4 Yanvar 2022 09:06
2 102
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Tofiq müəllim, 2021-ci ildə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması mümkün olmadı. Sizcə bu il sülh imzalana bilərmi?

- İlk növbədə hansısa bir nəticəyə nail olmaq üçün gərək iki tərəfin istəyi və hazırlığı olsun. Ötən il ərzində erməni tərəfi bir yol gedəsi oldu. Çünki müharibənin yaratdığı şok effektdən sonra Ermənistanda seçkilər keçirildi. Məğlubiyətin səbəbləri və digər mövzullar geniş müzakirəyə çıxarıldı. Təbii olaraq gələcəyin hansı şəkildə qurulması ilə bağlı müxtəlif fikirlər səslənməyə başladı. Bu baxımdan sülh müqaviləsi və ümumiyyətlə münaqişənin sonu o vaxt mümkün olacaq ki, Ermənistan tərəfi birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, suverenliyinə hörmət edəcək. Çünki formal olaraq hansısa bir sazişə qol çəkib, bundan sonra orada olan ermənilərin arasında müxtəlif terrorçu qruplaşmalarına dəstəklə məşğul olmaq təbii ki, münaqişənin axırına gətirib çıxarmayacaq. Ona görə dəbu müddət ərzində erməni tərəfi ilə gələcəklə bağlı kəskin diskusiya aparılırdı. Gərgin siyasi mübarizə gedirdi. Amma ilin sonunda Nikol Paşinyan hansısa cəhdlər etdi. Bu da erməni siyasi elitasını, ictimaiyyəti reallığa daha yaxın mövqeyə çağırmaq istəyi bağlı idi. Amma bu prosesin də sonunun necə qurtaracağı maraqlıdır.

- Ölkəmizin bu məsələdə konkret mövqeyi nədən ibarətdir?

- Azərbaycan öz mövqeyini bəyan edib. Ötən ilin yayında Şuşa Bəyannaməsinə imza atılanda da həm Azərbaycan, həm də Türkiyə Prezidenti digər mövzularla yanaşı, sülhə də çağırışlar edib. Eyni zamanda ermənilər sülh mövqeyini seçməsələr terror, təxribat davranışlarını davam etdirsələr, təbii ki Azərbaycan buna da cavab verməyə hazırdır. Bu istiqamətdə də işlər görülür.

- Sizcə anti-terror əməliyyatlarıl hansı halda mümkün ola bilər?

- Buna misal anti-terror əməliyyatları üçün xüsusi təyinatlı Komando briqadalarının yaradılmasıdır. Artıq bu cür briqadalar Qarabağda yerləşdirilib. Eyni zamanda digər məsələlər ki, Azərbaycan buna diqqət yetirir. Ona görə də proses hələ davam edir. Ötən il ərzində də məhz bu proses getdi. Bu nə vaxta qurtaracaq bunu gözləmək lazımdır. Azərbaycan tərəfi olaraq biz bu prosesləri diqqətlə izləyirik.

- Sərhədlərin dəqiqləşməsi məsələsi ilə bağlı da müzakirələr davam edir...

- Bəzən bizim tərəfdən də bu prosesə biraz düzgün yanaşmalar olmur. İctimaiyyətimizdə də müəyyən sterotiplər mövcuddur. İlk növbədə dəqiq bilinməlidir ki, delimitasiya və demarkasiya texniki bir prosesdir. Bu məsələ bəzi ölkələrin arasında uzun müddət davam edib. Bəzən 10 illərlə bu proses uzana bilir. Vaxtilə Sovet İttifaqı ilə Çin arasında bu proses 70 il davam etdi. Yəni, bu proseslərin mahiyyəti ondan ibarətdir ki, 5 metrə bu tərəfə, 5 metrə o tərəfə olan məsələlər var. Amma əsas məsələ siyasi müstəvidə həll edilməlidir. Ona görə də istisna etmək olmaz ki, delimitasiya və demarkasiya filan qədər vaxt aparsın. Amma hamıya bəllidir ki, kimin sərhəddi haradan keçir. Sözsüz ki, burada da fərqli baxışlar ola bilər. Amma şərt normal əlaqələrdən keçir. Əgər Ermənistan öz qonşuları ilə normal əlaqələr qurmaq istəyirsə, digər dövlətlərin ərazi bütövlüyünü tanımalıdır və suverenliyinə hörmət etməlidir.

- Paşinyanın son açıqlamaları nə dərəcədə səmimi idi?

- Burada da paralellik var. Çünki Paşinyan bir sıra layihələri təsdiqləyir ki, bunun da bir çoxu Azərbaycan ərazilərinə aiddir. Ona görə də ilkin şərt kimi əsas prinsip həll edilməlidir. Həmçinin ötən ilin sonunda Paşinyanın səsləndirdiyi fikirlərə nə dərəcədə səmimi yanaşacağını da sona kimi izləmək lazımdır.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər