27 Fevral 08:41
516
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin 26 fevral tarixində Xocalı şəhərində soyqırımın 32-cü il dönümü ilə bağlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü böyük tarixi hadisə idi. 32 ildən sonra ilk dəfədir ki, Xocalı soyqırımı günü məhz Xocalıda qeyd olunur. Cənab Prezident və xocalıların iştirakı otuz iki ildən sonra Xocalı qurbanlarının xatirəsini əbədiləşdirmək üçün Xocalıda Memorial Kompleksin təməlinin qoyulması isə yaddaşlara əbədi həkk olunacaq. 30 ilə yaxın Azərbaycan torpaqlarını işğalda saxlayan və işğal, təcavüz siyasətini azərbaycanlılara qarşı soyqırım, etnik təmizləmə kimi qanlı aktlarla icra edən Ermənistan tarixi dərsini aldı. II Qarabağ müharibəsi nəticəsində döyüş meydanında məğlub olan Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu. Bu tarixi ədalətin təntənəsi idi. Şəhidlərimizin, günahsız qurbanlarımızın qanı yerdə qalmadı. Düşmən Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Rəşadətli Ordumuz tərəfindən döyüş meydanında darmadağın edildi. Bun gün Azərbaycanın bütün sərhədlərində şanlı üçrəngli bayrağımız dalğalanır. Ölkəmizin bütöv ərazisində suverenliyimiz tam təmin edilib. Ermənistan və ona havadarlıq edən qüvvələrin dəstəyi ilə tarixi Azərbaycan torpaqlarında mövcudluğunu saxlamağa çalışan separatizm yuvası məhv edildi.

Bunu Teleqraf.com-a YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

O qeyd edib ki, 32 ildən sonra cənab Prezidentin iştirakı ilə xocalıların Xocalıda bu qanlı soyqırımı anması, onların əziz xatirəsinə həsr edilən Memorial Kompleksin bünövrəsinin qoyulması olduqca önəmli bir tarixi an oldu: “Çünki Xocalı soyqırımı heç vaxt xalqımızın yaddaşından silinməyəcək bir qanlı aktdır. Heç vaxt Azərbaycan xalqı bu qanlı cinayəti unutmayacaq. Otuz iki il bundan əvvəl Ermənistan dövləti bu qanlı faciəni törədərək günahsız insanları qətlə yetirdi. Nəticədə 613 nəfər vəhşicəsinə qətlə yetirilidi, 150 nəfər itkin düşdü, 1000-dən çox insan girov götürüldü, 60-dan çox uşaq, 100-dən çox qadın, 70-dən çox yaşlı insan erməni vəhşiləri, faşistləri tərəfindən vəhşicəsinə bir gecə içində soyqırıma məruz qaldı. Sözsüz ki, Xocalıda olanlar Azərbaycan xalqının qan yaddaşından heç vaxt silinməyəcək. Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən “Xocalıya ədalət! çağırışı bu gün də davam edir. Azərbaycan dövləti, dövlət qurumları, eyni zamanda, xaricdə yaşayan azərbaycanlılar, ictimai təşkilatlar bu işdə aktiv yer alıb. Məhz Heydər Əliyev Fondunun xətti ilə geniş vüsət almış “Xocalıya ədalət!” kampaniyası dünyanın müxtəlif yerlərində təbliğ edilir. Çünki Xocalı soyqırımı cənab Prezident İlham Əliyevin də vurğuladığı kimi dünyanın gözü qarşısında baş vermiş qanlı cinayətdir: “Xocalı soyqırımını inkar etmək ədalətsizlik və vicdansızlıqdır “Ermənistan dövləti, o vaxt və bu gün onun arxasında duran eyni qüvvələr, eyni ölkələr əlindən gələni edirdilər ki, Xocalı soyqırımı ört-basdır edilsin, Ermənistan məsuliyyətə cəlb olunmasın, Ermənistana qarşı hər hansı bir sanksiya tətbiq edilməsin və onlar cəzasız qalsın” – ölkəmizin başçısı bu qanlı soyqırım aktına görə dünya birliyinin biganə yanaşmasdığını bildirib”.

Millət vəkili Azərbaycanın ötən bu onilliklər ərzində qanlı cinayəti, soyqırımı törədənlərin ədalət qarşısında cavab verməsi üçün çalışdığını söyləyib: “Nəticədə isə bu ədaləti ancaq Azərbaycanın özü təmin etdi. II Qarabağ müharibəsi nəticəsində Azərbaycanın ərazi bütövlüyü təmin edildi. Təbii ki, 2023-cü ilin 19-20 sentyabrına qədər bu ərazilərdə hələ də özünün mövcudluğunu saxlamağa çalışan separatçı rejim tarixin arxivinə göndərildi. Cənab Prezident də qeyd edib ki, Xocalısız ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa olunduğunu hesab edə bilməzdik. Xocalının Azərbaycan xalqının tarixində və şüurunda o qədər böyük yeri var ki, bu faciə qəlbimizdə o qədər böyük yaralar salıb ki, Xocalı azad olunmadan biz sakitləşə bilməzdik”. 2023-cü il oktyabrın 15-də Xocalıda Müzəffər Ali Baş Komandan tərəfindən şanlı üçrəngli bayrağımızın ucaldılması tarixi ədalətin təntəsəni oldu. Bu ədaləti döyüş meydanında təmin etməyimiz beynəlxalq hüquqa və tarixi ədalətə tam uyğundur. Günahsız Xocalı qurbanlarının qisası döyüş meydanında alındı. Artıq Qarabağ və Şərqi Zəngəzurda böyük qayıdış konsepsiyasına uyğun olaraq sürətlə bərpa, quruculuq işləri icra edilir. Bu mənada 2023-cü ilin 20 sentyabrından sonra ilk növbədə, Xocalıda xocalılıların evləri bərpa edilməyə başlayıb. Qısa zamanda həyata keçirilən bərpa-quruculuq işləri keçmiş qaçqın və məcburi köçkünlərin öz tarixi ata-baba yurdlarına qayıdaraq, burada əbədi xoşbəxt, təhlükəsiz şəraitdə yaşayışı təmin olunacaq”.

Sevinc Hüseynova Cənab Prezident İlham Əliyev tərəfindən yeni yiyə axtarışında olan, onun-bunun qucağına sığınan Ermənistana da çağırışların edildiyini vurğulayıb: “Dövlət başçısının da qeyd etdiyi kimi Ermənistan üçün yeganə yol Azərbaycanın bütün şərtlərini qəbul etmək və Azərbaycana qarşı ərazi iddialarından əl çəkməkdir. Bu gün bütün şəhidlərimizin ruhu şaddır. Qalib, güclü Azərbaycan Ordusu, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə II Qarabağ müharibəsində və bir günlük antiterror tədbirlərində bütün şəhidlərimizin, günahsız qurbanlarımızın qisasını döyüş meydanında alıb”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər