2 Avqust 2023 09:27
4 116
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Azərbaycan Sərhəd Qoşunları tərəfindən Laçın sərhəd-buraxılış məntəqəsində saxladığı terrorçu Vaqif Xaçatryanla bağlı iddiaları tamamilə əsassızdır. O terrorçudur, canidir. 1991-ci ildə o dinc insanlara divan tutub. Ona görə də, Azərbaycan dövləti çox düzgün qərar qəbul edib və o erməni terrorçunu saxlayıb. Çünki bəşəriyyətə qarşı törədilmiş cinayətlər üçün möhlət yoxdur. Əgər bunun geriyə möhləti olsaydı, bəşəriyyətin mütərəqqi ölkələri tarixdə baş vermiş soyqırımı və tarixi cinayətləri də tanımazdı.

Bunu Teleqraf.com-a politoloq Zərdüşt Əlizadə deyib.

O qeyd edib ki, vaxtilə Amerika hökuməti qırmızı dərili hindulların qırılmasına görə milyonlarla təzminat verməli oldu: “Ona görə də ermənilər belə şeyləri yadlarına salsınlar. Fakt odur ki, Qərb yenə də proseslərə ikili standartlardan yanaşır. Erməni tərəfinin humanitar böhran adı altındakı təxribatlarına da Qərbdən riyakar yanaşma var. Onlar hazırda Qarabağda 120 min əhalinin olduğunu iddia edirlər. Amma real rəqəmlər heç 20 min deyil. Eyni zamanda saydan asılı olmayaraq Qarabağda yaşayan ermənilərə görə Azərbaycan qanunlarını heçə saymaq olmaz. Beynəlxalq hüquq bunu tələb edir. Qarabağ Azərbaycan torpağıdır. Azərbaycan dövlətinin də icazəsi olmadan onun ərazisinə heç bir yük daxil ola bilməz”.

Politoloq hesab edir ki, Ağdam-Xankəndi yolu açıq olduğu halda onların bu israrı əsassızdır: “Bu o deməkdir ki, Ermənistan və Qarabağda olan hansısa bir separatçı dəstə Azərbaycan dövlətini tanımaq istəmir. Belə olan halda qarşı tərəf hansısa bir hüququn tanınmasından danışa bilməz. ABŞ-da, İtaliyada, Fransada və digər ölkələrdə dövlətin qanunlarını tanımayan adamlar həbs olunur. Bu Azərbaycanda da belədir”.

Zərdüşt Əlizadəyə görə, hərbi canilərin mühakiməyə cəlb edilməsi ilə bağlı Cozef Borrelə və Entoni Blinkenə veriləsi çox sadə cavab var: “Onlar gəlib bizə göstərsinlər ki, burada hansı beynəlxalq qanunlar pozulur? Əksinə ermənilər bu hüququ pozur. Onlar Azərbaycan ərazisində qanunsuz dövlət qurumları yaradıblar. Yerli azərbaycanlıları isə öz torpaqlarından qovub, öldürüb, işgəncə veriblər”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər