26 İyun 2021 09:16
662
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şanlı Ordumuzun yaradılması münasibəti ilə bütün hərbçilərimizi təbrik edirəm. Ordumuzun yaradılmasının bəlli bir tarixi var. Çar Rusiyası tərəfindən Azərbaycanın Şimal torpaqları işğal edilib, ilhaq olunandan sonra azərbaycanlılar türk və müsəlman olduqları üçün hərbi xidmətə çağrılmırdılar. Beləliklə onlar həm silahla davranmağı bilmirdilər, həm də xidmət etmədikləri üçün vergi ödəyirdilər. Buna baxmayaraq Azərbaycanlılar çar ordusunda xidmət edirdilər, yüksək rütbələrə qalxmışdılar. Əliağa Şıxlinski rus artilleriyasının “atası” adlanırdı. Məşhur suvari polkunun komandiri Hüseyn xan Naxçıvanski və digər generallarımız vardı

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı, professor Musa Qasımlı deyib.

O bildirib ki, I Dünya müharibəsinin gedişində müsəlman diviziyası adlanan “Dikaya diviziya” mövcud idi:

“Onlar döyüşlərdə ad çıxarmışdılar. Müharibənin gedişində Rusiyada monarxiya, imperatorluq devrildi. Müvəqqəti hökumət yarandı. Bolşeviklər müvəqqəti hökuməti devirdilər. Bir neçə müddət sonra Azərbaycan xalqı dövlət müstəqilliyini elan etdi. O zaman ordu yox idi və Azərbaycan “Dikiya diviziyasından” ordu təşkil edildi. 1918-ci ilin iyunun 28-də Milli Ordunun yaradılması haqqında qərarlar qəbul edildi. İnsanlar hərbi xidmətə çağrıldılar. Ordunun nüvəsində 600 nəfərlik “vəhşi diviziya” dayanırdı. Bu korpusun da komandanı Azərbaycanın görkəmli hərbi xadimi Əliağa Şıxlinski, Səməd bəy Mehmandarov və digərləri yer alırdılar. Qısa müddət ərzində ordu formalaşdırıldı. Lakin 1920-ci ilin aprelində bolşeviklər Azərbaycanı işğal etdikdən sonra ordunun da taleyi çox acı oldu. Bu ordu hissələri Gəncədə qiyam qaldırdı. 1920-ci ilin mayın sonlarında olan qiyam məğlub oldu. 20-ci illərin sonlarında sovet hakimiyyəti Azərbaycan diviziyasına qarşı represiyya həyata keçirdi. Generallar və yüksək rütbəli hərbçilər repressiya qurbanı oldular”.

Professor xatırladıb ki, II Dünya müharibəsinin gedişində azərbaycanlılar sovet ordusu cərgələrində döyüşürdülər:

“Bir neçə diviziyalar yaranmışdı. Onlardan da biri 416-cı Toqonrok diviziyası idi. Berlinə qədər bir yol keçmişdi. Hətta bu diviziya Reyxstaqın önündə paradda olmuşdu. Əgər çarizm azərbaycanlıları hərbi xidmətə çağırmırdısa sovet dövləti azərbaycanlıları hərbi xidmətə çağırırdı. Amma onların böyük əksəriyyəti tikinti batalyonlarında xidmət edirdi. Hərbi xidmətə çağırılan azərbaycanlıların təqribən 15 faizi döyüş hərbi hissələrində xidmət edirdi. Qalan 85 faizi tikinti batalyonlarında hərbi ximətlərini keçirdilər. Bu sterotipi ilk dəfə olaraq Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev qırdı. Əfqanıstana sovet hərbi müdaxiləsindən sonra müsəlman respublikalarında hərbiçi kadrların hazırlığının vacibliyini sovet dövlət rəhbərləri başa düşdü. Azərbaycanda ondan əvvəl hələ, 70-ci illərin əvvələrində hərbi məktəb açılmışdı. Azərbaycanlılar daha çox hərbi döyüş texnikası olan hissələrdə xidmət etməyə başladılar”.

Musa Qasımlı qeyd edib ki, dövlət müstəqilliyinin ilk illərində Azərbaycanda pərakəndə vəziyyət idi:

“Ayrı-ayrı silahlı dəstələr mövcud idi və mütəşəkkil ordu qurmağın çoxlu problemləri vardı. Yenə ilk dəfə 1993-cü ilin iyununda ümummilli lider Heydər Əliyev hakimiyyətə gələndən sonra vahid ordu quruculuğu istiqamətində müəyyən işlər görüldü və böyük addımlar atıldı. İlk dəfə olaraq düşmənə qarşı uğurlu Horadiz əməliyyatı keçirildi. Azərbaycan Ordusunun tarixində ən şərəfli səhifə heç şübhəsiz ki, 44 günlük vətən müharibəsidir. Ali Baş Komandan cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu 30 il işğal altında olan torpaqları azad etdi. Qələbə, dövlət bayrağımızı işğaldan azad edilən bütün ərazilərdə o cümlədən milli-mənəvi dəyər kəsb edən mədəniyyət paytaxtımız olan Şuşada dalğalandırdı”.

Millət vəkili hesab edir ki, bu gün Azərbaycan Ordusu Ali Baş Komandanın diqqəti nəticəsində dünyanın 50 güclü ordusunun cərgəsindədir:

“Bir sıra beynəlxalq sülhməramlı əməliyyatlarda iştirak edir. Azərbaycan Ordusu bizim millətin bağrından çıxıb qürur mənbəyimizdir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər