19 İyun 2021 14:40
983
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sosial Tədqiqatlar Mərkəzinin idarə heyətinin sədri, Milli Məclisin deputatı Zahid Oruc Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Zahid müəllim, Şuşa Bəyannaməsini müasir Azərbaycan tarixində, iki qardaş ölkə arasındakı münasibətlərdə regionun yeni xarakterinin müəyyənləşməsi kimi dəyərləndirmək olarmı?

- Qardaş Türkiyə dövlətinin rəhbəri cənab Rəcəb Tayyib Ərdoğanın Azərbaycan səfəri ilk növbədə zamana görə dəyərləndirilməyə layiqdir. Ondan başlayaq ki, səfər haqqında məlumatlar son iki ayın informasiya vasitələrində özünə geniş diqqət qazanmaqdaydı. Bununla bərabər səfərin may ayında gerçəkləşmədiyini gördük. Deməli, önəmli olan nüans indi artıq hamımıza bəlli olan Şuşa Bəyannaməsinin məhz dünyada dövlət rəhbərlərinin, əsas qlobal güclərin görüşlərinin keçirildiyi NATO zirvə sammiti dövrü ilə eyni silsilədə gerçəkləşdirmək niyyətidir. Məqsəd baş tutdu.

Həqiqətən də, Azərbaycandakı bu tədbir özünün əhəmiyyətinə görə Brusseldəki NATO zirvəsinin sanki davamı kimi göründü. Burada çoxlu bağlar, əlaqə xətləri axtaranlar bir çox amilləri qabardırlar. Nəzərə almalıyıq ki, Türkiyəinin bir sıra Qərb dövlətləri ilə münasibətlərində son illər müxtəlif səbəblərdən problemlər özünü açıq göstərməkdədir. Böyük Britaniyanı çıxmaq şərti ilə Fransa, Almaniya, o cümlədən Yunanıstan, ilk növbədə isə dünya siyasətini müəyyən edən əsas dominant güc olan ABŞ-la münasibətlər özünün xeyli dərəcədə aşağı səviyyəsinə düşmüşdü.

Bu, bir sıra hallarda konfrantasiya xarakteri daşıyırdı. Bunlar da müxtəlif sahələrdə özünü getdikcə dərinləşdirməkdə idi.

İlk növbədə Türkiyənin Yaxın Şərq siyasətinə ABŞ-ın münasibəti, bu sırada Suriyada himayə olunan kürd yaraqlılarını silahlandırması və maliyyələşdirməsini qeyd etmək olar. Əsas ağrılı məqam bu idi. Halbuki zamanında rəsmi Ankara Vaşinqtonun əsas partnyoru, müttəfiqi kimi çıxış edirdi. İlk dövr İŞİD təhlükəsi yaranarkən bu belə görünürdü. Lakin sonrakı dövrdə yollar ayrıldı. Yaxın Şərqdə yeni siyasi arxitektura qurmaq istəyən və bunu Türkiyəinin əraziləri, separatizm hesabına meydana gətirmək siyasətində təəsüf ki, açıq görünürdü.

Ona görə də, Brussel səfəri və NATO zirvəsində Türkiyə dövlətinin mövqelərinin yeni bir mərhələyə daşınması avtomatik olaraq Azərbaycanın mənafeləri üçün də çox əhəmiyyətli idi.

Digər tərəfdən cənab Ərdoğanın dilindən, eləcə də digər dövlət rəhbərləri tərəfindən xüsusi ilə də Bayden-Putin görüşündə Qarabağ məsələsinə müəyyən bir yer veriləcəyi mesajları ortada idi. Bu dəfə Azərbaycan müstəqillik qazandıqdan keçən dövr ərzində ilk dəfə öz qələbəsi ilə beynəlxalq gündəliyə daşınmışdı. Onun legitimliyinin qəbulu, dünya tərəfindən tanınması, regionda sadəcə Ermənistan və Azərbaycan arasında müəyyən bir etimadyaradıcı və yaxud siyasi, diplomatik münasibətlərin bərqərar edilməsi yönündə addımlar gözləntisidir.

Daha nəticələri təftiş etmək və onu geriyə qaytarmaq yönündə hər hansı addımlar arzuolunmaz sayılacaqdı. Fransa, Türkiyə, Fransa Azərbaycan münasibətləri son aylar özünün xüsusi dramatikliyi ilə seçilməkdədir.

- Cənab Ərdoğanın da qatıldığı NATO-nun son zirvə toplantısı Azərbaycan üçün hansı amillərlə yadda qalan oldu?

- Dünyada özünün xarizması, siyasi liderlik keyfiyyətləri ilə xüsusi seçilən, buna görə də çox böyük nüfuz və hörmət qazanan Ərdoğan mətbuat konfransının sonunda “mən buradan birbaşa Azərbaycan gedirəm, səfərim oradır" deyə mesajini da təsadüfi verməmişdi. Avtomatik olaraq sanki səhnə bütövləşmiş, birləşmişdi. Həqiqətən də tarixi bir hadisə məhz bu dövrə düşdü.

Digər tərəfdən 15 iyun 90-cı illərdən xalqımızın həyatında bir xilas tarixinə malik olduğu üçün ulu öndərə bir ehtiramdır. Cənab Ərdoğan kimi güclü bir lider ulu öndər Heydər Əliyevin yalnız Azərbaycana deyil, dünyaya məxsus olduğunu və onun böyük bir irsə, mirasa malik şəxsiyyət kimi tanındığını, ona ehtiramla yanaşdığını nümayiş etdirdi. Azərbaycan xalqının həmin dövrdə apardığı mübarizə bu qurtuluş səlnaməsinə münasibəti ifadə edirdi.

Təsadüfi deyil ki, bir çox türk elitası, siyasi təmsilçilər və media nümayəndələri tərəfindən 44 günlük zəfərin özünü də qurtuluş hadisəsi kimi dəyərləndirildiyi məhz bununla bağlıdır. Tükiyə xalqının həyatında olan mübarizə ilə Azərbaycan xalqının həyatında olan mübarizə arasında dərin bağlar, mənəvi əlaqələr məhz buradan qaynaqlanır.

- 15 iyun Milli Qurtuluş tarixi olmaqla bərabər bundan sonra Azərbaycan tarixində həm də yeni bir dövrün başlanğıcı kimi dəyərləndirilə bilərmi?

- Bəli, bu gün tariximizə Şuşa tək mədəniyyət, mənəviyyat, qüdsiyyət, müqqədəslik paytaxtı deyil, eləcə artıq siyasi bir paytaxtdır. Həm də dövlət rəhbərlərinin qarşılandığı bir siyasi məkandır. Şuşanın Bakı ilə sözün yaxşı mənasında paralellik təşkil edən bir paytaxt rolunda çıxış etdiyini görürük. Cənab Ərdoğan Bakıda rəsmi nümayəndələrimiz tərəfindən qarşılanmağına rəğmən görüşlər buradan başlamadı. Görüşlər məhz Ali Baş Komandanın son 7 ayda səfərlərinin əsas ağırlıqlı dərəcədə özünə cəlb edən azad torpaqlarımızdan başlandı.

Füzulidə artıq strateji məna daşıyan yolların, kommunikasiyaların bərpası və ordularımızın hərəkət etdiyi marşurutlar üzrə bu görüşlərin başlandığını gördük. Məsələnin hər bir aspektində çox böyük bir tarixi nəticələr var.

İndi artıq qalib liderlər, yəni 44 günlük müqəddəs savaşı tarixə həkk edən iki şəxsiyyət, eləcə də öz ordularının izi ilə onlara verdikləri əmrlərin yolu ilə qələbənin paytaxtı olan Şuşada tarixi görüş keçirildi. Burada bir çox simvolik məna daşıyan məsələlər də müşahidə olundu.

- Şuşa bəyannaməsində hansı məsələlər əks olunub?

- Bölgənin gələcəyi ilə bağlı, hərbi təhlükəsizlik, siyasi, o cümlədən iqtisadi məsələlər də Şuşa bayannaməsində əksini tapıb. Bu, həqiqətən də böyük bir məna daşıyır. Həmin sənədin girişində dünyada cümhuriyyət quruculuğuna görə irs, salnamə yaratmış qazı Mustafa Kamal Atatürkün və ulu öndər Heydər Əliyevin adının qeyd olunması sanki iki şəxsiyyət arasında xəyali bir birliyi özündə ehtiva edib. Bu o mirasın davamlılığı üçün çox böyük önəm daşıyır.

- Qars müqaviləsinə istinadla bağlı Şuşa Bəyannaməsində hansı müddəalar əks olunub?

- Qars müqaviləsinin 1921-ci ilin oktyabr ayında imzlanması faktiki olaraq Naxçıvanı, onun timsalında Azərbaycanın sovet dövləti tərkibində sonrakı 70 il bir dövlətçilik kimi formalaşmasını mümkün etdi. Müxtəlif xarici əllərin, xüsusi ilə də Antantanın I dünya müharibəsindən sonrakı dövr Osmanlı imperiyasının çöküşü, Türkiyə və Azərbaycan əraziləri hesabına bu bölgədə yeni bir siyasi subyekt təsis etmək istəyən dairələrə qarşı çox böyük təsiri oldu.

90-cı illərdən sonra da Türkiyə amili həmişə Naxçıvanın qoruyucu qüvvəsi kimi çıxış edib. Bu mənada Qarabağ üçün Qars modeli görünməkdədir.

Hər iki dövlət rəhbəri burada bizi üçüncü qüvvələrdən hücüm olarsa, mütləq biri digərinə köməyin işə düşəcəyi mümkün olacaq. Bu, bir mütəffiqlik sazişi, hərbi müttəfiqllik paktıdır. Bəyannamə eyni zamanda siyasi müttəfiqlik müqaviləsidir. Özü-özlüyündə bu, qəti bir şəkildə hər hansı bir üçüncü dövlətə qarşı yənəlməyən hadisədir. Çünki bölgədə müxtəlif dövlətlər arasında ikitərəfli bu xarakterli sazişlərə baxsaq görərik ki, ərazilər ələ keçirmək, hər hansı formatda yeni birliklər meydana gətirmək, burada əsla belə bir hal yer almayıb. Əksinə, Şuşa üzərindən Ermənistana barmaq silkələnmədi, buna lüzum yox idi.

Faktiki olaraq Azərbaycan və Türkiyə xalqlarının əhali sayı rəsmi olaraq 90 milyondan artıqdır. Yəni, 100 milyona yaxındır. Onun alt qatında az qala bir milyona qədər əsgər gücü özü-özlüyündə Ermənıstanı görməzdən gəlməyə imkan yaradan bir hadisədir. Ona görə də, Qars müqaviləsi modelinin Qarabağa tətbiqi avtomatik olaraq bu məsələnin tamamilə həlli ətrafında müxtəlif xəyal quran dairələrə qarşı mesajın verilməsi, həmçinin Ermənistanın müstəqillik qazandığı və Qarabağ hərəkatında rol oynayan birinci prezidenti Levon Ter-Petrosyanın elə bu günlərdə “real faktı tanımağa məcbursunuz. Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi beynəlxalq aləmdə qəbul olunur və bu belə də qalacadır” söyləməsi təsadüfi deyil.

Bununla da öz xalqını reallıqla barışmağa, həm də gələcək faciələrdən qorumağa xidmət edən addımlar da Türkiyə-Azərbaycan liderlərinin birgəliyi hesabına mümkün olub.

- 2021-ci il Şuşa Bəyannaməsini 2009-cu ildə imzalanmış Strateji Tərəfdaşlıq Şurasının davamı hesab etmək nə dərəcədə düzgün yanaşmadır?

- 2009-cu ildə Azərbaycanla Türkiyə arasında Strateji Tərəfdaşlıq Şurası təsis edilərkən bu, 90-cı illərdə Türkiyənin bölgədə istənilən bir hərbi addıma görə region dövlətləri və hətta əsas dairələrin özünün belə qardaş ölkəyə qısqanclıqla yanaşıldığı müşahidə olunurdu. Məhz cənab İlham Əlyev və Ərdoğanın liderliyi altında bu illər ərzində regionda tamamilə yeni münasibətlər sistemi, geopolitik bir düzən formalaşıb.

Vətən müharibəsində qələbə isə hər iki dövləti gücləndirib. “Azərbaycanın gücü bizim gücümüzdür, Türkiyənin gücü isə Azərbaycanın gücüdür” formulu yeni bir strateji münasibətlərin, yeni bir epiqrafi, ideologiyasi kimi çıxış edir. Burada 6 dövlətə edilən bir çağırış var.

Cənab Ərdoğanın dilindən “Ermənistan bu uzanan əli geri qaytarmamalıdır. Bu tarixi fürsəti dəyərləndirməlidir” kimi mesaj da məhz Şuşadan səsləndi. Həqiqətən də ötən illər ərzində Şuşanın Paşinyanın dili ilə desək “nisgilli bir məhəlləyə, arxa dəhlizə, dağılmış bağçaya” çevirənlər bu gün onun əsl sahibinə qayıtdıqdan sonra bizim üçün mənəvi tamamlanma, siyasi bütövlük, eyni zamanda dövlətçiliyimiz üçün misilsiz bir önəmini görməkdəyik.

Faktiki olaraq cənab Prezident İlham Əliyev Azərbaycanı hazırda Şuşa üzərindən idarə edir. Bu, tarixi bir hadisədir. Sanki tarix özünün yazılmalı olduğu abzasından başlayır. Yəni, 1991-ci ildə müstəqilliyimiz əldə edildikdə məhz Şuşa indiki əhəmiyyətini daşımış olacaqdı. Lakin bəlli hadisələr, Azərbaycana qarşı həyata keçirilən işğalçılıq siyasəti bu prosesi 27 il yubatmış oldu. Ona görə də, deyirlər ki, tarixi liderlər yaradır və həm də yazırlar...

- Bəyannamənin regionun gələcəyinə təsiri nə dərəcədə əhəmiyyətli olacaq?

- Artıq Şuşa bəyannaməsi regional faktor kimi çıxış edəcək. Burada istər İranın, istər Rusiyanın, o cümlədən Gürcüstanın mövqeyi elə bir formada inkişaf edəcək ki, onlar nəhayətdə burada öz mənafelərinə zidd bir mövqe tapmayacaqlar. Söhbət hər hansı hərbi baza statuslu fəaliyyətdən getmir. Amma bundan da üstün bir hadisədən bəhs olunur. Ona görə də, bu gün ilk növbədə İrəvanda bunu dərk edirlər. Beynəlxalq aləm də bununla hesablaşmağa məcburdur. Hər iki liderin görüşünü və orada bir çox rəmzi məna daşıyan məqamlara da keçmək olar.

- Cıdır düzündə verilən birlik, türklük mesajını necə şərh etmək olar?

- Cıdır düzündə əsrlərdir bizə məxsus olan varlığımızın toyu-busatını, iki qalib liderin timsalında onların qarşından keçən qalib əsgərlərin bir daha hərbi raportunu, o cümlədən Qarabağ atının türk liderinə bağışlanması, ona Şuşanın və Qarabağın simvolu olan “Xarı bülbülün” həddiyə edilməsi, Qarabağ kompozisiyası və onun mədəni-mənəvi, ruhi xarakter daşıyan, eyni zamanda siyasi məna kəsb edən səslənişi, bütövlükdə isə hərbi təhlükəsizliyimiz üçün önəmli addımları görmüş olduq.

Əminəm ki, yüz il sonrakı dövr üçün də Şuşa bəyannaməsi özünü regional və milli dövlətçilik mənasında əhəmiyyətini göstərəcək. 11 səhifədən ibarət sənədin hər bir maddəsinin işləklik qazanması Azərbaycan və Türkiyənin bir dövlət təfükkürü anlayışı ilə addımlar atmasını, qələbəni iqtisadiyyata, siyasətə daşımasını mümkün edəcək.

- Zəngəzur dəhlizinin açılması barədə Şuşadan verilən mesajın əhəmiyyətini necə dəyərləndirmək olar?

- Zəngəzur dəhlizi ilə bağlı Azərbaycan və Türkiyə liderinin eyni leksikonda, eyni dildə danışması öz-özlüyündə sübüt edir ki, Ermənistan faktiki olaraq beynəlxalq hüququn obyekti durumuna düşüb. Bunu onların rəhbər şəxsləri açıq şəkildə bəyan edir. Əgər 90-ci illərin ortalarında ulu öndər Heydər Əliyevin əli ilə və onun diplomatik siyasi gücü ilə Qarabağ icması adında qüvvənin danışıqlardan kənarlaşdığını gördüksə, indiki reallıqda Ermənistan burada subyekt olmaq imkanını itirib.

Bu məsələ üçüncü, dördüncü dövlətlərin masasında Ermənistanın özünün iştirakı olmadan həll olunmaqdadır. Bu mənada artıq Zəngəzur dəhlizi beynəlxalq layihəyə çevrilməkdədir.

Azərbaycan liderinin strateji gücü ondan ibarətdir ki, "qələbə sadəcə məhdudlaşsın, qalsın, 90-cı illər ermənilərin o sindromu bizdə də təkrarlansın" yanaşması mövcud deyil. Qələbəni öz sərhədlərimizdə buxovlayıb saxlayaq, yalnız bizim olsun deyil.

Bölgədəki açılım hamının faydasına işləyəcək. Burada yeni bir doktrina hamı qazansın prinsipini özündə əks etdirir, bu gün ABŞ-Trans-Avropa sisteminə tətbiq olunmuş doktrina sanki miqyasca fəqli regional və bir neçə qitəni birləşdirən səviyyədə həyata keçirilir.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər