26 Yanvar 2023 16:03
1 123
12 Punto 14 Punto 16 Punto 18 Punto

II Qarabağ müharibəsində Müzəffər Ordumuz cəmi şəhidlərimizin qisasını düşməndən aldı. Onların qanı yerdə qalmadı. 1992-ci ilin yanvarın 26-da “Daşaltı əməliyyatı” uğursuz olsa da qəhrəman övladlarımız düşmənə təslim olmayıb. Son gülləsini özünə tuşlayan qəhrəman əsgərimizin əziz xatirəsi hər zaman yaddaşımızdadır. Bu əməliyyatda erməni tərəfinə də sarsıdıcı zərbə vurulub.

Bunu Teleqraf.com-a 1992-ci ilin yanvarın 26-da baş tutumuş uğursuz Daşaltı əməliyyatını şərh edən Milli Məclisin deputatı Elman Məmmədov deyib.

“Döyüş tapşırığı ilə bağlı müəyyən məlumatların qarşı tərəfə sızdırılması faktları qeydə alınmışdı”

O hesab edir ki, “Daşaltı əməliyyatı” zamanı müəyyən qüsurlara yol verilmişdi: “Döyüş tapşırığı ilə bağlı müəyyən məlumatların qarşı tərəfə sızdırılması faktları qeydə alınmışdı. Amma buna baxmayaraq döyüşçülərimiz sona qədər döyüşüb onlara layiqli cavab verilib. O dövr tək “Daşaltı əməliyyatı” deyil, digər döyüş tapşırıqları zamanı da müəyyən məlumatların sızması, hərbi taktikaların düzgün hazırlanmaması və başqa səhvlərə yol verilməsi ilə bağlı xəbərlər var idi. Bundan da mənfur düşmən “məharətlə” istifadə edirdi”.

Hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, o vaxt Müdafiə Nazirliyində “Xalq Ordusu” qəzetinin baş redaktoru olub: “Həmin dövrdə müdafiə naziri ilə tez-tez təmasda olurduq. Elə oldu ki, biz müdafiə nazirini bir neçə gün mərkəzi aparatda görmədik. Sonradan məlumat çatdı ki, əməliyyatla bağlı nazir döyüş bölgəsindədir. Daha sonra məlum oldu ki, o, döyüş əməliyyatına birbaşa nəzarət edib. Əslində bu, çox riskli bir addım idi. Orada hər şey baş verə bilərdi. Orada öldürülə və yaxud əsir də götürülə bilərdi. Amma hadisənin üzərindən 31 il zaman keçsə də burada hələ də qaranlıq məqamlar var. Daha çox bələdçilərin bəzilərinin döyüşöncəsi yoxa çıxması, xəyanət hallarının olması kimi faktlar qeydə alınıb”.

O qeyd edib ki, “Daşaltı əməliyyatı”nda şəxsən tanıdığım qəhrəman komandirlərdən olan Riyad Əhmədov itkin düşüb: “Bəlkə də bu əməliyyat uğurla başa çata bilərdi. Orada satqınlar olmasaydı, döyüşün nəticəsi başqa cür olardı. Daşaltının nə qədər əhəmiyyətli olduğunu biz 2020-ci ilin Vətən Müharibəsində bir da görmüş olduq. II Qarabağ döyüşlərində Müzəffər Ordumuz Daşaltıda çox uğurlu döyüş tapşırıqları icra etdi və şəhidlərimizin qanı yerdə qalmadı”.

“Daşaltı əməliyyatı”nın iştirakçısı olan Füzuli Rzaquliyev vurğulayıb ki, 1992-ci ilin yanvarın 26-da Şıxovda toplanan ilk könüllü taborun 1-ci bölüyünün, 3-cü tağımının komandiri olub. “Daşaltı əməliyyatı”nda kəndin içində döyüşlərdə iştirak etmişəm. Əsgərlərimiz nə qədər qəhrəmanlıq göstərsə də əməliyyat səriştəsiz hazırlanmışdı. Bölüklər, tağımlar arasında əlaqə demək olar ki, yox idi. Hətta bizə silahı döyüşə girəndə verdilər. Biz Daşaltıya çatana qədər tam silahsız getmişik. Beləliklə də, silahları yoxlamadan döyüşə girməli olduq. Rabitə vasitələri yox idi”.

Keçmiş döyüşçü Daşaltıda şəhidlərimizin, yaralılarımızın olmasına baxmayaraq əsir düşən, fərarilik edənin olmadığını söyləyib: “F-1” qranatı ilə özünü partladaraq əsir düşməyən əsgərlərim var idi. Sonuncu gülləsini özünə vuran qəhrmanlarımızı unuda bilmərik. Sadəcə olaraq o vaxt ordu təzə yaranmışdı və bir çoxları da istəmirdi ki, Silahlı Qüvvələr formalaşsın. O vaxt müdafiə naziri olan Tacəddin Mehdiyevin general kimi bir batalyonun hücumuna rəhbərliyinin nəticəsi belə oldu. Orada oğluna da hərbi forma geyindirib gətirmişdi. Amma bunlar faydasız idi”.

Füzuli Rzaquliyevə görə, “Daşaltı əməliyyatı”nın uğursuzluğu bu əməliyyatın bir neçə dəfə təkrar olunması ilə bağlı idi: “Biz döyüşə-döyüşə birbaşa Daşaltıya, kəndin içərisinə daxil olmuşduq. Orada bələdçilərin satqın olması ilə bağlı səslənən fikirləri də qəbul etmirəm. Çünki orada bir neçə bələdçi şəhid oldu. İndi də həmin əməliyyatda bələdçi olmuş şəxslər yanımızda, bizimlə birgədir”.

“Daşaltı əməliyyatı”nda bələdçi olmuş Ədalət Mustafayev deyib ki, orada döyüş əməliyyatı yanlış qurulmuşdu: “Hətta həmin döyüşdə yaralanmış 14 nəfəri döyüşdən mən çıxarmışam. Amma bələdçilərin satqınlığı ilə bağlı səslənən fikirləri qəbul etmirəm. Bələdçilər əsgərlərlə bərabər döyüşüb şəhid olub. Həmin döyüşdə 7 bələdçinin şəhid olduğunu hər kəs bilir. Mən Daşaltı döyüşlərində erməni dilini bildiyimə görə, orada onları başqa yerə istiqamətləndirib çox uşaqlarımızı xilas etmişəm”.


Müəllif: Tapdıq Qurbanlı