7 İyul 2022 19:57
2 271
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Qabil Hüseynli Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Qabil bəy, Azərbaycan-Ermənistan sülh danışıqlarının baş tutduğu Brüssel və Moskva formatları arasında kəskin rəqabət var. Rusiya da prosesdən kənarda qalmaq niyyətində deyil. Belə olan halda prosesin ətalətə uğraması gözlənilirmi?

- Brüssel formatı Moskva formatı ilə müqayisədə üstünlüyünü artıq göstərməyə başlayıb. Rusiya proseslərə müdaxilədən əl çəkmək istəmir. Sülhyaratma prosesində ciddi vasitəçilik üçün strateji maraqlar güdülməməlidir. Bu gün İrəvanı danışdıran, onu dikbaşlıq etməyə vadar edən əsas səbəblərdən biri ona olan ciddi qəyyumluqdur. Ona görə də İrəvan ağa deyir, ağacan demir. Bunun nəticəsində Ermənistan qeyri-konstruktiv mövqedə dayanır. Bundan da qətiyyən hansısa bir məsuliyyət hissi keçirmir. Hətta Nikol Paşinyanın partiyasının içərisində olan ayrı-ayrı deputatlar və səhiyyə naziri olmuş adam sos siqnalı verir ki, biz Türkiyə və Azərbaycanla münasibətlərin bərpası üçün nə lazımdırsa etməliyik. Çünki N. Paşinyanın partiyasında və onun ətrafında narazı adamlar var. Paşinyan da çox gözəl bilir ki, Azərbaycan anti-terror əməliyyatlarına başlasa, çox qısa müddətdə öz istəklərini reallaşdıracaq. Bu baxımdan da onun bu cür qeyri-diplomatik formada və bəzən də yekəxana danışmasına səbəb kənardan olan dəstəklə bağlıdır.

- Azərbaycanla sərhəddə rus hərbi birləşmələri üçün yeni baza yaradılır. Sizcə, bu, Ermənistana hansı formada qol-qanad verə bilər?

- Bu gün Rusiya Tovuzun Əlibəyli kəndinin bir kilometrliyində hərbi baza yaradır. Ermənilərin iddiasına görə bu yeni hərbi birləşmədir. Gümrüdəki briqadanın tərkibindən ora yeni birləşmələr gətirilir. Əslində isə Gümrü ilə yeni yaradılması nəzərədə tutulan hərbi birləşmənin daimi dislokasiya yeri arasında elə də böyük bir məsafə yoxdur. Sadəcə olaraq bunun Azərbaycan sərhədlərinə yaxın olması bizə qarşı olan təzyiq kimi başa düşülə bilər. Rusiya Özbəkistanı qarışdırır, daha sonra isə prezidentlər arasında danışıqlar olarkən Özbəkistan rəhbərini ürəkli olmağa çağırır. Qaxaxıstanda ara qarışdığında da eyni siyasi maneranı bu ölkənin prezidentinə də göstərib. Azərbaycanla davranışlarda da açığı Rusiyanın sona kimi səmimiyyəti görünmür. Çünki mövqe nümayişi yoxdur. Əksinə isə destruktivlik, bölgənin qarışdırılması, burada həmişə əzizlədikləri, əllərində alət olmuş, imperialist niyyətlərini həyata keçirməkdə yardımçı olan Ermənistana hüsni-rəğbət var. Rusiyadakı mətbuat səhifələrində, siyasi elitanın açıq bəyanatlarında da bu özünü əks etdirir. Belə olan şəraitdə sözsüz ki, İrəvan sülh danışqlarına da yaxın gəlməyəcək.

- Azərbaycan xarici işlər nazirinin İrana səfəri zamanı Araz çayı üzərində Zəngəzur dəhlizinin bir hissəsi olacaq körpünün tikintisinə başlamaqla bağlı açıqlama verildi. Bunu Ermənistanın Zəngəzur dəhlizi ilə bağlı manipuliyasyalarına açıq zərbə kimi başa düşmək olar?

- Beləliklə, Azərbaycan Zəngəzur dəhlizini Araz çayı üzərindən körpü salmaqla İran ərazisindən reallaşdıracaq. Bununla da bədbnam ölkənin hay-küy salaraq “Azərbaycanla Türkiyə bizi blokadada boğur” deməsi üçün heç bir fakt qalmayacaq. Erməni millətinin xislətində hamı ilə qarşıdurma, intriqalar yaratmaq və öz maraqlarının üstün təminatına çalışmaq niyyəti var. Əslində onların bu niyyəti reallaşdırmaq potensialı da yoxdur. Üstəlik də dünya bu cür qanunlarla idarə edilmir. Ötən əsrin əvvələrində Rusiyanın yardımı ilə ermənilərin azərbaycanlılara qarşı amansılığına qarşı dünyanın reaksiyası başqa idi. İndi isə dövr fərqlidir və dünyada baş verən proseslərə baxış bucağı da dəyişib. Ermənistan isə hələ də köhnə təfəkkürlə yaşamaqla bölgədəki davranışlarını bunu uyğun formalaşdırır.

- Brüssel formatından sonra müsbət dinamika müşahidə olundu. Ancaq son günlər yenidən prosesdə durğunluq müşahidə olunur. Avropa İttifaqı buna görə Ermənistanı cəzalandıra bilərmi?

- Bir neçə gün öncə Avropa İttifaqının Prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyevə zəng etdi. Hələlik belə bir tərzdə N. Paşinyala danışıqlar aparılmayıb. Həmçinin Avropa Birliyində müəyyən dairələr Ermənistana edilən yardımın azaldılması və yaxud da dayandırılması haqqında məsələləri gündəmə gətirib. Çünki Avropa Birliyi də görür ki, danışıqlar və sülh məsələsində Ermənistan və onun baş naziri tərəddüdlü mövqe tutur. Ermənistan sadəcə olaraq Rusiyanın təlqinlərinə tabe olur. Avropa da Rusiyanın bölgədəki tutduğu mövqedən xəbərdardır. Bununla bağlı Avropa Birliyinin də müəyyən düşüncələri var. Sözsüz ki, Prezident İlham Əliyevlə Şarl Mişel arasındakı son telefon danışığında bu məsələlər müzakirə edilib.


Müəllif: Tapdıq Qurbanlı