“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Separatçıların başçısı Araik Arutyunyan “istefa” verdi. Bundan sonra nə baş verəcək, separatçılar arasındakı xaotik durum onlara nə vəd edir?
- Xaos davam edəcək, proqnozum belədir. Çünki çıxılmaz vəziyyətə düşüblər. İki seçimləri var: ya təxribatları davam etdirməlidirlər, ya da bizim şərtlərlə razılaşmalıdırlar, dialoq başlamalı, yüklərimizi Ağdam-Xankəndi yolu ilə qəbul etməlidirlər. Amma bunu edəcəklərini düşünmürəm. Yəqin ki, Arutyunyanın yerinə kimsə keçəcək, “şura” kimi bir şey olacaq. Bütün hallarda biz onlara “seçki” keçirməyə imkan verməməliyik. Xaos artarsa, müdaxilə haqda ciddi düşünməli olacağıq.
- Bu məqamda prezidentin köməkçisi Hikmət Hacıyev maraqlı bir açıqlama verdi, o, Azərbaycanın öz ərazisində "nəzarətsiz boz zona"nın olmasına icazə verməyəcəyini dedi. Hacıyevin bu açıqlamasını necə şərh etmək olar?
- Bunu belə oxumaq olar ki, Azərbaycan hər an proseslərə müdaxilə hüququnu özündə saxlayır. Bu, həm də Rusiyaya mesajdır ki, müdaxilə olacaqsa, bizə mane olmasınlar, qarşıdurmada mərkəzdə qalmasınlar. Yəni bu mesaj həm erməni separatçılarına, həm də ruslara yönəlib. Halqa getdikcə daralır və hadisələrin bu gedişatı bizim üçün faydalıdır.
- Hansı anlamda faydalıdır, məsələləri necə çözə bilərik?
- Hərbi müdaxilə və ya antiterror əməliyyatları ilə. Orada qayda-qanun yaratmalıyıq. Onlar Azərbaycana qarşı təzyiq mexanizmlərini hərəkətə gətirmək istəyirlər. Separatçılar, Ermənistan və erməni lobbisi artıq səfirliklərimizə qarşı hücuma keçiblər. Buna son qoymağın vaxtıdır.
- Fransanın aktiv müdaxilələri necə nəticələnə bilər, Afrikadakı uğursuzluq seriyası girməyə çalışdığı Cənubi Qafqazda da davam edəcəkmi?
- Sanki Fransa özünü Amerika kimi hiss edir. Elə bilirlər ki, “dünyanın mərkəzi” Fransadır, Afrika, Cənubi Qafqaz və Avropa ilə də məşğul ola bilər. Amma buna resursları çatmaz. Fransa Amerika deyil, buna heç Amerikanın resursları çatmır. Artıq Fransanın cavabını vermişik, səfiri çağırıb notanı təqdim etmişik. Heç bir uğur qazanmadılar, bir neçə şəhərin merləri gəldilər, bizə təzyiq edə biləcəklərini düşünürdülər. Amma gəlib selfi edib getdilər.
Fransanın təzyiqi nəticə verməyəcək. Fransa bizə iki istiqamətdə təzyiqə cəhd edə bilər. Birincisi, BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi bizə qarşı hansısa qətnamənin qəbul edilməsinə səy göstərməsi mümkündür. Bu da mümkün deyil, Rusiya veto hüququndan istifadə edəcək. Rusiya bunu bizi dəstəklədiyi üçün etməyəcək, Ukraynadakı müharibəyə görə Qərblə qarşıdurmada olduğu üçün edəcək.
İkincisi, Avropa Birliyi daxilində bizə qarşı hansısa təzyiq mexanizmlərini hərəkətə gətirə bilər. Amma burda da uğur qazanmayacaq. Çünki Avropa Birliyində qərarlar konsensusla qəbul edilir. Avropada bizim tərəfdaşlarımızın və enerji resurslarına ehtiyacı olan ölkələrin sayı az deyil.
- Almaniya niyə Fransanın yolunu tutdu? Bu ölkənin xarici işlər naziri Annalena Berbok da separatçılara qahmar çıxdı.
- Almaniya və ya başqa birində kimsə nəsə deyirsə, bunun bütün dövlətin adına yazmaq düzgün deyil. Əslində, bizim diplomatiyamız fəallaşmalıdır. Bizə qarşı təxribatların miqyası artıb. Bu, açıq formada görünür. Biz fəallaşmalıyıq ki, kimsə bizə qarşı nəsə deyəndə ağzından vuraq, bir adam da olsun ki, bizim haqlı mövqeyimizi dəstəkləsin.
Düzdür, nəsə deyənlərin cavabını verməliyik, amma həm də çalışmalıyıq ki, bizi dəstəkləyən insanların, ekspertlərin sayı da çoxalsın.
- Bölgəmizdəki son gəlişmələr fonunda Türkiyə xarici işlər naziri Hakan Fidan Rusiyaya getdi. Həm bundan, həm də liderlərin qarşıdakı görüşündən nə gözləyək?
- Əsas məsələlərdən biri Prezident Rəcəb Tayyib Ərdoğanın səfərə hazırlığı ilə bağlıdır. Böyük ehtimalla, Ərdoğan gələn həftə Rusiyaya gedəcək. Çünki Putin Türkiyəyə gələsi olmadı. Görüş də ya Soçi, ya da Moskvada baş tutacaq.
Taxılın daşınması məsələsi müzakirə ediləcək. Taxılın daşınması ilə bağlı alternativ yol təklifi var. Buna görə, Rusiya taxılı Türkiyəyə daşınacaq, oradan da Afrika ölkələrinə çatdırılacaq. Qətər də bu işin içindədir.
Liderlərin görüşündə Türkiyənin regional təşkilatlarda iştirakı məsələsi müzakirə oluna bilər. Bu mənada, Ərdoğanın BRİKS və Şanxay Əməkdaşlıq Təşkilatı ilə bağlı son açıqlamaları diqqət çəkir. Türkiyənin bu təşkilatlara marağı artıb. Bu məsələlərlə bağlı Rusiya və Çinlə əməkdaşlıq etmək istəyir. Bununla bağlı fikir ayrılığı da var. Məsələn, Çin bəzi dövlətləri BRİKS-də görmək istəyir. Amma Çinin bu anlamda Türkiyənin istəyinə müsbət yanaşdığını düşünmürəm. Pekin indi əsasən İndoneziya və Səudiyyə Ərəbistanının üzərində dayanır. Bu məsələ də müzakirə olunacaq.
Ermənistan-Azərbaycan qarşıdurması da müzakirə ediləcək mövzular arasındadır. Ərdoğanla Putin bunu müzakirə edəcək. Putinə izah olunmalıdır ki, iki il sonra silahlı qüvvələrini Qarabağdan çıxarsın, Azərbaycana öz ərazisində qayda-qanun yaratmasına mane olmasınlar. Bizim əsas istəyimiz budur.