Xəbər verdiyimiz kimi daxili İşlər Nazirliti Milli Məclisdə Xaçmazı təmsil edən deputat Eldəniz Səlimovun polis əməkdaşını döyməsi faktını təsdiqləyib.
Teleqraf.com-un məlumatına görə, xəbər yayılandan deputatın özü və köməkçisi telefonları söndürüb.
İnsidentin detallarını dəqiqləşdirmək üçün Xaçmaz Rayon İcra Hakimiyyəti ilə əlaqə yaratdıq.
Xaçmaz İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçi Yaqut Məsimova Teleqraf.com-a hadisədən xəbərsiz olduğunu deyib: “Siz nə barədə soruşursunuz? Mənim bu məsələ barədə məlumatım yoxdur. Bizdə iki millət vəkili var, 55-56 saylıdır, hansını soruşursunuz? Eldəniz Səlimova nə olub? Mənim heç nədən məlumatım yoxdur. Mən mətbuat xidməti deyiləm, ona görə də heç bir cavab verə bilmərəm”.
Xatırladaq ki, iyulun 29-da Xaçmaz rayonunda Milli Məclisin deputatı Eldəniz Səlimov Xaçmaz Rayon Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin polis əməkdaşı Mirzəyev Zaur Cavanşir oğlunu döyərək ona xəsarət yetirib.