13 Fevral 19:13
2 263
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabiq baş nazir, Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Pənah bəy, hazırda Azərbaycanla Ermənistan arasında sərhədlərin dəqiqləşməsi ilə bağlı komissiyalar qarşılıqlı olaraq müzakirə aparır, bir neçə görüş keçirilib. Amma erməni tərəfi daha çox 1975 və 1991-ci ildə əldə edilmiş Almatı razılaşması üzərində dayanmağı israr edir...

- Sözsüz ki, buna ermənilər daha dəqiq cavab verə bilər. Amma prinsip etibarı ilə Almatı razılaşmasında keçmiş SSRİ daxilində müttəfiq respublika hesab olunan dövlətlərin ərazilərinin inzibati sərhədlər əsasında seçilməsi şərti qəbul edilib. Əslində həmin müqavilənin mətnində belə bir məsələ yoxdur. Amma onun beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş şərh hissəsində bu qeyd edilib. Azərbaycan prinsipcə, bunun əleyhinə çıxış etmir. Lakin inzibati sərhədlərin haradan keçib-keçməməsi delimitasiya və demarkasiya məsələlərinin əsasında durur.

- Sülh müqaviləsinin imzalanmasında bunun təsiri nə dərəcədə böyükdür?

- Həmin məsələ sülh müqaviləsinin imzalanmasında ciddi problem kimi durur. Amma indi vəziyyət ilkin dövrdən fərqlidir. Vəziyyət dəyişib. Azərbaycan tərəfi, Azərbaycan Xalq Cumhuriyyətinin varisi kimi o dövr üçün mübahisəli hesab edilən torpaqlarla bağlı məsələsini də gündəmə gətirib.

- Azərbaycanın bu razılaşmadan imtina etməsi ehtimalanı necə dəyərləndirirsiniz?

- Almatı razılaşmasının ümumi prinsiplərindən imtina edilməyib. Çünki orada təsbit edilib ki, dövlətlərin əraziləri keçmiş SSRİ-dəki respublikalar arasındakı mövcud sərhədlər əsasında qəbul edilir. Amma Ermənistanın xüsusi olaraq bu razılaşmanı dəstəkləməsi məsələsi doğru deyil. Erməni cəmiyyətində də bu məsələnin kifayət qədər tənqidçiləri var.

- Erməni cəmiyyətində buna münasibət necədir? Almatı razılaşması əsasında Paşinyan komandasının mövqeyi necə qəbul edilir?

- Paşinyana qarşı olanlar, ona opponentlik edən qüvvələr hesab edirlər ki, keçmiş Dağlıq Qarabağ məsələsi o halda Azərbaycanın tərkibində qəbul olunduğuna görə, guya bu, Ermənistanın maraqlarına cavab vermir. Amma yekun sülh müqaviləsində nə yazılacaqsa, o əsas götürüləcək. Paşinyan son açıqlamalarında iddia edir ki, orada xüsusi bir müddəa var. Bu da Azərbaycan tərəfinin təklif etdiyi şərtlərin Ermənistanın milli qanunvericiliyindən üstün tutulması ilə bağlıdır. O cümlədən Ermənistan konstitusiyası da burada qeyd edilib. Əslində bu, 90-cı ildə qəbul edilən müstəqillik aktında “Dağlıq Qarabağ"ın Ermənistanla birləşməsi məsələsinin hüquqi baxımdan aradan qalxması kimi şərh edilir.

- Sizcə, Ermənistanda mövcud qanunvericilik və konstitusiya dəyişikliyi ilə proseslərdə nə kimi irəliləyiş ola bilər? Çünki erməni tərəfi iddia edir ki, Azərbaycan Respublikası Azərbaycan Xalq Cumhuriyyətinin varisidir ifadəsi Konstitusiyadan çıxarılmalıdır. Bu, hansı məntiqə əsaslanır?

- Bu qətiyyən bir-biri ilə bağlı olmayan məsələlərdir. Çünki konkret olaraq Ermənistan konstitusiyasında Azərbaycan ərazisinin Ermənistan ərazisi kimi tanınması fiksiya olunub. Amma Azərbaycan Xalq Cumhuriyyətinin varisidir ifadəsi heç də Azərbaycan sovet respublikasının və yaxud SSRİ-nin hüquqi varisliyinin inkarı demək deyil. Sözsüz ki, varislik həm də hüquqi varisliyi nəzərdə tutur. Əgər yazılı şəkildə bu sənəddə əks olunmayıbsa, şübhəsiz ki, bu da başqa bir müzakirə mövzusudur. Azərbaycanın İstiqlal Bəyannaməsində hüquqi varislik ifadəsi yoxdur, ancaq varislik ifadəsi var. Bu tarixi, mənəvi, siyasi varis kimi də ifadə oluna bilər. Azərbaycan Respublikası, AXC-nin və o vaxt Versal sülh konfransına təqdim etdiyi ərazilər daxilində varisidir.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər