Qazaxıstan hökumətinin bütün ölkəyə yayılan nümayişləri yatırmaq üçün xarici qüvvələrdən (Rusiya və KTMT) yardım istəməsi müzakirələrə səbəb olub.
Teleqraf.com xəbər verir ki, Türkiyə ordusunun təqaüddə olan briqada generalı Yücel Karauz “Türkiyə” qəzetinə açıqlamasında Türk Dövlətləri Təşkilatının (TDT) təcili olaraq Qazaxıstana nümayəndə heyəti göndərməli olduğunu deyib.
“Türk Dövlətləri Təşkilatı gecikmədən müşahidə məqsədi ilə nümayəndə heyəti göndərməlidir. Təşkilata üzv ölkələrin xarici işlər nazirləri təcili toplanmalıdır. Önümüzdəki aylarda keçiriləcək iclasda birgə hərbi qüvvələrin yaradılması ilə bağlı hüquqi tənzimləmələr aparılmalı və konkret addımlar atılmalıdır”, - general bildirib.
Karauz birgə hərbi qüvvələrin türk dünyası üçün siyasi və iqtisadi inteqrasiya qədər əhəmiyyətli olduğunu söyləyib: “Qlobal tənlik belə bir gücün formalaşdırılmasını zəruri edir. Geciksək, düzəlməz zərər görə bilərik. Qazaxıstanda baş verənlər və bəlkə də daha pis şeylər digər qardaş coğrafiyalarda da baş verə bilər”.
Türkiyənin Qazaxıstandakı keçmiş hərbi attaşesi İhsan Safa da bu fikirdədir. Onun sözlərinə görə, Türk Dövlətləri Təşkilatının mütləq şəkildə kollektiv hərbi qüvvənin formalaşmasına ehtiyacı var: “Hardansa başlamaq lazımdır”.
Professor Sərdar Yılmaz isə baş verənlərdən sonra Qazaxıstanda yeni siyasi prosesin başladığını deyib:
“Hakimiyyətdəki kadrları SSRİ dövründən qalan şəxslərdir. Bu kadrların dəyişən tənliyi və yeni nəsli anlamaq baxımından yetərsizdir. Qazaxıstan hər sahədə Rusiyanın müdaxiləsindən qurtulmalıdır. Problemlərin həllində üstünlük verilən xarici hərbi qüvvə çağırma refleksi bu durğunluğun ən yaxşı nümunəsidir. Bu üsyan dalğası rejimin avtoritarlaşması ilə nəticələnərsə, bu, ölkə üçün daha böyük fəlakət olacaq, çöküşü sürətləndirəcək.
Son 30 ildə görülən işlər dövləti gücləndirib, amma bu firavanlıq fundamental ola bilmədi. Qazaxıstanda baş verənlərə müdaxilə etməyə çağırılan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvləri küçələrdə dolaşırlar. Bu ünsürlər arasında erməni hərbçilərinin olması da başqa bir məsələdir. Qazaxıstan xalqı milli məsələlərdə həssasdır. KTMT-nin buradakı varlığı özlüyündə başqa bir problemə çevrilə və yeni üsyan dalğalarına səbəb ola bilər. Bu hadisənin digər təhlükəli tərəfi isə 19 milyonluq ölkədə 5 milyona yaxın etnik əhalinin, əsasən də rusların olmasıdır. Bu istiqamətdə əvvəllər də müəyyən təxribatlar, çətinliklər olub. Rəhbərlik çox diqqətli olmalıdır”.