24 İyul 2021 00:13
1 645
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Zelenski Poroşenkodan fərqli olaraq ölkəsinin maraqları naminə ABŞ-la hər məsələdə razılaşmağa meylli deyil”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Ukrayna ətrafındakı son gəlişmələrə diqqət çəkib:

“Ukraynada “ikinci Maydan” hərəkatı ölkənin Avropa İttifaqına sıx inteqrasiya uğrunda başlamışdı. Rusiya Ukraynanı cəzalandırmaq məqsədilə 2014-cü ildə Krımı ilhaq etdi. Bəs Ukraynanın ümid etdiyi Avropa nə etdi? Köhnə qitənin əsas ölkələrindən biri Almaniya Rusiyaya qarşı sözdə sanksiyalar qəbul etməklə yanaşı, Krımın ilhaqından bir il sonra, yəni 2015-ci ildə Rusiya ilə birgə “Şimal axını – 2” layihəsinin həyata keçirilməsiylə bağlı saziş imzaladı.

ABŞ Prezidenti Co Bayden Almaniya Kansleri Angella Merkellə razılığa gəlib ki, “Şimal axını -2” layihəsi başa çatdırılacaq. Rusiya istədiyini əldə etdi. Vaşinqton və Berlin Ukraynanı saya salmadı, Kiyevi sadəcə onda arxayın ediblər ki, bəs Rusiya “Şimal axını -2” layihəsindən təzyiq vasitəsi kimi istifadə etməyəcəyini vəd edib və Rusiya qazının bir hissəsi əvvəlkitək Ukrayna ərazisindən Avropaya çatdırılacaq. Rusiya vaxtilə Ukraynaya ərazi iddiası olmadığına dair sazişə də imza atmışdı, vədini yerinə yetirdimi?”.

Kiyevin müqavimətini davam etdirdiyini bildirən Elxan Şahinoğlu qeyd edib ki, Polşa da hissəsində bir qisim Avropa ölkəsiylə “Şimal axını – 2” layihəsinə qarşı mübarizəsindən əl çəkmir:

“Kiyev hətta ABŞ Konqresinə müraciət edərək, Rusiyaya qarşı sanksiyaların davam etdirilməsini xahiş edib. Kiyev bu yolla Amerikada Baydenin siyasətindən narazıları aktivləşdirmiş olur. Məsələ burasındadır ki, ABŞ-da respublikaçılar, hətta bəzi demokratlar Baydenin “Şimal axını – 2” layihəsinə razılaşmasını sərt tənqid edirlər. Ukrayna Prezidenti Vladimir Zelenski avqustun 30-da Vaşinqtona səfər edərək Ağ Evdə Co Baydenlə görüşəcək. Zelenski Poroşenkodan fərqli olaraq ölkəsinin maraqları naminə ABŞ-la hər məsələdə razılaşmağa meylli deyil”.


Müəllif: Mənsur Rəğbətoğlu