6 May 10:24
729
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın ilk PUA gəmisi “TCG Anadolu” Türkiyə donanmasının inventarına qatıldıqdan dərhal sonra İran limana çəkdiyi Cənubi Koreya istehsalı konteyner platformasını dron gəmisinə çevirir.

Teleqraf.com xəbər verir ki, gəmi “Anadolu”nun konsepsiyasına uyğun dizayn edilir.

2000-ci ildə Cənubi Koreyanın “Hyundai” şirkəti tərəfindən inşa edilən yük gəmisi 2023-cü ilin mayından Hörmüz boğazına yaxın sularda lövbər salıb. “Sərvin” adlı yük gəmisi sürətlə döyüş gəmisinə çevrilir.

240 m uzunluğunda və 32 m enində gəminin transformasiya prosesi ilk dəfə 2024-cü ilin yanvarında “PlanetLabs” peyk fotoşəkilləri vasitəsilə aşkar edilib. Fotolarda iranlıların konteyner gəmisinə uçuş-enmə zolağı əlavə etdiyi və komanda-nəzarət qülləsində bəzi düzəlişlər etdiyi məlum olub.

Göyərtəsi genişləndirilən gəmi üçün 180 metrlik uçuş-enmə zolağı tikilib. “Mini təyyarədaşıyan gəmi”nin tezliklə dənizdə sınaqlara başlayacağı açıqlanıb.

İranın PUA gəmisinin hazırkı formasında şaquli buraxılış sistemi və qapalı hava hücumundan müdafiə sistemləri yoxdur.

İran Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Əlirza Təngsiri gəminin yaxın vaxtlarda donanmaya daxil ediləcəyini deyib. Gəmidə istifadə olunacaq raketlərin yerli istehsal olduğunu qeyd edən Təngsiri 240 m-lik gəminin radarda görünmədiyini iddia edib.


Müəllif: Mənsur Rəğbətoğlu