Politoloq İlqar Vəlizadə Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Ermənistan Baş naziri Nikol Paşinyan açıq şəkildə etiraf etdi ki, Azərbaycana qarşı ərazi iddialarını əsassız olduğuna görə yox, beynəxalq ictimaiyyət bunu dəstəkləmədiyi üçün ağılsız hərəkət sayır. Onun bu açıqlamasının izahı necədir?
- Paşinyan onu demək istəyir ki, ərazi iddiaları Ermənistanın xeyrinə deyil, çünki beynəlxalq ictimaiyyət bunu dəstəkləmir. Yəni beynəlxalq ictimaiyyətdən dəstək alsaydı, Ermənistan öz əsassız iddialarından əl çəkməyəcəkdi. Bu o anlama gəlir ki, Ermənistan bunu könüllü olaraq etmir, müəyyən faktorlarla üz-üzə qaldığı üçün edir. Paşinyanın yanaşması təxminən budur. Bu da o deməkdir ki, vaxtında təzyiq etməsəydik və lazımi addımları atmasaydıq, nə Ermənistanın keçmiş, nə də indiki rəhbərliyi ərazilərimizi qaytaracaqdı.
- Paşinyanın yanaşması belədirsə, sülhə necə çatacağıq?
- Zorla, güc yolu ilə! Sülhü güc tətbiq etməklə bərqrəar etmək mümkün olacaq. Başqa cür mümkün kimi görünmür, çünki Ermənistan sülhdən çox uzaqdır, ən azı yanaşması bunu göstərir. Son illərin təcrübəsi də göstərir ki, Ermənistan yalnız güc yolu ilə anlaşmaya gəlir, öz əsassız iddialarından geri çəkilir. Ermənistan könüllü şəkildə bunu etmir, etməyəcək.
- Paşinyan Rusiyanı qəzəbləndirən açıqlama da verdi. Paşinyan açıq şəkildə Rusiyanın bu ölkəyə qarşı müharibəsini qəbul etmədiyini söylədi. O, “durduğu yerdə” bu mövzuya niyə əl atdı?
- Guya Paşinyan balanslı siyasət aparmaq istəyir. “Balanslı siyasət” də budur ki, Qərblə siyasi dialoqu inkişaf etdirməklə yanaşı, Rusiya ilə iqtisadi əlaqələrini saxlayırlar. Paşinyanın siyasəti təxminən belədir. Paşinyan başa düşür ki, həm Qərb, həm də Rusiyaya lazımdır. Bu amildən istifadə edərək cari siyasətini həyata keçirməyə çalışır. Amma bu dəst-xəttin strateji gələcəyi yoxdur. Bununla belə, hazırda taktiki baxımdan özünü doğrultduğu üçün bunu davam etdirir.
- İran yenidən Zəngəzur dəhlizi mövzusuna qayıdıb. Əvvəlcə Prezident İbrahim Rəisinin Zəngəzurda hərbi bazanın yaradılması təklifini verdiyi xəbəri yayıldı, ardınca Tehranın İrəvandakı səfiri təxribatçı açıqlama verdi. Tehran niyə yenidən bu mövzuya üz tutub?
- Bu mövzu heç Münxen konfransında da müzakirə edilmədi. Yəni Zəngəzur dəhlizi məsələsi hazırda gündəmdə deyil. İran da bunu başa düşür, bu, sadəcə ritorikadır, Ermənistana xoş gəlmək üçün deyilən sözlərdir. Tehranda da anlayırlar ki, hazırkı məqamda bu, real görünmür. Heç Ermənistan da buna can atmır. Əlbəttə, İran istəyir ki, Ermənistan onun təsiri altında olsun. Eyni zamanda, İran Ermənistanda Rusiyadan geridə qalmaq istəmir.
Zəngəzur dəhlizinə gəlincə, bununla bağlı qərarı Ermənistan verməlidir. Ermənistan da buna getmək istəmir. Bu fonda da digər ölkələrin nə demələrinin heç bir əhəmiyyəti olmur. Ermənistanın dəhlizi açmaq istəyi olsa, İranın heç bir təsiri olmayacaq. Ermənistanın özü istəmir, belə olanda İranın söylədikləri önəmsizdir. İran çox şeyi istəmir, məsələn, Avropa Birliyinin Ermənistanda müşahidə missiyası yerləşdirməsini də qəbul etmir. Nə olsun? Ermənistan İranın bu narahatlığını qəbul etmir. Yəni məsələ İran yox, Ermənistanla bağlıdır.
- Almaniya Kansleri Olaf Şolzun vasitəçiliyi ilə Münxendə Azərbaycan və Ermənistan liderlərinin görüşü keçirildi. Sizcə, Almaniya və ya Şolzun vasitəçiliyi davamlı olacaqmı?
- Şolz vasitəçi deyil. Bəli, bir fürsət yarandı və bu görüşü təşkil etdi, amma bunun klassik vasitəçilik olduğunu düşünmürəm. Sadəcə Almaniya kanslerinin tərəfləri bir araya gətirmək niyyəti olub. Şolz həm də Münxen Təhlükəsizlik Konfransının əhəmiyyətini göstərmək üçün bunu etdi. Tərəflər də Şolzun qonaqpərvərliyini nəzərə alaraq bu addımı atdılar.
Almaniya və ya Şolzun xarici siyasətində davamlı şəkildə Azərbaycanla Ermənistan arasında dialoq təşkil etmək məsələsi yoxdur. Belə bir niyyətlərinin olduğunu da düşünmürəm. Yəni prosesin Almaniyanın vasitəçiliyi ilə davam edəcəyi fikrindən uzağam.
- Prezident İlham Əliyev Münxendə Azərbaycanın vasitəçilərə ehtiyacının olmadığı fikrini bir daha təkrarladı. İrəvan da təklidlə Qərbin vasitəçiliyini gündəmdə saxlayır. Bu məsələ necə çözüləcək?
- Hesab edirəm ki, vasitəçilik məsələsi artıq geridə qalıb, moderatorlara ehtiyac yoxdur. Prezident də bunu deyib. Vasitəçilər kimlərdir? Görüşlərin gündəmini müəyyən edənlər və ya bunlara öz maraqlarını da əlavə etməyə çalışanlar. Biz belə vasitəçilik lazımdır. Çünki onlar öz maraqlarından çıxış edirlər, məsələlərin həllindən çox bu maraqlarını həyata keçirməyə çalışırlar. Belə olan halda niyə ermənilərlə başqalarının vasitəsilə ilə danışmalıyıq?
Artıq Ermənistanla bir neçə vasitəçisiz görüş keçirmişik. Məsələn, ötən ilin dekabrında Azərbaycan və Ermənistan administrasiyaları tərəfindən anlaşmanın əldə edilməsi və sərhəddə keçirilən görüşlərin heç birində vasitəçilər olmayıb. Bütün bunlar onu göstərir ki, biz vasitəçilərsiz də dialoq apara bilərik. Ermənistana isə dialoq xatirinə dialoq lazımdırsa, bu, heç bir halda alınmayacaq. Görünür, Ermənistana vasitəçilər buna görə lazımdır. Buna imkan verə bilmərik.