1 May 2022 08:47
1 318
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev hər çıxışında Ermənistana açıq mesajlar ünvanlayır. Dövlət başçısı Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımayacağı təqdirdə, Azərbaycan da Ermənistanın ərazi bütövlüyünü tanımayacağını bildirdi. Əslində bu, qarşı tərəf üçün çox ciddi ciddi bir siqnal olmalıdır. Tarixdən hər kəsə məlumdur ki, ermənilərin heç vaxt dövlətləri olmayıb. Bu gün Ermənistanın paytaxtı olan İrəvan Azərbaycanın qədim şəhərlərindən biri olub. Tarixi İrəvan xanlığının mərkəzi məhz bu şəhər idi.

Bunu Teleqrafcom-a Milli Məclisin deputatı, professor Eldar Quliyev deyib.

Professor qeyd edib ki, 44 günlük müharibədən sonra erməni tərəfinin hələ də keçmiş miflərlə yaşaması onlar üçün böyük faciələrə səbəb olacaq: “Görünür, ermənilər Vətən müharibəsinin 45-ci gününü arzulayırlar. Bizim qüdrətli ordumuza əlavə bir gün lazımdır ki,ermənilərin yaşadığı ərazilərimizdə suverenliyimizi təmin etsin. Çünki bütün dünya birliyi açıq şəkildə bəyan edir ki, Qarabağ Azərbaycan torpağıdır. Hətta ermənilərin arxalandığı Rusiya prezidenti Vladimir Putin də bildirdi ki, Qarabağ Azərbaycan torpağıdır.

Ermənistanın baş naziri Nikol Paşinyan da sonradan etiraf etdi ki, Qarabağ heç vaxt Ermənistan torpağı olmayıb”.

Millət vəkilinə görə, müharibədən sonra bölgədə yeni bir vəziyyət yaranıb. Artıq Avropa Birliyi də Azərbaycanın sülh danışıqları ilə bağlı təkliflərinə müsbət reaksiya verib: “Sadəcə indi fərqli bir formatda prosesdə yer almaq istəyən dövlətlər var. ABŞ, Rusiya və Fransa bu məsələ ilə bağlı özünün xüsusi nümayəndlərini təyin edib. Belə çıxır ki, ATƏT-in Minsk Qrupunun formatı dəyişib... Ona görə də, müharibənin bitməsindən iki ilə yaxın vaxt keçməsinə baxmayaraq sülh müqaviləsinin imzlanması ilə bağlı ortada konkret bir nəticə yoxdur.

Azərbaycan öz üzərinə düşən işləri görür. Azad edilmiş torpaqlarda zəruri infrastruktur formalaşdırılır. Bu yaxınlarda Şuşada Dünya Azərbaycanlılarının böyük Qurultayı keçirildi, mühüm bəyannamələr qəbul edildi. Dünya bir daha şahidi oldu ki, Qarabağ Azərbaycan torpağıdır. Moskvada yaşayan kinorejissor Karen Şahnazaryanın da açıqlaması ibrətamizdir, o da dedi ki, “Qarabağ Azərbaycan ərazisidir”.

Bu yaxınlarda Ermənsitanda Albert İsakovun özünün yutub kanalında livanlı erməni Onik Kardaşla söhbətində bir çox məsələlər tam təfərrüatı ilə qeyd edilir. Onik Kardaş1941-ci ildə Livanda, valideynlərinin Türkiyədə anadan olduğunu söyləyir. 1947-ci ildə ermənilərin Ermənistana miqrasiyası zamanı ailə üzvlərinin qayıdıb yaşamağından bəhs edir. Amma yerli erməni sakinləri miqrasiya edənləri “axbar” “axb” sözündən yaranmış zibil adlandırdıqlarını deyir.

Kardaş söhbətində daha maraq doğuran faktlara toxunur. “1958-ci ildə 300 erməni Livanda bir-birini öldürdü. Daşnaklar və başqaları bu qırğında iştirak edirdi. Çünki daşnak partiyası digər erməniləri öz həmyerliləri kimi qəbul etmirdilər. Onlar deyirdilər ki, əgər daşnak deyilsənsə, demək erməni deyilsən.

Onik Kardaş çıxışının digər hissəsində də diqqət çəkən məqamlara toxunub: “Mən Ermənistanda olarkən bildim ki, Zori Balayan bir qrup erməni ilə İrəvana gedib ruslarla danışıqlar aparıb. Onların məqsədi Qarabağ üçün kömək istəmək idi. Qarşılığında isə çeçenlərlə müharibədə və ya digər müsəlmanlara qarşı döyüşlərdə köməklik edəcəklərini deyiblər. Ona görə də, ruslar o vaxtlar ermənilərə çox yardım etdilər. Ermənilər təkbaşına Azərbaycana qalib gələ bilməzdilər.

Ruslar ermənilərə silah və təyyarələr göndərmişdi. Sonra isə Azərbaycan torpaqları tutuldu. Mən Şuşaya gedəndə onlar sökdükləri məzar daşlarından təklif etdilər. Dedilər ki, hansını bəyənirsənsə, seç! Onlar həmin məzar daşlarını söküb satırdılar. Məzarları sökərkən isə ölülərin başını qoparıb qızıl dişlərini çıxardırdılar. İnsan başlarını da elə məzarın yanına atıb gedirdilər”.

Onik Kardaş deyib ki, onlar məscidləri bərbad hala salıblar. Azərbaycanlılar indi gedib görsələr dəhşətə gələcəklər. Çünki məscidlərin içi zibilliyə çevrilib.

Eldar Quliyev hesab edir ki, Ermənistan cəmiyyətində də real prosesləri düzgün qiymətləndirməyə çalışanlar var: “Amma bunlar da azlıq təşkil edir. Geridə qalanlar isə müxtəlif qütblərə xidmət edir. Keçmiş Ermənistan prezidentləri Robert Köçəryan və Serj Sarkisyan bu gün Paşinyana qarşı bütün vasitələrlə mübarizə aparır. Amma bu qüvvələr Ermənistanın gələcəyi haqqında heç bir konkret mövqeyə malik deyil. Əsas məqsədləri Ermənistanda siyasi hakimiyyəti devirib yenidən öz iqtidarlarını formalaşdırmaqdan ibarətdir”.

Deputat xatırladıb ki, Ermənistanda kimin hakimiyyətda olmasına baxmayaraq Azərbaycanın mövqeyi bəllidir: “Azərbaycan çoxmillətli bir dövlətdir. Biz mono-dövlət olmamışıq. Ölkəmizdə bütün dinlərin təmsilçilərinə eyni münasibət var. Ona görə də, Azərbaycan ərazisində yaşayan azsaylı ermənilər də ölkəmizin qanunlarını qəbul edib, digər vətəndaşlar kimi normal yaşamaq hüquqları əldə edə bilər”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər