5 Oktyabr 2022 12:58
621
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Vətən müharibəsindəki qələbəsindən sonra regionda yeni geosiyasi vəziyyət yaranıb. Ermənistan dərk etməlidir ki, siyasi həll yolunu seçməsə, yenə uduzacaq. Sərhədlərin demarkasiyası və delimitasiyası kimi, bütün məsələlərin kökündə sülh sazişinin imzalanması zərurəti dayanmalıdır. Təəssüf ki, erməni təxribatları davam edir. Ermənistan daxilində olan müəyyən qüvvələrin istəyi sülh prosesini pozmaqdan ibarətdir. Eyni zamanda Ermənistan rəhbərliyi də ziddiyyətli bəyanatlar verir, amma ümumilikdə proses gedir.

Bu sözləri Teleqraf.com-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.

Onun fikrincə, artıq Ermənistan tərəfi dərk etməyə çalışır ki, sülhə alternativ yoxdur: “Sadəcə Qarabağ məsələsini yenə də ortaya atmaq istəyirlər. Amma prosesin hansı formada inkişaf edəcəyi önəmlidir. Burada Azərbaycanın mövqeyi tam aydındır. Çünki Qarabağ bizim daxili məsələmizdir. Bir sıra beynəlxalq vasitəçilər də bu mövqeyi bölüşürlər. Ona görə də, biz erməni əhalisinə təbii ki, Konstitusiya çərçivəsində müəyyən hüquqlar verməyə hazır olduğumuzu bəyan etmişik”.

O hesab edir ki, Ermənistanla sülh prosesi çərçivəsində bu məsələ müzakirə edilməyəcək: “Azərbaycanın qəti mövqeyi budur. Bütün çətinliklərə baxmayaraq sülh prosesi olmalıdır. Beynəlxalq qüvvələr də Ermənistandan sülh prosesini davam etdirməyi təkid edir”.

Fərid Şəfiyev Azərbaycanın azad etdiyi ərazilərində bəzi kütləvi məzarlıqlar aşkarlandığına diqqət çəkib: "Azərbaycan üçün mühüm məsələlərdən biri münaqişə dövründə, xüsusən də I Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərlə bağlıdır: "İtkin düşmüş şəxslərin sayı, təxminən, 4 min nəfər təşkil edir. II Qarabağ müharibəsindən sonra mina partlayışları zamanı iki jurnalist də daxil olmaqla 200-ə yaxın azərbaycanlı həlak olub və ya yaralanıb".

Onun fikrincə, Azərbaycan və Ermənistanın birgə iş aparmalı olduğu humanitar məsələlər var.

Milli Məclisin deputatı Sevinc Hüseynova qeyd edib ki, 30 il iğalçılıq siyasəti yürütməklə Ermənistanın əsas hədəfi bu vəziyyəti sonsuza qədər saxlamaq idi: “Məhz ona görə də danışıqlar heç bir nəticəsi olmadan 30 ilə yaxın davam edib. BMT, ATƏT kimi aparıcı beynəlxalq təşkilatlar və digər qurumların Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamə və qərarlar qəbul etməsinə baxmayaraq bu, icra edilməyib. Xüsusilə, BMT Təhlükəsizlik Şurasının 30 il ərzində kağız üzərində qalan 4 qətnaməsinə və Ermənistana sanksiyalar tətbiq etməklə bağlı bütün müraciətlərə rəğmən rəsmi İrəvan öz işğalçı siyasətindən əl çəkməyib”.

Deputat təəssüflə vurğulayıb ki, bu illər ərzində beynəlxalq ictimaiyyət Azərbaycan xalqının humanitar fəlakətinə göz yumub: “ATƏT-in Minsk Qrupunun həmsədrləri işğal olunmuş ərazilərə dəfələrlə səfərlər edib və bu ərazilərdəki qəddarlığı, ermənilərin torpaqlarımızda qanunsuz məskunlaşma siyasətini görsələr də, buna etiraz etməyiblər. Bu gün isə Azərbaycan dövləti bu ərazilərdə böyük bərpa quruculuq prosesini icra edir. Ölkəmiz II Qarabağ müharibəsindən dərhal sonra bölgədə daimi sülhün təminatı üçün Ermənistana 5 bənddən ibarət təklif göndərib. Yaxşı olardı ki, Azərbaycan xalqının iradəsini və ölkəmizin potensialını Ermənistan düzgün qiymətləndirməyi bacarsın. Çünki iki ölkə arasında delimitasiya və demarkasiya məsələləri qısa zamanda həll edilməlidir. 30 ilə yaxın davam erməni işğalı zamanı sərhəd xəttləri pozulub. Ona görə də, indiki mərhələdə 400 kilometrdən çox sərhədi müəyyənləşdirmək vacib şərtdir. Bunun üçün tarixi sənədlərə, xəritələrə, beynəlxalq təcrübəyə əsaslanaraq konkret addım atılmalıdır”.

Sevinc Hüseynova Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, insanların öz doğma yurduna geri qayıtması üçün görülən böyük bərpa-quruculuq işlərindən bəhs edib: “Artıq “Böyük Qayıdış” proqramı başlayıb. Keçmiş məcburi köçkünlərin öz torpaqlarına qayıtması üçün bütün zəruri imkanlar səfərbər edilməklə vacib infrastruktur formalaşdırılır. Dövlətimiz tərəfindən keçmiş məcburi köçkünlərin öz yurdlarına tezliklə qayıtması üçün bütün addımlar atılır. İrimiqyaslı infrastruktur layihələr icra olunur. Füzuli Beynəlxalq Hava Limanı cəmi səkkiz ay ərzində tikilib istifadəyə verilib. Artıq Zəngilan Beynəlxalq Hava Limanının açılması planlaşdırılır. Eyni zamanda 2025-ci ildə Laçında Beynəlxalq Hava Limanının istifadəyə verilməsi nəzərdə tutulur. Bütün bunlar azad edilmiş bölgələrimizdə yaxın zamanda tarixi kənd qəsəbə və şəhərlərimizin bərpa olunacağına, insanlarımız doğma yurdlarına əbədi yaşayacağına hədəflənib”.

Millət vəkili qeyd edib ki, 30 il ərzində Azərbaycan torpaqlarını işğalda saxlayan Ermənistan burada böyük talançılıq etnik təmizləmə, tarixi, milli-mənəvi dəyərləri məhv etməklə barbarlıq və vandalizmlə məşğul olub: “Bu yaxınlarda Xocavənd rayonun Edilli kəndində aşkar edilən kütləvi məzarlıq isə Ermənistanın insanlıq əleyhinə cinayətlərinin bariz sübutudur. Bu gün az qala Azərbaycanı heç bir əsası olmayan məsələlərə görə ittiham etməyə çalışan dövlətlər Ermənistanın insanlıq əleyhinə olan cinayətlərinə diqqət ayırmalıdır. Çünki Ermənistan azərbaycanlılara qarşı soyqırımı, etnik təmizləmə siyasətini tarixin bütün dövlərdə xüsusi amansızlıqla həyata keçirib. 1992-ci ilin fevralında Xocalıda dinc azərbaycanlıların Ermənistan silahlı qüvvələri tərəfindən soyqırıma məruz qalması XX əsrda insanlıq əleyhinə ən böyük hərbi cinayət hesab edilir. Ermənistan bir dövlət kimi öz üzərinə götürdüyü öhdəliklərə, Cenevrə Konvensiyalarına zidd addımlar atıb. Məhz bu cinayətlərinə görə Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən hüquqi müstəvidə cəzalanmalıdır”.

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” istiqaməti üzrə hazırlanıb.


Müəllif: Tapdıq Qurbanlı