Rusiya Prezidenti Vladimir Putin obyektiv və ədalətli fikirlər səsləndirdi. V. Putin bu bir ay ərzində bir neçə dəfə də Qarabağla bağlı oxşar fikirlər bildirib. Onun yanaşması bundan ibarətdir ki, Azərbaycan öz ərazisi daxilində müharibə aparır. Təbii ki, bütün dünya erməniləri bundan narahat olub.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.
Millət vəkili bildirib ki, Azərbaycan münaqişənin həlli ilə bağlı səslənən ilkin formatları özü təmin edib:
“Ona görə də artıq bu formatın qüvvədə olması mümkün deyil. Azərbaycan ərazilərinin xeyli hissəsini artıq işğaldan azad edib. Bu baxımdan Dağlıq Qarabağın statusu ilə bağlı məsələdə V.Putinin mövqeyi də tam reallığı əks etdirir. Çünki Dağlıq Qarabağla bağlı hansısa bir fikir bildirmək Azərbaycanın daxili işinə qarışmaq olardı. Azərbaycan Rusiyanın, Fransanın, Almaniyanın və digər dövlətlərin daxili işlərinə müdaxilə etmir. Azərbaycan hansısa bir ölkədə kompakt şəkildə yaşayan milli azlıqlara status, muxtariyyət və digər imtiyazlar tələb etmir: Ona görə də ölkəmizə qarşı belə tələblərin olması qəbul olunmur. Ermənilər bundan sonra Dağlıq Qarabağda yaşamaq istəyirlərsə Azərbaycan qanunlarına riayət etməlidirlər".
Deputat qeyd edib ki, Azərbaycanda Dağlıq Qarabağ adlı inzibati ərazi vahidi deyilən bir anlayış yoxdur:
“1991-ci ilin noyabrın 26-da ali sovetin qararı ilə bu inzibati vahidlik ləğv edilib. Qarabağ sadəcə olaraq Azərbaycanın bölgələrindən biridir. Necə ki, Cənub, Şimal, Qərb bölgəsi olduğu kimi Dağlıq Qarabağ bölgəsi var. Orada isə inzibati rayonlar mövcuddur. Ona görə də bu ərazidə heç bir muxtariyyətdən söhbət gedə bilməz”.
Elman Məmmədovun fikrincə, Qarabağda az sayda yaşayan bir erməni toplumuna görə, o əraziyə muxtariyyət vermək doğru yanaşma deyil.