15 Sentyabr 2023 13:43
1 492
12 Punto 14 Punto 16 Punto 18 Punto

Erməni tərəfinin təxribatları artıq davamlı xarakter almağa başlayıb. Kəlbəcərlə üzbəüz və Naxçıvan istiqamətində erməni təxribatları davam edir. Tərəflər arasında konkret sülh müqaviləsi imzalanana qədər bu cür halların olması qaçılmazdır. Ermənistan bu kimi təxribatlarla sonrakı proseslərdə özü üçün müəyyən dividentlər qazanmağa çalışır.

Bunu Teleqraf.com-a açıqlamasında hərbi ekspert, polkovnik Üzeyir Cəfərov deyib.

O qeyd edib ki, erməni təxribatı fonunda tərəflər arasında genişmiqyaslı döyüş əməliyyatlarının olması gözlənilmir:

“Bir müddət pik həddə çatmış gərginlik nisbətən səngiyir. Amma təhlükə hələ də var. Hər an toqquşmanın olması qaçılmazdır. Bunların baş verməsi daha çox Ermənistanın daxilində olan məsələlərlə bağlıdır. Orduda və digər strukturlarda Nikol Paşinyana tabe olmaq istəməyən qüvvələr var. Onlar bu kimi təxribatların daha çox olmasında maraqlıdır”.

Polkovnik hesab edir ki, Ermənistan ordusunda Paşinyandan narazı olan generallar xidmətdədir:

“Onlar açıq şəkildə Azərbaycanı təxribata sövq edirlər. Bunu daha çox da Ermənistan ərazisindən etməyə çalışırlar. Məqsəd Ermənistanda olan Qərb müşahidəçilərinin hesabatına bu kimi halların düşməsinə nail olmaqdır. Əslində onlar da bilir ki, 2022-ci ildə olan vəziyyət indi təkrarlanmayacaq”.

Üzeyir Cəfərov bu təxribatların Ermənistan üçün heç bir nəticəsinin olmayacağını bildirib:

“Azərbaycan Ordusuna qarşı edilən tədbirlər mümkün qədər gərginliyin saxlanmasına hesablanıb. Kəlbəcər istiqamətində Ermənistana məxsus kəşfiyyat-diversiya qrupunun təxribatı bu məqsədə xidmət edirdi. Təxribat qrupunun üzvləri Azərbaycan Ordusunun dərələr arası mövqelərinəki boşluqlardan istifadə etməyə cəhd edib. Sözsüz ki, ayıq-sayıq olan Azərbaycan əsgəri bu kimi təxribatların qarşısını dərhal alır”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər