7 İyul 2022 14:44
2 369
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hər bir dövlət öz sərhədini qorumaq üçün müəyyən tədbirlər görür. Bu, dövlətin daxili işidir. Amma müharibənin bitməsindən iki ilə yaxın vaxt keçsə də, Azərbaycan-Ermənistan sərhəd xəttləri dəqiqləşməyib. İki dövlət arasında sülh müqaviləsi imzalanmayıb. Bu baxımdan da sərhədlərdə təhlükəsizliklə bağlı dövlətin gördüyü işlər də yeni bir yanaşma deyil.

Bunu Teleqraf.com-a ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov deyib.

O qeyd edib ki, dövlətlərin öz sərhədlərini təhlükəsizlik baxımından minalaması da normal haldır: “Ermənistan tərəfi də sərhəd təhlükəsizliyi baxımından hansı addımları atırsa, bu, onun daxili işidir. Azərbaycan buna heç bir münasibət bildirməli deyil. Çünki dövlətin sərhədləri daxilində olan məsələlər yalnız onun öz səlahiyyətləri çərçivəsində olan prosesdir”.

Hərbi ekspert Rusiyanın Ermənistan-Azərbaycan sərhəd xəttinin Tovuz istiqamətində hərbi hissə açması məsələsinə də aydınlıq gətirib: “Bu, Rusiya ilə Ermənistan arasında olan müqaviləyə və şərtlərə görə atılan bir addımdır. Rusiya Azərbaycanın strateji müttəfiqidir. Ona görə də, burada da hər hansı bir problem yoxdur. 10 noyabr 2020-ci il Bəyanatına imza atanlardan biri də Rusiya dövlətidir. Bu baxımdan Ermənistan ərazisində Rusiya hərbi hissəsinin harada yerləşdirilməsinin Azərbaycana təhlükəsizlik baxımından elə bir təsiri yoxdur”.

Şair Ramaldanov hesab edir ki, Azərbaycan tərəfi sərhəddə olan hər bir prosesi diqqətlə izləyir: “Bu, sərhədlərimizə yaxın yerləşdirilmiş hərbi hissə ilə də bağlıdır. Azərbaycan sözsüz ki, bütün bunları nəzərə alır. Buna qarşı prinsip cəhətdən hər hansı bir tədbirlər olarsa, adekvat reaksiya verəcək. Ona görə də, burada heç bir problem yoxdur. Azərbaycan üçün hər hansı bir təhlükə yaradacaq məqam yoxdur”.


Müəllif: Tapdıq Qurbanlı