa ölkələrinə baxanda isə görünür ki, onlar birlik daxilində çox şeylərə qarşı çıxış edirlər. Məsələn, miqrantların qəbul edilməsinə, Rusiyaya qarşı proqramlara qarşıdırlar və s. Avropa Birliyi siyasi orqanizmdir və onun alətləri eyni cür işləmir. Amma Avropa Birliyi böyük projedir və ondan çox şeylər asılıdır. Bu mənada daxildə olan gizlin prosesləri də görmək lazımdır. Rusiya arzu edər ki, Avropa Birliyi onun planlarına uyğun inkişaf etsin. ABŞ isə əksinə, onun dağılmasını arzulayır. Birliyin üzvü olan İtaliya kimi ölkələr isə Rusiya və Çinlə böyük əlaqələrə malikdir. Macarıstana baxanda görürük ki, orada da fərqli proses gedir. Macarıstanın Avropa Birliyində qalması məsələsinin özü artıq sual altına düşür. Macarıstanı ya birlikdən çıxarmaq, ya da səlahiyyətlərini əlindən almaq variantı var.
- Əslində Rusiyaya qarşı ABŞ və AB eyni mövqedən çıxış edir, sanksiyalar tətbiq edirlər. Nədən ABŞ AB-nin mövcudluğunu istəmir?
- Böyük Britaniya məhz ABŞ-ın xeyir-duası ilə birlikdən çıxdı. Kimsə ona yaxınlaşan və güclü qüvvə olduğunu görəndə, onu özünə qarşı hesab edir. Söhbət siyasi məsələdən gedir. Ona görə də çalışırlar ki, bu birlik onlar qədər inkişaf etməsin, gəlib onun önündə durmasın. Bunlar siyasi proseslərdir və bunu hər kəs görüb başa düşür.
- Avropa Birliyi İtaliya və İspaniya kimi üzv ölkələrin koronavirusla mübarizəsinə dəstək ola bilmədi. Əvəzində Çin, Rusiya və Türkiyədən onlara dəstək gəldi. Bu göstərmirmi ki, birlik əslində Covid-19-la bağlı proseslərin önündə deyil, arxasınca sürünür?
- Belə demək olmaz. Kömək etmək deyəndə nəzərə almaq lazımdır ki, birlik ölkələrinin hamısı koronavirusla bağlı eyni durumdadır. Yəni Avropada virusla bağlı durum pisdir. Çin demək olar ki, bu mərhələni keçib və hazırda İtaliya və digər ölkələrə köməklik edir. Vaxtilə Rusiya Çinə köməklik edirdi, indi Pekin Moskvaya kömək edir. Eləcə də İtaliyaya. Amma köməklik deyəndə nə nəzərdə tutulur? Qoruyucu tibbi maskalar, tibbi avadanlıq və uniformalar. Belə baxanda maska nədir ki? Bəlkə sabah Avropa Birliyi İtaliya və İspaniyaya milyardlarla avro köməklik edəcək. Bunu maska ilə müqayisə etmək mümkündürmü?
- Pandemiyadan sonra Avropa Birliyinin real mənzərəsi necə olacaq?
- Dünyanın qarşısında ümumi duran bir problem var. Söhbət koronavirusdan sonra dünyanın inkişafının hansı formada olacağından gedir. Təbii ki, koronavirus dünyada yeni bir mərhələdir. Bu mərhələdən sonra sözsüz ki, davam edən poseslərin çoxunda dəyişiklik baş verəcək. O cümlədən də Avropa Birliyində.
Mən demirəm ki, pandemiyadan sonra Avropa Birliyi güclənəcək və ya zəifləyəcək. Çoxları bəyan edir ki, dünya dəyişəcək. Amma hansı formada dəyişəcək? Hesab edirəm ki, bununla bağlı proqnozlar çox fantastikdir. Çoxları deyir ki, dünya parçalanacaq, artıq dövlətlər deyil, insanlar önə çıxacaq. Rəqəmsal əməliyyatlar gedəcək, insanların kodları və tipləri olacaq. Yəni cürbəcür fikirlər səsləndirilir. Sözsüz ki, bunlar mümkün proseslərdir. Amma hələlik biz bunu müşahidə etmirik.
- Sizə, elə gəmirmi ki, ruslar Avropa Birliyi daxilində bir neçə ölkəni artıq ələ ala biliblər?
- Bu, həmişə olub. Yeni məsələ deyil. Hər iki tərəf bununla bağlı işləyir. Baxın, Bolqarıstan tərəfdən neft-qaz kəmərləri getməli idi. Sonradan Bolqarıstan təzyiq altında bundan imtina etdi. “Şimal Axını” layihəsi sanksiyalara məruz qaldı. Yəni hər iki tərəfdən fərqli addımlar olur. Həqiqət odur ki, biz XXI əsrdə bəşəri birləşmələri görümürük, əvəzində BMT kimi ciddi təşkilatlar zəifləyir, gündəmdən çıxır, formal qurumlar kimi yaşayır.
- Doğurdanmı dünya neftin əhəmiyyəti olmayan dövrə gedir və pandemiya bunun sübutudur?
- Bu mövzuda çoxları danışır. İlk dəfə ərəb ölkələri neftin borusunu bağlayanda biz gördük ki, 1970-ci illərdə hansı proseslər getdi. Təbii ki, indi istəyirlər ki, neft bir o qədər böyük rola malik olmasın. Amma neft korporasiyaları güclüdür və onlar buna imkan verməz. Ümumən isə son illər neftə elə də ehtiyacın olmadığı görünür. Dövlətlər neftsiz olan iqtisadiyyatları da qura bilirlər. Burada neft ölkələri “neftimizi tez sataq qurtaraq, yoxsa saxlayaq gələcəkdə lazım olacaq” kimi fikirlər üzərində də düşünürlər. Amma bu gün üçün neft dünyaya və bəşəriyyətə hələ də lazımdır.