6 Oktyabr 2021 12:18
2 197
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, millət vəkili Ziyafət Əsgərov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirk:

- Ziyafət müəllim, dövlət başçısının işğaldan azad olunmuş bölgələrə səfəri, oradan verilmiş mesajların əhəmiyyətini necə qiymətləndirirsiniz?

- Prezident İlham Əliyevin işğaldan azad olunmuş hər bir bölgəmizə səfərinin xüsusi əhəmiyyəti var. Eyni zamanda bütün dünya görür ki, bu ərazilər Azərbaycana məxsusdur. Tarixən də bu ərazilərin əsl sakinləri azərbaycanlılar olub. Ermənilər isə 30 ilə yaxın bu əraziləri işğalda saxlamaqla beynəlxalq hüquqa, insan haqlarına qarşı çıxıb. Sözsüz ki, bu əraziləri işğaldan azad edən Azərbaycan özünün malik olduğu imkanlar hesabına burada böyük quruculuq, bərpa işləri həyata keçirir.

Bu gün bütün dünya görür ki, Qarabağ yenidən qurulur. Cəbrayılda da mühüm işlər həyata keçirilir. Cəbrayıl Azərbaycanın qonşu dövlətlə sərhədində yerləşir. Tarixən bu ərazidə mühüm imkanlar olub. Ərazinin coğrafi mövqeyi burada mühüm inkişafı zəruri edib. Amma erməni işğalı burada olan bütün infrastrukturun məhv edilməsinə, oğurlanmasına, daşınıb aparılmasına, relyefin belə məhv olmasına, ekoloji böhranın yaranmasına səbəb olub.

- 44 günlük vətən müharibəsindən sonra İranın davranışları elə də səmimi görünmür. Buna səbəb nədir?

- Prezident İlham Əliyev Vətən müharibəsi bitdikdən az sonra Cəbrayıla, Xudafərin körpüsünə səfər edərkən buranın dost İranla sərhəddə yerləşməsindən bəhs etdi. Həmçinin dövlət başçısı Xudafərini dostluq körpüsü adlandırdı. Bu da ölkəmizin İranla dostluq münasibətlərinə olan önəminin göstəricisi idi. Dövlət başçısı da məhz belə bir mesaj verdi ki, Azərbaycan İranla dostluq əlaqələrinə sadiqdir.

- İranın Azərbaycanın azad edilmiş əraziləri ilə sərhəd bölgədə tez-tələsik hərbi təlimləri necə izah oluna bilər?

- Bəli, bu haqlı olaraq gündəmə gələn bir məsələdir. Çünki Azərbaycan torpaqları işğalda olan zaman İran bir dəfə də o ərazilərdə hərbi təlimlər keçməyib. İran elə səmimi qonşu idisə məhz Azərbaycan torpaqları işğalda olan zaman orada hərbi təlim keçirib işğalçı Ermənistana əzələ göstərərdi. Amma bunlar baş vermədi.

Azərbaycan öz ərazilərini bərpa etdikdən sonra İran ölkəmizlə sərhəddə hərbi təlimlər keçirməyə başladı. Sual olunur ki, İran indiki halda özünü kimə göstərmək istəyir? Bu, qonşuluq, dostluq siyasətinə belə uyğun gəlmir. Ayr-ayrı zamanlarda isə İran Azərbaycanı özünə dost, mehriban qonşu adlandırır. İndiki davranışlar deyilənlərlə uyğunlaşmır.

- Sizcə, İranın Azərbaycanla bağlı iddiaları nədən ibarətdir?

- İran iddia edir ki, guya burada İsrailin adamları var və sair. Halbuki belə bir fakt yoxdur. Dövlət başçısı da bununla bağlı öz mövqeyini açıq şəkildə ifadə etdi. Hazırda işğadan azad edilən ərazilərdə yaşayış imkanları belə məhdudur. Necə ola bilər ki, burada hansısa formada İsrailin mərkəzi olsun? Bu, tamamilə cəfəng bir iddia və böhdandır.

İranın bu məsələlərdə narahatlığı heç cür anlaşılan deyil. Onlar əvvəlcə öz mövqelərini bildirmək üçün bir kənd mollasını ortaya çıxardılar. Sonra məlum oldu ki, bu, elə İranın rəsmi mövqeyidir.

Azərbaycan suveren dövlətdir. Öz ərazilərimizdə istədiyimiz dövlətlə əməkdaşlıq və digər qarşılıqlı maraq kəsb edən tədbirləri icra edə bilərik. Azərbaycanın daxili işlərinə də heç kəs qarışa bilməz.

- Amma zaman etibarı ilə Azərbaycan İrana qarşı təhdidlərin önündə durub...

- Bəli, belə təhdidlər var idi. 2000-ci ilin əvvəllərində okeanın o tayından belə istəklər vardı ki, Azərbaycan ərazisindən İrana qarşı hansısa addımlar atılsın. Azərbaycan buna qətiyyən razı olmadı. Azərbaycan lideriləri buna heç vaxt razı olmayacaqlarını bildirdilər. Vuğrulandı ki, Azərbaycan ərazisindən İrana qarşı hər hansı təhdid olmayacaq. Belə faktlar olduğu halda İranın indiki davranışı Azərbaycana təşəkkür kimi başa düşülə bilməz!

- Cəbrayıldan belə bir mesajın verilməsi hansı zəruri prinsiplərə əsaslanırdı?

- Dövlət başçısının İranla sərhəddə yerləşən Cəbrayıldan belə mesajlar verməsi təsüdüfi deyil. Bunun mühüm əhəmiyyəti var. Prezident ilk dəfə o ərazilər gedəndə dostluq mesajı vermişdi. Bu dəfə isə məhz İranın davranışları fonunda Ali Baş Komandan Azərbaycan dövlətinin sərt mövqeyini ortaya qoydu.

Bu yaxınlarda İranın Ermənistandakı səfiri Təhlükəsizlik Şurasının katibi ilə görüşündə bildirir ki, “İran və Ermənistan dost və qardaş ölkələrdir”. İran anlamalıdır ki, onun “dost, qardaş” adlandırdığı Ermənistan Azərbaycan ərazilərinin işğalı dövründə məscidlərdə donuz saxlayıb. 65 məscid məhz İranın dost dediyi ölkə tərəfindən darmadağın edilib. Buna nə ad vermək olar?

Azərbaycan heç bir dövlətin daxili siyasətinə qarşı çıxmır. Amma İran islam həmrəyliyindən danışır, digər tərəfdən isə müsəlman dəyərlərini barbarcasına dağıdan Ermənistanla dostluq edir.

- Gorus-Qafan yolunda Azərbaycanın tətbiq etdiyi inzibati qaydalar İranın Ermənistanla əlaqələrinə necə təsir edib?

- Həmin yoldan İran TIR-ları qanunsuz olaraq Azərbaycan ərazisinə, Xankəndinə yüklər daşıyırdı. Azərbaycan haqlı olaraq Gorus-Qafan yolunda özünün beynəlxalq hüquqa əsaslanan inzibati resurslarını tətbiq etdi. Amma yenə sual yaranır ki, İran TIR-ları Xankəndinə Azərbaycanın xəbəri olmadan niyə daxil olur və ora nə daşıyır? Çünki Xankəndi hansısa bir azad iqtisadi zonada yerləşmir və bu, elə də böyük bir şəhər də deyil ki, iri həcmli yüklərin daşınması vacib olsun. Burada məsələ ancaq İranın mənfur niyyəti ilə bağlı ola bilər. Özü terrorçulara yardım edən İran Azərbaycanla sərhəddə terrorçu axtarır.

- Ermənistanın keçmiş prezidenti Serjik Sarkisyanla bağlı faktlar da ölkə başçısı tərəfindən bir daha dilə gətirildi...

- Serjik qatil və cinayətkardır. O, xalqımıza qarşı cinayətlərə görə cavab verəcək. Bu qatil Xocalı soyqırımı və digər hərbi cinayətlərə görə mütləq layiq olduğu cavabı alacaq.

Sarkisyan sex rəisi idi. Sonra müdafiə naziri, daha sonra prezident olsa da ilk peşəsinin səviyyəsindən yuxarıya qalxa bilmədi. Onun Azərbaycan liderləri haqqında söz deməyə heç bir mənəvi, hüquqi və insani keyfiyyətli imkan vermir.


Müəllif: Tapdıq Qurbanlı