28 Oktyabr 00:14
4 228

Azərbaycanın mövqeyi bundan ibarətdir ki, Ermənistan hərbi birləşmələri işğal etdiyi torpaqlarımızdan çıxmalıdır və ölkəmizin ərazi bütövlüyü təmin olunmalıdır. Ölkəmizin mövqeyi beynəlxalq hüquqa əsaslanır və biz BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə istinad edirik. Prezident İlham Əliyev bugünlərdə Fransanın “Figaro” qəzetinə və ABŞ-ın “Fox News” televiziyasına müsahibələrində də real həqiqətləri bir daha dünya ictimaiyyətinə çatdırdı.

Bu fikirləri Teleqraf.com-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

O qeyd edib ki, dövlətimizin başçısı həm xarici kütləvi informasiya vasitələrinə müsahibələrində xalqımızın prinsipial mövqeyini qətiyyətlə ifadə edib: “Cənab Prezidentin qeyd etdiyi kimi, biz ədalətin bərpa olunmasını, işğal olunmuş torpaqlarımızın geri qaytarılmasını istəyirik. Artıq 30 ilə yaxındır ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk qrupu formatında danışıqlar aparılır. Azərbaycanın bu dövrdə danışıqlar prosesində iştirak etməsi və daim konstruktiv mövqe ortaya qoyması ölkəmizin və xalqımızın sülhə sadiqliyinin ifadəsidir. Azərbaycan həmişə birmənalı şəkildə bəyan edib ki, aparılan danışıqlar substantiv nəticələrə hesablanmalıdır. Ancaq danışıqlar prosesinin əhatə etdiyi 30 ildə ümidlər boşa çıxıb. Sülhsevər Azərbaycan xalqı danışıqlara inanıb, beynəlxalq birliyə etibar edib”.

Millət vəkili vurğulayıb ki, BMT Təhlükəsizlik Şurasının zəbt olunmuş əraziləri qeyd-şərtsiz azad etməsini özündə ehtiva edən 4 qətnaməsi 27 ildir ki, kağız üzərində qalıb: “Ermənistan müxtəlif təxribatlar vasitəsilə danışıqlar prosesini faktiki olaraq pozub. Bu yaxınlarda isə Ermənistanın baş naziri Paşinyanın “münaqişənin diplomatik yolla həlli yoxdur” deməsi bir daha qarşı tərəfin təcavüzkar xislətinin göstəricidir”.

Deputatın sözlərinə görə, dövlətimiz işğala məruz qalan torpaqların geri qaytarılmasında prinsipial yanaşmadan çıxış edir və buna tam haqqı var: “Ermənistan isə yenə də humanitar atəşkəs razılaşmasını pozur. Əgər belə davam edərsə, təbii ki, Azərbaycanın haqqıdır ki, düşmənə cavab versin”.

Ermənistanın işğalçı dövlət olduğunu və müharibəni də məhz onun başladığını bildirən S.Fətəliyeva deyib ki, bu faktı beynəlxalq birlik də yaxşı bilir. “Ermənilər işğal etdikləri Azərbaycan ərazilərində qanunsuz məskunlaşdırma aparıblar. Eyni zamanda, hər vəchlə torpaqlarımızdan azərbaycanlı izini silməyə çalışıblar. İndiyədək beynəlxalq birlik, ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanın azğınlığına biganə yanaşıb. Azərbaycanın haqlı tələblərinə məhəl qoymayıblar. Bu günə kimi Azərbaycanın haqlı tələbləri qarşı susqunluq nümayiş etdirənlər indi sadəcə atəşkəs təklif edir. Əslində isə, müharibənin dayandırılması üçün sadə bir formula var. Bu da ondan ibarətdir ki, erməni silahlı qüvvələri işğal etdiyi torpaqlarımızdan çıxmalıdır. Belə olarsa, daha atəşkəsin pozulmasına da ehtiyac olmayacaq. Çünki işğalçı qoşunlar torpaqlarımızda olmayacaq və problem sülh yolu ilə həll olunacaq”.


Müəllif: Tapdıq Qurbanlı