6 Oktyabr 2023 19:37
574
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Parlamentinin Azərbaycan əlehinə növbəti dəfə qətnamə qəbul etməsi bu qurumun erməni lobbisinin əlaltısına çevrildiyinin bir daha təsdiqi oldu. Bu qərəzli “qətnamə” Azərbaycanı heç də təəccübləndirmədi. Ona görə ki, ötən dövr ərzində biz Avropa Parlamentinin riyakar, ikili standartlardan ibarət və islamafob, Azərbaycanafob yanaşmasından başqa bir münaisbət görməmişik. Bu qətnamə də bu zəncirə daha bir halqa əlavə etdi. Şübhəsiz ki, bu da Azərbaycan üçün digər kağız parçalarından heç də fərqlənməməklə yanaşı, beynalxalq münasibətlər sistemində də heç bir hüquqi, siyasi əhəmiyyət daşımır.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

Deputat bildirib ki, Avropa Parlamenti qəbul etdiyi qətnamə ilə 30 il davam edən riyakar siyasətinə sadiq olduğunu nümayiş etdirdi. Təşkilatın Qarabağda mövcud vəziyyətlə bağlı qəbul edilən qətnaməsində iddia olunan bölgədə beynəlxalq hüquq və normaların pozulması ilə bağlı məqamlar bu “qətnamə”nin heç bir fakta əsaslanmadan, tamamilə yalan və riyakarlıq kontekstində hazırlanmış bir mətn yaxud da söz yığını olduğunu deməyə əsas verir. Heç bir fakt və rəqəm ortaya qoyulmadan Fransanın təşəbbüsü ilə qəbul edilən qətnamə başdan-ayağa qərəz və ikili standartlardan irəli gələn qərar kimi qiymətləndirilməlidir. Xüsusilə, Qarabağ iqtisadi regionunda yaşayan erməni sakinlərin guya zorla qovulması, yenidən “etnik təmizləmə” ifadəsinin işlədilməsi Avropa Parlamentinin qətnaməsinin erməni lobbisinin diqtəsi ilə yazıldığının açıq nümayişidir. Burada daha bir paradoksal məqam ondan ibarətdir ki, özünü ədalət, demokratiya, insan hüquqları carçısı kimi qələmə verən bir qurum bu kağız parçasını hazırlayarkən, BMT missiyasının da rəyini nəzərə almamışdır. Doğrudur, BMT missiyasının rəyi nəzərə alınsaydı, onda bu qədər riyakar və Azərbaycanafob münasibətlərini nümayiş etdirə bilməyəcəklərdir. AP-nin bu münasibəti bir daha göstərdi ki, onlar üçün regionda baş verən reallıqların heç bir əhəmiyyəti yoxdur. Təbii ki, əhəmiyyəti olsa idi, 1988-1993-cü illərdə öz ata-baba yurdlarından etnik təmizləməyə məruz qalmış 950 min azərbaycanlının taleyi haqqında düşünər və indi bizə qarşı yönəltdikləri əsassız iddiaları onda da erməni vandallarına, faşistlərinə əsaslı şəkildə yönəldərdilər. Yəqin ki, indi olduğu kimi o zaman da erməni lobbisindən aldıqları milyonların yaratdığı reallıq bir xalqın taleyindən daha önəmli idi.

Millət vəkili qeyd edib ki, qətnamədə, həmçinin, Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsi, Azərbaycandan qaz tədarükünün həcminin azaldılması ilə bağlı çağırışlar öz əksini tapmışdır. Bu isə bu “qətnamə”nin mətninin nə qədər reallıqdan uzaq olduğunu göstərir. Ona görə ki, bu gün Azərbaycan və Avropa İttiffaqı arasında enerji təhlükəsizliyi və qaz təchizatı məsələsində uğurlu əməkdaşlıq mövcuddur. Azərbaycan Avropanın enerji təhlükəsizliyində önəmli rol oynayır. Eləcə də, Cənub Qaz Dəhlizinin həcminin genişləndirilməsi ilə bağlı da memarandum imzalanmışdır. Bütün bu paradoksal məqamlarla yanaşı “qətnamə”də Türkiyə Prezidenti R.T.Ərdoğana qarşı da ittihamlar irəli sürülmüşdür. Bu “sənəd”in hər bir hissəsində Azərbaycan və Türkiyəyə qarşı qərəzli, riyakar mövqe nümayiş olunması Avropa Parlamentinin həmişəki kimi öz ampluasında olduğunu göstərir. Bir daha vurğulayaq ki, AP-nin qərəzli qətnamələri hər zaman məkrli niyyətlərini arxasında gizlətdikləri, qürurla təqdim etdikləri Avropa dəyərlərinə regionda olan inama ciddi zərbə vurur. Onu da qeyd edək ki, Avropa Parlamentini bu qərəzli münasibəti Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə reinteqrasiya prosesinə də ciddi zərbə vura bilər.

Tamam Cəfərova hesab edir ki, bütün bunlara baxmayaraq, AP-nin qərəzli yanaşmasının Azərbaycan üçün heç bir əhəmiyyəti yoxdur: “Reallıq ondan ibarətdir ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmişdir. Eyni zamanda Qarabağ regionunda da reinteqrasiya prosesi mərhələli şəkildə həyata keçirilir. Bütün bunlar bir daha onu deməyə əsas ki, Avropa Parlamentini beynəlxalq hüquq, sülh maraqlandırmır. Bu qurumun destruktiv yanaşması bir daha onu göstərdi ki, Azərbaycan və Ermənistan arasında sülh prosesi onlar üçün heç bir əhəmiyyət kəsb etmir və maraq dairələrində də deyil”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər