7 İyun 2023 14:59
700
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Növbəti dəfə Türkiyənin prezidenti seçilən Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə formalaşan Nazirlər Kabinetinin yeni tərkibi təkcə qardaş ölkədə deyil, kənar dövlətlərdə də maraqlı müzakirələrə yol açıb. Xüsusilə də, əvvəlki dönəmdə milli təhlükəsizlik sisteminə rəhbərlik etmiş, hazırda isə xarici işlər naziri təyin edilmiş Hakan Fidanın personası, tərcümeyi-halı siyasi araşdırma mərkəzlərinin maraq dairəsindədir. Hesab edirəm ki, Hakan Fidanın XİN rəhbəri təyin edilməsi Türkiyənin yumuşaq diplomatiyadan, hücum diplomatiyasına keçiridinin göstəricisidir. Bütün sirlərə, milli təhlükəsizliklə bağlı ilginc məlumatlara sahib olan kəşfiyyat şefinin XİN kimi strateji struktura rəhbər gətirilməsi düşünülmüş addımdır. Prezidentin köməkçisi İbrahim Kalının Milli İstikbarat Təşkilatına rəhbər gətirilməsi də maraqlı təyinatdır. Təbii ki, Türkiyəyə dost olmayan qüvvələr bu təyinatdan narahatdırlar və bunu gizlətmirlər”.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Ramiz Alıyev bildirib.

Onun sözlərinə görə, keçmiş nazir Mövlud Çavuşoğlu da Türkiyənin çox uğurlu dövlət xadimlərindən biri kimi yaddaşlarda qalacaq: “Xüsusilə də, Azərbaycana çox isti münasibətdə olan və özünü iki ölkənin vətəndaşı, övladı hesab edən Çavuşoğlu hər zaman bizə dəstəkçi olub. O, çox savadlı, məlumatlı və döyüşkən bir diplomat idi. Çavuşoğlu Qarabağ münaqişəsi haqqında müfəssəl bilgilərə sahib idi, eyni zamanda Ermənistanın, ermənilərin xarakterlərini, məqsədlərini çox gözəl bilirdi. Görünür, Rəcəb Tayyib Ərdoğanın yeni hədəf və məqsədləri var. O, bu hədəflərə Hakan Fidan ilə daha tez çatılacağını düşünür. Prezident öz komandasını formalaşdırarkən geniş təhlillər aparıb. Türkiyənin yeni hökumətində təmsil olunan digər kadrlar da böyük idarəçilik, dövlətçilik təcrübəsi olan şəxslərdir. İstər Müdafiə naziri, istə Milli Kəşfiyyat Təşkilatının rəhbəri, istərsə də, digər nazirlər uzun illər yüksək vəzifələrdə çalışıblar, etimad qazanıblar”.

Politoloq hesab edir ki, Ərdoğan yeni hökuməti formalaşdırarkən bir neçə faktora üstünlük verib: “Vətənə bağlılıq, komandaya sadiqlik, peşəkarlıq, çeviklik, çalışqlanlıq, yaradıcı düşüncəyə sahiblik yeni kabinetin formalaşmasında əsas götürülüb. Müasir dövrdə bu xüsusiyyətlər çox önəmlidir. Onlardan biri dövlət məmurunda olmadıqda sistem tam gücü ilə işləyə bilmir və bu da müəyyən problemlər yaradır. Azərbaycanda da cənab Prezident bir müddət öncə hökumətdə ciddi islahatlar apardı. Yenilikçi və peşəkar kadrlar vəzifələrə təyin olundular. Biz bunun müsbət nəticələrini görürük. Türkiyədə də yeni hökumət kabinetinin dinamikliyini biz yaxın zamanlarda müşahidə edəcəyik. Türkiyədə vitse-prezidentin və Böyük Millət Məclisinin spikerinin kim olacağı da maraqla izlənilir. Qarşıda bizi çox maraqlı, keçməkeşli 5 illik gözləyir. Cənab Ərdoğanın yenidən seçilməsi və yeni hökumətin formalaşması Azərbaycana da təsirsiz ötüşməyəcək. İlk növbədə iqtisadi sahədə əməkdaşlıq güclənəcək. Çünki Türkiyə dünyanın iqtisadi cəhətdən ən inkişaf etmiş 10 ölkəsindən biri olmağı hədəfləyib. Siyasi münasibətlərə gəlincə isə düşünürəm ki, cənab Ərdoğan və cənab İlham Əliyev tərəfindən yürüdülən qardaşlıq münasibətləri daha da inkişaf edəcək. Kimlərinsə bu münasibətlərə neqativ təsiri praktiki cəhətdən mümkün deyildir.

Düzdür, illər öncə Türkiyədə Azərbaycanın maraqlarına zidd addım atanlar olub. Onlar FETÖ-nün təsir dairəsində olan şəxslər idi. Xatırlayırsınızsa, Əli Babacan xarici işlər naziri olanda Azərbaycana xoş olmayan açıqlamalar verirdi, addımlar atırdı. O, Ermənistanla sərhədləri açmağa çalışırdı. Amma Azərbaycan rəhbərliyinin haqlı narahatlıqlarından sonra və cənab Ərdoğanın da işə müdaxiləsindən sonra prosesin qarşısı alındı. Türkiyədə yeni hökumətdə təmsil olunan bütün nazirlər Azərbaycanla əvvəlcədən də müəyyən münasibətlərdə olublar, bizə dəstəklərini nümayiş etdiriblər. Düşünürəm ki, yeni kabinetdə təmsil olunan nazirlər ilk səfərlərini Azərbaycana edəcəklər”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər