24 İyul 2020 16:41
1 216
12 Punto 14 Punto 16 Punto 18 Punto

Soydaşlarımızın Amerika Birləşmiş Ştatlarında və digər ölkələrdə keçirdiyi nümayişlər dinc xarakter daşıyır və cəbhənin Tovuz istiqamətində erməni silahlı qüvvələrinin təxribatına cavab məqsədi ilə təşkil edilib. Eyni zamanda, əsas mesaj artıq 30 ildən bəri davam edən torpaqlarımızın işğalına beynəlxalq birliyin diqqətini cəlb etmək, status-kvonun dəyişilməsinin zəruriliyini göstərmək idi.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev bildirib.

Onun sözlərinə görə, təəssüflər olsun ki, məkrli düşmən burada da öz xislətini göstərdi və çoxluq təşkil etdikləri ərazilərdə həmvətənlərimizə qarşı fiziki güc tətbiq etməklə növbəti təxribatlar üçün bir növ stimul yaratdılar:
“Necə deyərlər, təsir əks-təsirə bərabərdir. Mən soydaşlarımızın, diaspor təşkilatlarımızın milli həmrəyliklərini, vətənpərvərliklərini yüksək qiymətləndirirəm və hesab edirəm ki, dünyanın müxtəlif ölkələrində keçirilən bu aksiyaların əhəmiyyəti son dərəcə böyükdür. Belə aksiyaları planlaşdırıldıqda son dərəcə ehtiyatlı olmalı, təxribatlara getməməliyik”.

Deputat söyləyib ki, düşmən çox hiyləgər və təşkilatlanmış vəziyyətdədir: "Bizim tərəfimizdən keçirilən tədbirlər ünvanlı və təsirli olmalıdır. Təbii ki, parlamentlərarası əlaqələr üzrə işçi qruplar da öz növbəsində proseslərin içindədir. Tovuz istiqamətində baş vermiş erməni təxribatı ilə əlaqədar Azərbaycan-Litva parlamentlərarası dostluq qrupunun rəhbəri kimi, Litvanın ölkəmizdəki səfiri ilə danışıqlarım olub. Hadisələrə operativ münasibət bildiririk. Bu gün Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin videokonfrans vasitəsilə müşavirəsi keçiriləcək. Təbii ki, fikirlərimizi, təkliflərimizi səsləndirəcəyik. Ümumi bir mövqedən çıxış etmək üçün rəhbərliyə təkliflərimiz verəcəyik. İstər qanunvericilik orqanı, icra və yaxud vətəndaş cəmiyyəti institutları, istərsə də diaspor nümayəndələri, sadə vətəndaşlar ümummilli məsələlərdə hər kəs öz üzərinə düşəni etməlidir. Bizim bir vətənimiz var, o da Azərbaycandır, onu qorumalıyıq”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər