14 Oktyabr 2021 09:05
739
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sosial Tədqiqatlar Mərkəzinin sədr müavini, Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Elşad müəllim, Ermənistanın Baş naziri Nikol Paşinyanın Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşündə diqqətçəkən detallar nədən ibarət oldu?

- Paşinyanın Putin tərəfindən Kremldə qəbul edilməsi rəsmi Moskvanın bəzi məsələlərlə bağlı Ermənistanın mövqeyi barədədaha aydın təsəvvürlər əldə etməkdən ibarət idi. Son dövrlər regionda vəziyyət fərqli bir istiqamətdə gərginləşməkdədir. İranın sərgilədiyi əsassız mövqe, Ermənistana açıq himayədarlıq etməsi, Qərbin Ermənistan üzərindən Cənubi Qafqaz regionuna təsir imkanlarını genişləndirmək cəhdləri Moskvanı narahat edən əsas məqamlardan ola bilər. Ermənistanın xarici siyasətini və mövqeyini sanki ABŞ-ın bu ölkədəki səfiri müəyyən edir. Dəfələrlə Zəngəzur istiqamətində Azərbaycan-Ermənistan sərhədinə gələn ABŞ-ın səfiri oradan bəzi bəyanatlar səsləndirib. Bu da heç bir halda təsadüfi sayıla bilməz.

- İranın Ermənistanla bağlı maraqları nədən ibarətdir?

- Sanki ABŞ-la İran qeyri-təbii və yaxud təsadüfi müttəfiqlər rolunda çıxış edir. Halbuki bu iki ölkə arasındakı gərginlik hər kəsə bəllidir. Görünür məhz bununla bağlı Rusiyanı düşündürən məsələlər bunlar ola bilər. Rusiya 10 noyabr 2020-ci il tarixində imzalanmış birgə bəyanatın şərtlərinə əməl olunması məsələsində mövqeyini dəyişməyib. Putin açıqlamışdı ki, Ermənistan üçün bəyanatın şərtlərinə əməl etməmək intihara bərabərdir. Bu baxımdan Ermənistan qarşısında birgə bəyanatın tələblərinin icrası da Rusiya tərəfindən tələb olunan məsələ kimi qalmaqdadır.

- Azərbaycanın proseslərdə mövqeyini necə dəyərləndirirsiniz?

- Azərbaycanın mövqeyi bu məsələdə aydındır. Bu istiqamətdə Azərbaycanla hansısa bir müzakirələrin aparılmasına ehtiyac yoxdur. Ölkəmiz birgə bəyanatın şərtlərinə uyğun bütün addımları atır. Sərhədlərin delimitasiya və demarkasiyası işlərinin həyata keçirilməsi üçün konkret mövqe var. Bununla bağlı Ermənistana Azərbaycandan mühüm çağırışlar edilib. Yekun sülh sazişinin imzlanması ilə bağlı Azərbaycan tərəfindən Ermənistana təkliflər artıq səslənib. Regionda Rusiya sabitlik və təhlükəsizlik arzulayırsa, bu istiqamətdə Azərbaycanla eyni mövqedən çıxış etdiyinin fərqindədir.

- Regionda geosiyasi proseslərin irəliləməsinə başlıca əngəli nədə görürsünüz?

- Yeni geosiyasi reallıqlarla barışmaq istəməyən Ermənistan, Qərb və İrandır. Təsüdüfi, ya da məqsədli bir formada İranın Qərblə eyni mövqedə dayanması sözsüz ki, Moskvanı da narahat edə bilər. Rusiyanın Ermənistanla mətbuata açıqlanmasa da mütləq şəkildə bu istiqamətdə müzakirə aparması mümkündür. Bütün reallıqlar Rusiyanın xeyrinə deyil. Ermənistan alət bir ölkədir. O, münbit imkanlar təqdim edir ki, onun üzərindən həm Qərb, həm də İran Cənubi Qafqaz regionunda cərəyan edən proseslərə öz təsirini göstərsin. İran açıq şəkildə bildirir ki, cərəyan edən geosiyasi proseslər onun maraqlarına uyğun deyil.

- Azərbaycanın öz ərazilərini işğaldan azad etməsini İran niyə maraqlarına zidd hesab edir?

- Hətta İran rəsmiləri bildirir ki, Azərbaycan yalnız torpaqlarının bir qismini azad etmək hüququna malik idi. Burada Azərbaycan ərazilərinin hansısa qisminin azad olunması İranın maraqlarına cavab vermir. Bunun cavabının axtarılmasına da təbii olaraq ehtiyac var. Güman ki, bu, birbaşa Zəngəzur dəhlizi ilə bağlı olan bir məsələdir. Bundan sonra da məsələnin başqa tərəfləri də meydana çıxır.

- Zəngəzur dəhlizini İran nə səbəbə özü üçün arzuolunmaz hesab edir?

- Çünki Zəngəzur dəhlizi bir çox dəyişiklikləri şərtləndirəcək. Bu dəhliz Azərbaycanın əsas hissəsi ilə Naxçıvanın və Türkiyə ilə birbaşa əlaqələr yaranmasına yol açır. Türkiyə bununla Azərbaycan üzərindən Xəzər dənizinə, Orta Asiyaya birbaşa çıxış qazanır. Türk dünyası arasında ortaq səmərəli bir kommunikasiya imkanları yaranır. Görünür İranı narahat edən əsas məqam bu kommunikasiyanın yaranmasıdır. Belə olan halda İranın təsir imkanları əhəmiyyətli dərəcədə zəifləyəcək. Azərbaycanla Türkiyə arasında yeni kommunikasiyanın yaranması, bütövlükdə türk dünyası ilə əlaqələrin sıxlaşdırılması isə ölkəmizin müttəfiqlərinin maraqlarını təmin edəcək. Ona görə də, məsələninin başında dayanan təsirli məqam məhz bundan ibarətdir.

- ABŞ və Qərbi bu prosesdə maraqlandıran və narahat edən məqamlar hansılardır?

- ABŞ və Qərbi bu məsələdə birbaşa narahat edən məqam Türkiyənin bölgədə artan nüfuzudur. Çünki Türkiyənin tam müstəqil siyasət yeritməsi ona qarşı hücumlar üçün əsas səbəbdir. Zəngəzur dəhlizi və tarixi İpək yolunun çox mühüm seqmentinə çevrilməsi bu coğrafiyada Azərbaycan və Türkiyənin təsir imkanlarının artması və Rusiyanın burada tənzimləyici rolu gələcəkdə Avropa bazarında bu ölkələrin çox təsirli rolunu təmin edəcək. Bazarlara təsir və nəzarət imkanlarının yaradılması, geosiyasi mənzərənin yeni elementlərini də ortaya qoyacaq.

- İran və Qərbi eyni cəbhədə birləşdirən əsas məqamlar nədən ibarətdir?

- Məhz Zəngəzur dəhlizinin yaradacağı reallıq İranla Qərbi eyni cəbhədə birləşdirən mühüm amildir. Rusiya da bu məsələlərdə çox diqqətli davranır. Paşinyan Putinlə görüşündə də Cənubi Qafqaz regionunda gərginliyin aradan qalxdığını hesab etmədiyini bildirib. Bu da dolayısı ilə Azərbaycana qarşı yönələn bir ittihamdır. Çünki bölgədə gərginliyi saxlayan Paşinyanın rəhbərlik etdiyi Ermənistandır. Məhz Paşinyanın bu məsələni qabartması onun ardınca digər iddiaların da ortaya qoyulması üçün bir cəbhə yaratdığını düşünür. Amma Putinin bu məsələlərə mövqeyi ondan ibarət oldu ki, o, mövcud vəziyyətə Ermənistanın daha aydın mövqeyini görmək istəyir.


Müəllif: Tapdıq Qurbanlı