13 Oktyabr 2021 19:30
1 256
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya Nikol Paşinyanı təlimatlandıraraq geri qaytarıb. Başqa nə ola bilər?”

Bunu Teleqraf.com-a politoloq Rüstəm Məmmədov Ermənistan Baş naziri Nikol Paşinyanın son Moskva səfərini şərh edərkən bildirib.

Politoloq qeyd edib ki, Rusiya Türkiyə və Azərbaycanın istədiyini edəcək, bunun başqa yolu yoxdur:

"Reallıq bunu tələb edir. Ermənistan da gəlib Azərbaycan və Türkiyə ilə saziş imzalayacaq və münasibətlərin yoluna qoyulmasına başlanılacaq. Bu baxımdan kommunikasiya xətləri açılacaq və bölgədə hər şey qaydasına düşəcək. Bunun alternativi yoxdur. Mən başqa ssenarilər gözləmirəm”.

Mütəxəssis xatırladıb ki, Ermənistan Baş naziri Nikol Paşinyanın özü də Qarabağ kartından uzaq qaçır:

“Paşinyan Qarabağ kartı ilə Ermənistanı və hakimiyyətini uduzmaq ərəfəsində idi. Heç istəmirdi ki, seçkilərdə “Qarabağ klanı” ilə birgə iştirak etsin, əksinə bundan qurtulmağa çalışırdı. Eləcə də Qarabağ məsələsindən xilas olmağa çalışırdı. Əlamətlər də göstərir ki, müəyyən mənada xilas ola bilər”.

Rüstəm Məmmədov əmindir ki, Moskvadan nə desələr Nikol Paşinyan da onu həyata keçirəcək:

“Rusiyada daima Türkiyə və Azərbaycanla əlaqədədir, onların arzusunu həyata keçiməyə daha yaxındır, nəinki Ermənistanın. Bunun da səbəbləri var. Açığı bu dəqiqə Rusiyanın sirdaşlıq etdiyi ölkə qalmayıb. Həm Azərbaycan, həm də Türkiyə sözünü tutan ölkələrdir. Əslinə qalsa indi regionda rusların Azərbaycan və Türkiyədən savayı digər oyunçularla real əlaqələri yoxdur. Bəli, İran vardı, amma Rusiya artıq Tehrana inanmır və bu səbəbdən də İranı dəstəkləmir və gələcəkdə də dəstəkləməyəcək. Azərbaycan və Türkiyəyə gəldikdə bu ölkələr öz işlərində möhkəm dayanıblar və onların iradəsi qəbul olunur”.


Müəllif: Nemət