29 İyun 2022 09:23
1 586
12 Punto 14 Punto 16 Punto 18 Punto

Jurnalist Elçin Alıoğlu Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Ermənistanın Baş naziri Nikol Paşinyan bildirdi ki, Azərbaycan yeni müharibəyə hazırlaşır və bu, qaçılmazdır. Ermənistan baş nazirinin bu mesajını necə anlamaq olar?

- Ermənistan baş nazirinin Azərbaycanla bağlı verdiyi son mesajlar birmənalı olaraq iki ünvana hesablanıb: birincisi Rusiyaya, ikincisi Ermənistanın daxili siyasətinə. Azərbaycan yeni müharibəyə hazırlaşmır və hazırlaşmaq niyyətində də deyil. Heç müharibə də istəmirik. Lakin Ermənistan unutmamalıdır ki, davamlı şəkildə ərazi iddiaları ilə çıxış edərsə, imzalanmış üçtərəfli bəyanatın şərtlərini yerinə yetirməsə, xüsusilə də sonradan əldə edilmiş razılaşmalardan boyun qaçırmaq prosesini davam etdirərsə, təbii ki, Azərbaycanın səbri tükənəcək.

Digər məsələ budur ki, Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdikləri Azərbaycan ərazilərindəki silahlı dəstələrin heç də hamısı homogen deyil. Yəni Ermənistan onları var qüvvəsi ilə “yerli ermənilərin silahı dəstələri” kimi qələmə verməyə çalışsa da, belə deyil. Onların arasında mülki paltarda Laçın dəhlizi ilə müxtəlif nəqliyyat vasitələri və yollarla keçərək Ağdərə, Xankəndi və Əsgərana gələn Ermənistan vətəndaşları var. Bunu bilirik, yaxşı bilirik, sayları da bizə məlumdur. Bunu gizlətmək mümkün deyil. Əgər bu prosesin qarşısı alınmazsa, tam əksinə, bu problemin aradan qaldırılması istiqamətində Ermənistan boynuna götürdüyü tələbləri yerinə yetirməsə, təbii ki, Azərbaycanın səbri tükənə bilər. Amma Azərbaycan yenə də sülh danışıqlarını istəyir.

Başqa bir məsələ budur ki, hazırda Ermənistan rəhbərliyi aşkar şəkildə Rusiyanı şantaj etməklə məşğuldur. Nikol Paşinyanın Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Minsk qrupu ilə bağlı açıqlamasını öz aləmində sərt tənqid edərək Moskvadan rəsmi cavab gözləməsi aşkar və primitiv şantajdır. Çünki Lavrov Bakıda olarkən aşkar formada bildirdi ki, ATƏT-in Minsk qrupu tarixə qovuşub və bunun təkanverici qüvvələri ABŞ və Fransa olub. Bu, tarixi yox, günümüzün reallığıdır. Paşinyanın iddiasına görə isə Moskvada Putinlə danışıqlar apararkən, guya Rusiya prezidenti buna bildirib ki, Qarabağın olmayan statusu ilə bağlı müzakirələr Minsk qrupu çərçivəsində, yaxud bu formatın dəstəyi ilə aparılmalıdır.

Əlbəttə belə bir söhbət olmayıb. Paşinyan bunu gizlətmək üçün Ermənistanın daxili siyasətinə mesajlar verir. Bununla öz hakimiyyətini daha da gücləndirmək niyyətini ortaya qoyur.

- Lavrovun Minsk qrupu ilə bağlı fikrinə diqqət çəkdiniz. Bakının da mövqeyi belədir ki, artıq belə bir format yoxdur. Ermənistan və ABŞ isə bu formatın davam etdirilməsində maraqlarını dilə gətirir. Sizcə, Minsk qrupunun yenidən canlanma ehtimalı varmı?

- Minsk şəhərinin beynəlxalq danışıqların perspetktiv strategiyası baxımından bəlalı taleyi var. 2014-cü ildə Minskdə Ukraynanın şərqindəki problemin həlli ilə bağlı razılaşma əldə olunmuşdu. Amma ötən müddətdə tərəflərdən heç biri bu razılaşmalara riayət etmədi. Beləliklə, Ukrayna problemi ilə bağlı Minsk razılaşması ölü doğulan uşaq kimi bir an belə nəfəs almadan öldü. ATƏT-in Minsk qrupu isə Ermənistanın marağında olan status-kvonu qorumaq, Azərbaycanın işğal edilmiş ərazilərinin azad edilməsini mümkün qədər uzatmaq üçün yaradılmış format idi. Yarandığı gündən bəri Minsk qrupunun effektli fəaliyyəti olmayıb, sadəcə Lissabon, Kazan, Madrid və Moskva prinsiplərini gündəmə gətirməklə yadda qalıb. Həmin prinsiplər də yalnız məşvərət, məsləhət və tövsiyə xarakterində olub, başqa heç bir şey. Çünki Rusiya, ABŞ və Fransanın Cənubi Qafqazdakı maraqları həm çox paradoksal şəkildə uzlaşır, həm də qəti şəkildə bir-birinə zidd idi.

İndiki şəraitdə Şarl Mişelin təklif və təkidlərindən sonra yenidən Minsk qrupunun avatarını meydana gətirmək, yaxud zombi kimi üzə çıxarmaq mümkün deyil. Çünki o ölüb, bəlkə də qara magiya vasitəsilə yeriyə bilər. Amma ölü orqanizm yaşaya bilməz, o canlı deyil, zombidir. Bir sözlə, Minsk qrupunun yenidən meydana qayıtması mümkün deyil. Çünki nə Dağlıq Qarabağ, nə işğalçı Ermənistan, nə işğala məruz qalmış Azərbaycan, nə ABŞ, Rusiya və Fransanın birgə mövqeyi, nə də Vaşinqton və Moskvanın Cənubi Qafqazla bağlı kulisdə razılaşmaları var. Yəni bu zombinin dirilməsi üçün bu “sehrli sözlər”dən biri yoxdur. Ümumiyyətlə, bu zombinin dirilməsi mümkün deyil. Bəlkə də bu, Hollivudun B kateqoriyalı – ucuz filmi üçün süjet ola bilərdi.

- Paşinyan alternativ yolun hazır olmasından sonra Laçın şəhəri və Zabux kəndinin Azərbaycana təhvil veriləcəyini dedi. Revanşistlər və separatçılar isə müqavimət göstərəcəklərini deyirlər. Bu müqavimət nə qədər gözləniləndir, yeni savaş bu nöqtədə tətiklənə bilərmi?

- “Müqavimət” İrəvanın dörd küçəsindən şəhərin mərkəzindəki “Fransa” meydanına doğru hay-haraylıq, qışqırıqlı, fitli, transparanlı, meqafonlu yürüş şəklində olacaq. Yenə də “Fransa” meydanında 20-30 çadır qurulacaq, sosial şəbəkələrdə, xüsusən Teleqramda Böyük Çin səddini “fəth” edəcəklər. Daha sonra Paşinyan bildirəcək ki, hamınız axmaqsınız, dağılışıb evlərinizə gedin. Xüsusi təyinatlı polislər “bədənlərindəki əzələ və vətər dartılmalarını normaya salacaqlar”, bəziləri də islah müəssisələrində havalarını dəyişərək, İrəvan mənzərələrinə dəmir barmaqlıqlar arxasından baxacaqlar. Yenə də Köçəryan və Sərkisyanın pulları yeyiləcək. Bir erkək və iki dişi Aşot Laçın dəhlizində Azərbaycanın ağır tonajlı yük maşınlarının qabağını çıxaraq nəsə demək istəyəcək. Bununla da “müqavimət” bitəcək.

- Xankəndi və ətrafındakı separatçı birləşmələrin və Ermənistanın qanunsuz hərbi qüvvələrinin bölgədən çıxarılması haqda isə indi heç nə deyilmir. Bəs bu məsələ necə həllini tapa bilər?

- Paradoksal səslənsə də, bu məsələ öz-özlüyündə həllini tapacaq. Düşünün ki, üz-üzə dayanmış dörd çoxmərtəbəli yaşayış binası var. Bu binaların həyətində bir erkək Aşot əlindən tutduğu dişi Aşotla gəlir və orada bir koma tikirlər, sonra deyirlər ki, bura “müstəqil Artsaxıstan”dır. Hər tərəf də bağlıdır. Onlar yeməyi haradan alacaqlar, harada işləyəcəklər, pulu necə əldə edəcəklər, enerjini haradan alacaqlar, nəylə yaşayacaqlar? Naməlumdur.

Proses sırf real çərçivədə baxdıqda görürük ki, hazırda Xankəndidə, Əsgəranda, Xocalıda, Ağdərədə yaşayan ermənilərin seçim yolu yoxdur. Əvvəl vardı, indi yoxdur. İndi onlar ya əllərindəki Ermənistan pasportlarını götürərək Ermənistana getməlidirlər (çox güman ki, 90 faizi başqa ölkələrə gedəcək), ya da Azərbaycanda qalaraq ölkəmizin mövcud qanunvericiliyinin şərtlərini qəbul edərək Azərbaycanın digər vətəndaşları kimi burada yaşamalıdırlar. Artıq bunun o yan – bu yanı qalmayıb. Səbr kasası çoxdan dolub. Separatçılarla, terrorçularla danışıqlar aparmaq niyyətində deyilik. Çünki terrorçularla danışıq aparılmır.

- Paşinyan Ermənistan və Türkiyə arasındakı münasibətlərə dair də müsbət mesaj verdi. Yaxın günlərdə İrəvan və Ankara arasında növbəti görüş gözlənilir. Sizcə, bu yöndə tərpəniş görə biləcəyikmi?

- Ermənistan bazarları 20 ildən çoxdur Türkiyə malları ilə doludur. Bunları Türkiyə satmır, ermənilər alver yoluyla oradan gətirirlər. Diplomatik sahədə isə o qədər nikbin deyiləm. Hər şeyin beş-altı aya, yaxud bir ilə çözüləcəyini düşünmürəm. Çünki bir əsrdən çox yığılmış bəla qısa müddətdə öz həllini tapa bilməz. Bu mümkün deyil. Digər məsələ budur ki, Ermənistanın qonşu ölkələrlə normal münasibətlər qurmağa marağı olmalıdır. Ermənistan bu marağı sezdirir, lakin illərlə davam etdirilən xülya bir ayın, bir ilin içində dağılası deyil. Yəni azərbaycanlı bağban nə qədər tələssə də, erməni bağındakı qanqal vaxtında bitir.

Biz prosesi tezləşdirməliyik. Artıq Ermənistan anlayır ki, Azərbaycanla normal münasibətlər qurmaqdan başqa yolu yoxdur. Ermənistanın nə ordusu, nə iqtisadiyyatı, nə sənayesi, nə texnoloji potensialı və perspektivi var, nə də humanitar potensialı var. Bir sözlə, bir dövləti dövlət edəcək şərtlərin heç biri Ermənistanda mövcud deyil. Buna görə də Ermənistan həm Azərbaycan, həm də Türkiyə ilə münasibətləri normallaşdırmağa məcburdur.


Müəllif: Mənsur Rəğbətoğlu