27 May 2023 19:26
728
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənilər keçmiş Dağlıq Qarabağı və ətraf rayonları işğal etməyi çoxdan planlaşdırırdılar. Amma onların qarşısında ən böyük sədd, maneə Heydər Əliyev faktoru idi. 1987-ci ildə Heydər Əliyev böyük siyasətdən Mixail Qorbaçovun əli ilə uzaqlaşdırılmaqla öz işlərini asanlaşdırdılar. Eyni zamanda müstəqilliyin ilk illərində Azərbaycanda hakimiyyətə anti-milli, xalqla əlaqələri olmayan, bir-birinin ardınca qrupların gətirilməsi ermənilərin Azərbaycan torpaqlarına iddialarını asanlaşdırdı.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

O qeyd edib ki, dövlət müstəqilliyimizin bərpası ərəfəsində Heydər Əliyevin böyük siyasətdə olmaması, hakimiyyətdə isə dövlətçilik təcrübəsi olmayan, dünyada gedən siyasi prosesləri analizi edə bilməyən insanların olması, vaxtında Azərbaycanın strateji inkişaf xəttini qurmağa, ordunu formalaşdırmağa, bütün resursları torpaqların qorunmasına yönəldilməsinə imkan vermədi: “O dövr mövcud olan özünü müdafiə dəstələri isə ancaq lokal döyüşlər apara bilir və ümumən Azərbaycanın müdafiəsini təşkil edə bilmədilər. Bütün bunlar, xəyanətlər, xaos və hazırsızlıqlar nəticəsində Xocalı soyqırımı baş verdi. Şuşa işğal edildi. Onun ardınca Laçın erməni təcavüzünə məruz qaldı.

Yəni, prinsip etibarı ilə müstəqil bir dövlət olsaq da, nə güclü ordumuz, nə bütün daxili resursların bir yerə toplanması faktoru baş vermədi. Nəticədə isə Şuşa və Laçın işğal olundu. Bununla da Ermənistan həmin o ərazi vasitəsi ilə özlərinin hərbi dəstələrini Azərbaycan ərazisinə yönəltməyə və bir-birinin ardınca müdafiəsiz qalan rayonlarımızı işğal edildi. Ermənilər bunu böyük bir qələbə kimi qələmə verirdilər. Amma 30 ildə onlar özlərinin varvarlığını, vəhşiliklərini, yaratmaqdan-qurmaqdan uzaq olduqlarını ortaya qoydular. Faktiki olaraq bütün işğal olunmuş ərazilərimiz dağıdılmışdı. Qalan kiçik əhali qruplarının yaşadığı yerlər isə sivillikdən, hər hansı müasir kommunikasiya şəbəkəsinin qurulmasından uzaq idi”.

Millət vəkili bildirib ki, Vətən müharibəsindən sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan quruculuq işləri bu gün həmin o ərazilərin simasını kökündən dəyişir:

“Artıq azad edilmiş ərazilərdə iki beynəlxalq aeroport tikilib istifadəyə verilib. Üçüncü beynəlxalq səviyyəli aeroportun tikintisi isə uğurla davam edir. Bu gün Zəngilanın Ağalı və digər iki kəndimizə əhalinin geri qayıdışı təmin olunub. Eyni zamanda onlarla kənddə quruculuq işləri gedir ki, buranın da sakinlərinin geri qayıdışı təmin olunsun”.

Aydın Mirzəzadə vurğulayıb ki, artıq bu ilin sonuna kimi Şuşaya 500 ailənin köçü nəzərdə tutulur: “Qısa zamanda Laçın əhalisinin geri qayıdışı gözlənilir. Bütün bunlar isə Azərbaycan xalqının qurucu bir xalq olduğunu göstərir. Hətta ən qatı erməni millətçiləri belə işğal dövründəki Azərbaycan torpaqları ilə indiki vəziyyəti müqayisə edərkən Azərbaycanın qısa zamanda nə qədər böyük işlər gördüyünü etiraf etməyə məcburdurlar. Bu quruculuq işləri durmadan davam edəcək. Hər bir region üzrə bərpa planı və oranın potensialının üzə çıxarmağa böyük imkanlar var. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, işğaldan azad olunan ərazilərdə salınan yaşayış məskənləri qurulan infrastruktur nəinki Azərbaycan hətta, dünya üçün nümunəvi olacaq”.


Müəllif: Tapdıq Qurbanlı