Bu gün sülh sazişinin imzalanmasında başlıca əngəl Ermənistandır. Ümumiyyətlə, Ermənistanın konstitusiyasında, dövlət müstəqilliyi aktında Azərbaycana qarşı ərazi iddiaları öz əksini tapıb. Hətta Ermənistan 1989-cu il 1 dekabr tarixində ali sovetdə qəbul olunan Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında qərarını da ləğv etməyib.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı deyib.
O qeyd edib ki, bütün bunlar sülhü gətirən yolda başlıca əngəllərdir:
“Ermənistan baş nazirinin söylədiklərinin heç bir əsası yoxdur. 1991-ci il 18 oktyabrda Dövlət Müstəqilliyinin bərpası haqqında Konstitusiya Aktında yazılıb ki, Azərbaycan Respublikası-Azərbaycan Xalq Cumhuriyyətinin varisidir. Burada fövqəladə bir şey yoxdur”.
Millət vəkili bildirib ki, Azərbaycan Respublikası qurularkən özünün dəyərləri olaraq və bütün digər məsələlər baxımından Xalq Cumhuriyyətinin varisi olaraq özünü elan edib:
“Erməni tərəfinin narahatlığı ondan ibarətdir ki, əgər Azərbaycan Respublikası özünü Azərbaycan Xalq Cumhuriyyətinin varisi elan edirsə, bu o deməkdir ki, həmin illərdə Azərbaycanın təqribən 114 min kv km ərazisi var idi. Bu ərazinin təxminən 97 min kv km-ə qədəri mübahisəsiz idi”.
Musa Qasımlı vurğulayıb ki, Ermənistanın narahatlığı məhz bununla bağlıdır:
“Ermənistan rəhbərliyi tarixi sənədləri yaxşı oxumalıdır. Çünki həmin sənədlərdə hər şey yazılıb. Biz demirik ki, onlar Azərbaycana aid sənədləri oxusun. Götürüb öz sənədlərini oxusunlar. Orada aşkar yazılıb ki, Ermənistanın-Ararat Respublikasının ərazisi təxminən 9 min kv km-ə qədər olub. Artıq iyul ayının ortalarında 12 min kv km-ə gəlib çatıb. Bu gün Ermənistan ərazisi təxminən 28 min kv km-dən bir az çoxdur. Onlar özlərinə sual verməlidirlər ki, bu qədər ərazi haradan əmələ gəldi? Torpaq doğub-törəmədi ki?..".