25 Dekabr 2021 15:58
770
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezidentin ad günündə Hadruta və Şuşaya səfəri bir sıra mühüm məsələləri özündə ehtiva edir. Çünki Vətən müharibəsindən sonra da sabitliyi pozmaq istəyən qüvvələr aktivdir. Sülh adı altında hiyləgər işlər görmək istəyənlər var. Təhlükəsizliyi və insanların arasında münasibətləri təmin etmək mandatına yaxud da vəzifəsinə malik olan sülhməramlılar bəzən heç də bu öhdəlikləri normal icra edə bilmir. Azərbaycan torpaqlarına Fransadan buralara tamamilə aidiyyatı olmayan, öz şəxsi maraqları üçün gələnlər var. Sanki Qarabağda gəlib seçkilərlə bağlı bir “balıq ovuna” çıxıblar.

Bunu Teleqraf.com-a Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov deyib.

AŞPA təmsilçisinə görə, bu cür faktlara əsaslanaraq dövlət başçısı açıq şəkildə bəyan etdi ki, biz sülhün tərəfdarıyıq və tarixi müharibə səhifəsini bağlamaq istəyirik:

“Ancaq qarşı tərəfdəkilər bunu istəmir, bu istiqamətdə hansısa başqa niyyətlərini ortaya qoymaq istəkləri varsa, bilinməlidir ki, müharibədən sonra daha güclü Azərbaycanla qarşılaşa bilərsiniz”.

Onun fikrincə, Ermənistan II Qarabağ müharibəsində məğlubiyyətə uğradıldı, amma bundan sonra da nəsə bir addım olsa daha güclü Azərbaycanla qarşılaşmaq təhlükəsini hər kəs gözə almalıdır:

“Eyni zamanda dövlət başçısı konkret olaraq vurğuladı ki, Azərbaycanda islahatlar hər yerdə, hər sahədə, hər bir istiqamətdə davam edəcək. Bu islahatların önündə də sözsüz ki, hərbi islahatlar gedir. İlk dəfə Hadrutda Komando Briqadasının təqdimatı da bu islahatların tərkib hissəsi idi. Bu tip briqadalar Azərbaycan Ordusunun digər ərazilərində yerləşən hissələrində də formalaşdırılacaq. Bu isə o deməkdir ki, Azərbaycan Ordusunda islahatların aparılması prosesi artıq icra edilir. Ölkə başçısı da vurğuladı ki, Azərbaycan müharibədən sonra da ən müasir silahlar almaqda davam edir”.

Millət vəkili bildirib ki, dövlət başçısı tərəfindən ölkə iqtisadiyyatının daha da gücləndirilməsi ilə bağlı konkret olaraq mühüm mesajlar verildi: “Bütün bunların fonunda ölkə başçısı bir daha sülh mesajlarını da bütün dünyaya bəyan etdi. Vurğulanan o oldu ki, Azərbaycan sabitlik istəyir. Biz müharibədə qalib tərəfik və bundan sonra sülhün təminatı üçün səylər göstəririk. Çünki sülh haqqında danışmaqla hər şey bitmir. O mütləq ki, təmin edilməlidir. Məğlub tərəf isə bir tərəfdən guya Azərbaycanın dediklərini təkrar etməyə məhkum olduğunu göstərir, digər tərəfdə isə başqa oyunlar oynamaq niyyətini də gizlətmir”.

Səməd Seyidova hesab edir ki, Qərb də Azərbaycanla münasibətlərdə təkidli davranır: “Çünki başqa seçimləri yoxdur. Amma bu münasibətlərin içərisində bəzi ölkələr və qrumlar da səmimi davranmır. Məhz bu faktların müstəvisində Prezident öz yubileyini işğaldan azad edilmiş hərbi birləşmənin açılışında qeyd etməklə konkret mesajlar da vermiş oldu”.


Müəllif: Tapdıq Qurbanlı