24 Fevral 2021 09:23
10 242
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyalı rejissor, aktyor və televiziya aparıcısı, ssenarist, prodüser, bir sıra telelayihələrin müəllifi, milliyyətcə erməni olan Tiqran Keosayan bu yaxınlarda “Sputnik Ermənistan”a geniş müsahibə verib. Müsahibədə iki məqam xüsusilə diqqət çəkir.

Teleqraf.com bildirir ki, birinci məqam Azərbaycan Prezidentinin ermənilərlə azərbaycanlıların dinc yanaşı yaşaması fikri ilə bağlıdır. Kinorejissor qeyd edib ki, o, Azərbaycan Prezidentinin sözlərini propaqandist bəyanat kimi qəbul etmir, bu, reallıqdır. “Mən azərbaycanlı oğlanların nənəmin İrəvandakı Opera Teatrının yaxınlığında yerləşən həyətindəki skamyalarda necə yatdığını mükəmməl xatırlayan nəslin nümayəndəsiyəm. Onlar baqqal mağazalarına meyvə gətirirdilər. Biz onlarla söhbət edirdik, bir-birimizdən siqaret alırdıq. Xatırlayıram, orduda mənim taqımımda iki azərbaycanlı, üç gürcü, bir erməni, çeçenlər, ruslar var idi. Bu vahid bir ölkə idi: heç kimin heç kimdən milliyyətini soruşmadığı bir ölkə”.

Tiqran Keosayan qeyd edir ki, şəxsən onun üçün milliyyət ön planda deyil və onun azərbaycanlı dostları var: “Əlbəttə, mənim azərbaycanlı dostlarım var. “Parni iz Baku” Şən və Hazırcavablar Klubunun uşaqları… Həm də təkcə onlar yox, başqa şəhər uşaqları ilə dostluğumuz var. Əgər normal insanların olduğunu düşünə bilmirsinizsə, özünü asa bilərsiniz. O zaman hamı hər kəslə müharibə edərdi”.

Müsahibədə diqqət çəkən bir məqam da var. Tiqran Keosayan praktik olaraq əmindir ki, 27 oktyabr 1999-cu ildə Ermənistan parlamentinin binasında törədilən terror aktı zamanı öldürülən Karen Dəmirçiyan hakimiyyətə gəlsəydi, o, Heydər Əliyevlə razılığa gələ bilərdi. “Çünki onlar köhnə tanışlar idilər. Hər ikisi Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü idi. Onlar bu problemi ilkin mərhələdə həll edə bilərdilər. Onlar hər ikisi siyasətçi idi. Və indiyədək situasiya normal olardı, çünki hamı sülhün hər iki ölkənin maraqlarına cavab verdiyini başa düşürdü. Yeri gəlmişkən, Karen Dəmirçiyanın hakimiyyətə gəlməsi mümkün idi, çünki o, parlamentin sədri idi”.

Bəs ulu öndər Heydər Əliyevlə 1974-1988-ci illərdə Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olmuş Karen Dəmirçiyan arasında münasibətlər necə olub? Gəlin, bu münasibətlər barədə ulu öndərin özünün söylədiyi sözləri xatırlayaq. Xatırladaq ki, ümummilli lider bu fikirləri Cenevrə Demokratiya Quruculuğu İnstitutunun “Medianın dəstəklənməsi” layihəsi çərçivəsində Bakıda keçirilən konfransın iştirakçısı olan Gürcüstan və Ermənistan jurnalistlərini 1 iyul 1999-cu ildə Prezident Sarayında qəbul edərkən söyləyib.

Bu görüş zamanı Ermənistandan olan jurnalist Vəhram Ağacanyan soruşub: "Heydər Əliyeviç, Siz Karen Seropoviç Dəmirçiyanın bizim parlamentin sədri seçilməsini (Karen Dəmirçiyan haqqında bəhs edilən görüşdən cəmi 20 gün az öncə – iyunun 10-da Ermənistan parlamentinin spikeri seçilmişdi – S.Həmid) necə qəbul edirsiniz? Və Siz ümumiyyətlə, münaqişənin nizamlanması kontekstini onun şəxsiyyəti ilə əlaqələndirərək hansısa ümid bağlayırsınız"?

Ulu öndər suala cavab olaraq deyib: "Bilirsiniz, biz suveren dövlətlərik, xalqların seçiminə hörmət etməliyik. Mən bu mövqedən çıxış edirəm. İndiki məqamda hesab edirəm ki, erməni xalqı Karen Seropoviç Dəmirçiyanı Ermənistan parlamentinin sədri seçərək ona böyük etimad göstərib. Bundan əvvəl o, prezident seçkilərində yarışdı, biz mətbuat vasitəsilə onun çoxlu səs topladığını bilirdik. Məncə, o, Robert Köçəryanla ikinci tura keçdi. Düzdürmü, hə? Bu nədən xəbər verir? Bu, onun siyasi populyarlığından, münasibətlərindən və xalqın ona inamından xəbər verir. Mən buna qoşuluram. Xalqın iradəsi hər şeydən üstündür.

Karen Seropoviç Dəmirçiyana gəldikdə isə onu çoxdan tanıyıram. Mən 1969-cu ildən Azərbaycanda Mərkəzi Komitənin birinci katibi işləməyə başlamışam. Üç il sonra – 1972-ci ildə Eduard Amvrosiyeviç Gürcüstanda, daha iki il sonra – 1974-cü ildə Karen Seropoviç Ermənistanda Mərkəzi Komitəsinin birinci katibi seçildi. Və deməliyəm ki, biz çox yaxşı əməkdaşlıq edirdik. Çox yaxşı. Bir-birimizə kömək edirdik, başa düşürsünüz, ünsiyyət qururduq.

Ermənistandakı görüşlərimi xatırlayıram. Məni necə entuziazmla, necə hörmətlə qəbul etdilər, həm də təkcə rəsmi şəxslər yox. Mən kollektivlərdə, zavodlarda, fabriklərdə olmuşam. Yadımdadır, bir dəfə Eduard Şevardnadze, Karen Dəmirçiyan və mənim iştirakımla ayaqqabı fabrikinin ərazisində möhtəşəm mitinq keçirildi. Biz çıxış etdik, Zaqafqaziya xalqlarının dostluğundan danışdıq. Karen Seropoviç burda, Azərbaycanda dəfələrlə olub.

Xalq onu böyük hörmət hissi ilə qarşılayırdı, odur ki, həyatın bu səhifələrini unutmaq olmaz. Biz o zaman çox şey etdik. Siz gənclər mütləq bilməlisiniz: biz o zaman indi respublikalarımızın müstəqil yaşamalarına imkan verən elmi, iqtisadi, mədəni potensial əldə etmələri üçün çox şey etdik. Bunda insanların, o cümlədən hesab edirəm ki, Ermənistanda Karen Dəmirçiyanın da xidmətləri var. Və yəqin ki, insanlar bunu unutmurlar. Başqa necə ola bilər? Baxın, o, 1988-ci ildə siyasi arenanı tərk etdi. On bir il sonra – 1999-cu ildə insanlar birdən ona böyük etimad göstərdilər. Bu o deməkdir ki, unudulmayıb. Bu da qanunauyğun və düzgündür".

Nüvə energetikası sahəsi üzrə sovet və rus alimi, vitse-admiral, Rusiya Elmlər Akademiyasının akademiki, Rusiya Federsiyası Hökumətinin elm və təhsil sahəsində mükafatının laureatı Aşot Sərkisov isə 2012-ci ildə Moskva nəşr olunan memuar xarakterli “Xatirələr. Görüşlər. Düşüncələr” kitabında Karen Dəmirçiyanla onun faciəvi ölümündən az öncə – 1999-cu ilin avqustunda İrəvanda keçirdiyi görüş barədə yazır:

“Bizim söhbətimizin xüsusi mövzusu Dağlıq Qarabağ oldu. Bunun Karen Seropoviçin həm də şəxsi ağrısı olduğu hiss olunurdu. O, Qarabağ probleminin mümkün həll yollarından bəhs edirdi, lakin onların heç biri asan və aşkar görünmürdü. Çox şey yalnız o dövrdə hökm sürən iqtisadi, siyasi və hərbi şərtlərdən deyil, həm də bu münaqişəyə cəlb olunmuş konkret siyasi liderlərdən asılı idi. Bu baxımdan Karen Seropoviçin Azərbaycan lideri Heydər Əliyeviç Əliyev haqqında söylədiyi fikri xatırlayıram. Mənim bildiyim qədər onlar heç vaxt xüsusi dostluq münasibətlərində olmayıblar, ancaq Karen Seropoviç Heydər Əliyeviç faktoruna sözsüz ki, pozitiv yanaşırdı. O düşünürdü ki, Qarabağ problemini yekun həll etmək mümkün olmasa belə, istənilən halda Heydər Əliyeviçlə birgə sülhü və danışıqlar aparılması imkanını qorumaq olar”.

P.S. Aşağıda Azərbaycan və Gürcüstan liderlərinin İrəvanda olduğu zaman çəkilən bir neçə foto təqdim olunur. Bu fotolar 1981-ci, yaxud 1982-ci ildə çəkilib. Belə ki, ulu öndər Heydər Əliyev 1982-ci ilin noyabrın 22-də Sov.İKP MK-nın Siyasi Bürosunun üzvü seçilib, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin olunub. Həmin dövrdən etibarən ulu öndərin həyatının Moskva dövrü başlayıb.

Eduard Şevardnadze və Heydər Əliyev İrəvana Qırmızı Bayraqlı Zaqafqaziya Hərbi Dairəsi Hərbi Şurasının iclası ilə əlaqədar olaraq gediblər. Onlar öz vəzifələrinə uyğun olaraq Hərbi Şuranın üzvü idilər. Bu iclaslar növbə ilə üç respublikanın paytaxtında keçirilirdi.


Müəllif: Səxavət Həmid