Erməni cəmiyyəti xəyali cəhətdən özləri üçün bir “dünya” düzəldiblər. O dünyada müstəqil separatçı “ölkələri” var. Onların xülyasında Azərbaycan dövləti anlayışı yoxdur. Eyni zamanda Azərbaycan vətəndaşları mövcud deyil. Həmçinin onların qondarma ölkələrində azərbaycanlılar yaşaya və Azərbaycan qanunları orada işləyə bilməz kimi utopik xəyallar aləmindədirlər.
Bunu Teleqraf.com-a politoloq Zərdüşt Əlizadə deyib.
O qeyd edib ki, erməni cəmiyyəti rusların köməyi və o zamankı Azərbaycan rəhbərliyinin satqınlığı ilə I Qarabağ müharibəsində qələbə qazanıb bu məsələni gerçəklik kimi dünyaya sırımağa çalışıblar:
“Amma o vaxt da onları heç kəs tanımayıb. Bu gün isə Azərbaycan öz hüquqlarını bərpa edib. Azərbaycan öz hüquqlarını bərpa edən zaman isə erməni tərəfi özlərinin tanınmamış xülyalarından əl çəkmək istəmir. Sözsüz ki, bu, onlar üçün ağrılı prosesdir. Onlar ətəklərindən daşı töküb Azərbaycan vətəndaşı kimi yaşamaqdan başqa yolları olmadığını dərk etməlidirlər. Həmçinin Xankəndidə olan qanunsuz qurumları ləğv edib, oradakı silahlılar dərhal ərazidən çıxarılmalıdır”.
Politoloq hesab edir ki, Qarabağda yaşayan ermənilər Azərbaycan pasportu aldıqdan sonra Ağdam-Xankəndi yolundan onlar üçün ayrılan təchizatdan faydalana bilər:
“Sadəcə olaraq onlar israr edirlər ki, acından ölərik, bunu etmərik. Əslində isə onlar acından ölmürlər. Kadrlar var ki, gündə restoranlarda kef edirlər. Xankəndi kənd təsərrüfatı bölgəsidir, maldarlıq-qoyunçuluq burada inkişaf edib. Belə olan halda onların iddiaları tamamilə absurddur”.
Zərdüşt Əlizadəyə görə, Xankəndidə olan separatçılar və onlara qahmar çıxanlar özlərinin yanlış xülyalarından əl çəkmək istəmirlər:
“Ermənistanda olan millətçi kəsim də onlara dəstək verir. İndi də Robert Köçəryanın sahibi olduğu “Spayke” şirkətinin maşınlarına ərzaq doldurub Azərbaycanla sərhədə gətiriblər. Azərbaycan isə haqlı olaraq bunu ərazisinə buraxmır. Çünki qanuna görə Azərbaycan ərazisində olan istənilən etnik kəsimə təchizat ancaq həmin ölkə tərəfindən təmin edilə bilər”.