İranın Azərbaycanla bağlı sərgilədiyi mövqe qərəzdən başqa bir şey deyil. Tehran respublikası özünü regionda hansısa xüsusiyyətlərinə görə üstün tuta bilməz. Az qala özünü İslam dünyasının “hamisi” kimi qələmə verən Molla rejimi I Qarabağ müharibəsi dövründə Ermənistan tərəfindən müsəlmanlar, azərbaycanlılar soyqırımına, etnik təmizləməyə məruz qalanda bir dəfə də olsun buna etiraz etməyib. Çünki fars, molla respublikası dindən ancaq öz maraqları üçün istifadə edib.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
O hesab edir ki, qonşuluğunda güclü, qalib, modern Azərbaycanın olması Tehran respublikası üçün sanki qorxulu bir yuxudur:
“Sanki özünə hər yandan təhlükə görən molla rejimi Azərbaycana qarşı absurd iddialarla çıxış edir. Hərbi cinayətə əl atmış, müsəlmanlara qarşı soyqırımı etmiş Ermənistana qucaq açan Tehran rejimi əslində özünün əsl mahiyyətini göstərir”.
Deputatın fikrincə, İran kimi öz mahiyyətindən uzaq olan ölkələr inkişafa, tərəqiyyə, müasir dövrün tələblərinə ayaqlaşa bilmir:
“Ona görə də, Tehran rejimi qapalı cəmiyyətin formalaşmasına, daxilində olan xalqlara xüsusən də Azərbaycan türklərinə diskriminasiya tətbiq edir. 40 milyona yaxın Azərbaycan türkünün bu gün molla rejimi tərəfindən bütün fundamental hüquqları pozulub. Onların öz doğma dillərində təhsil alması, danışması belə qadağan edilir. Amma bunun əksinə olaraq Tehran respublikası az sayda erməni üçün böyük imtiyazlar yaradıb. Tehranda digər şəhərlərdə erməni dilində məktəblər, qəzetlər fəaliyyət göstərir. Məhz bu fakt İslam adı altında İran rejiminin Azərbaycan türklərinə qarşı olan düşmən yanaşmasını görmək mümkündür”.
Aqil Məmmədov vurğulayıb ki, Azərbaycanın Türkiyə ilə birlikdə ortaya qoyduğu mövqe görünür İran kimi rejimləri çox narahat edir:
“II Qarabağ müharibəsinin ilk saatlarından Azərbaycanın yanında olan qardaş Türkiyənin müharibədən sonra da Qarabağda ölkəmizlə birlikdə gördüyü işlər mühüm önəm kəsb edir. Artıq azad edilmiş ərazilərdə iki böyük beynəlxalq hava limanı açılıb. Bu açılışlarda qardaş Türkiyə prezidentinin iştirakı vermiş olduğu mesajlar bölgənin bu günü və gələcəyi üçün önəmlidir. Prezident İlham Əliyevin yaratmış olduğu yeni reallığa uyğun olaraq bölgədə yeni bir situasiya yaranıb. Bu reallıq sülhü, qarşılıqlı hörməti, təhlükəsizliyi ehtiva edir. Ermənistan və ona havadarlıq edən İran və Fransa kimi qeyri-ciddi ölkələrin bu prosesə olan birmənalı yanaşması heç bir əhəmiyyət kəsb etmir”.