24 Sentyabr 2021 19:34
3 336
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova Dövlət Dumasına VIII çağırış seçkilərdə səsvermənin yekun nəticələrini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, hakim “Vahid Rusiya” Partiyası 450 mandatdan 324-ü alıb və konstitusion çoxluğu qoruyub.

Dövlət Dumasının yeni tərkibində yerlər belə sıralanıb:

“Vahid Rusiya” – 324 mandat (əvvəlki çağırışda 343 idi)

Rusiya Federasiyası Kommunist Partiyası – 57 mandat (əvvəl 42 idi)

“Ədalətli Rusiya – Həqiqət üçün” – 27 (əvvəl 23 idi)

Rusiya Liberal-Demokrat Partiyası – 21 (əvvəl 39 idi)

“Yeni insanlar” – 13

“Vətəndaş Platforması” – 1

“Vətən” – 1

“İnkişaf Partiyası” – 1

Namizədliyi özləri tərəfindən irəli sürülənlər – 5

Ella Pamfilova bildirib ki, MSK seçkiləri baş tutmuş hesab edib və onların nəticələri barədə protokolu imzalayıb.

Qeyd edək ki, Rusiyada seçkilər 17-19 sentyabr tarixlərində keçirilib. Dövlət Dumasının deputatları ilə yanaşı Rusiya vətəndaşları yerli parlamentlərin üzvlərini, yerli idarəetmə orqanlarının və bir neçə regionun başçılarını seçiblər. Yekun seçki fəallığı 51,72% təşkil edib.

Beləliklə, Dövlət Dumasına yeni çağırışla ötən çağırış arasında yekun fərq belə olacaq:

“Vahid Rusiya” Partiyası 2016-cı illə müqayisədə 19 mandat itirib.

Rusiya Federasiyası Kommunist Partiyası dumada 15 yeni yer alıb.

“Ədalətli Rusiya – Həqiqət üçün” təmsilçiliyini dörd mandatla artırıb.

Ötən ilin martında təsis olunan və ilk dəfə seçkiyə qatılan sağ mərkəzçi “Yeni insanlar” partiyası 13 yer qazanıb.

“Vətən” və “Vətəndaş Platforması” partiyaları 2016-cı ildə olduğu kimi bu il də 1 mandat qazanıb.

Bir mandat qazanan “İnkişaf Partiyası” seçkiyə ilk dəfə qatılıb.

Namizədliyi özü tərəfindən irəli sürülənlər VII çağırışda 1 yer qazandıqları halda bu dəfə mandat sayını 5-ə çatdırıblar.

Rusiya Liberal-Demokrat Partiyası fraksiyası demək olar iki dəfə ixtisara düşərək 21 deputata enib. Müqayisə üçün deyək ki, əvvəlki çağırışda liberal-demokratlar 39 deputat yerinə malik idilər.

Beləliklə, bu seçkinin nəticələri Rusiya Liberal-Demokrat Partiyası üçün çox uğursuz olub. Aydındır ki, seçkidən sonra hər bir siyasi təsisatda əldə olunan nəticələr təhlil olunur. Uğurlara görə mükafatlandırma, uğursuzluğa görə cəzalandırma olur. Bu seçkidə RLDP-nin məğlubiyyətə uğraması bilavasitə partiya sədri, qaraqışqırıqçı, avantürist V.Jirinovskinin adı ilə bağlanmalıdır. Məhz onun hərəkətləri nəinki Rusiya xaricində sataşdıqlarının, həmçinin, Rusiya seçicilərinin də kəskin narazılığını doğurmaqdadır. Güman etmək olar ki, Rusiya liberal-demokratları bu partiyanın Rusiyada və dünyada imicinə böyük zərbələr vuran, son seçkidə isə məğlubiyyətə imza atdıran 75 yaşlı partiya sədrini nəhayət, sədr postundan uzaqlaşdırmağa nail olacaqlar. Yarandığı 1989-cu ildən partiyaya rəhbərlik edən V.Jirinovski artıq Rusiya hüdudları xaricindəki nəinki ənənəvi rusofobların, hətta Rusiyaya tarixi bağlarla bağlanan yaxın qonşu dövlətlərdəki demək olar bütün insanların (istər rusofob olsun, istər rusofil) ciddi narazılığına səbəb olmaqdadır. Onlar ideologiyasının əsasında rus millətçiliyi, konservatizm, sağ populizm və millətçi-konservatizm dayanan bu partiyanın və onun sədri V.Jirinovskinin adını belə eşimək istəmirlər. Və onlar bunda haqlıdırlar...


Müəllif: Səxavət Həmid