1 Mart 08:36
614
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Ölkə Başçısı görüşdə ölkəmizin Almaniya ilə münasibətləri, regionda hazırkı vəziyyət barədə önəmli məqamlara toxunub. İlk öncə onu qeyd etmək lazımdır ki, Azərbaycan və Almaniya arasında ikitərəfli münasibətlərin inkişaf dinamikasında iqtisadi sahə hər zaman mühüm rol oynayıb. Ölkələrimiz arasında siyasi münasibətlərdə Almaniyanın neytrallıq göstərməsi olduqca mühüm əhəmiyyət kəsb edir. Fransadan fərqli olaraq, Almaniya münasibətləri daha da gərginləşdirməkdən çəkinir, Ermənistanı öldürücü silahlarla təchiz etmir. Şübhəsiz ki, Azərbaycan Almaniya ilə münasibətlərində bütün bunları nəzərə alır və qiymətləndirir.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

“İki ölkə arasında münasibətlərin tarixinə nəzər salsaq, qeyd etmək lazımdır ki, xalqlarımız arasında əlaqələrin dərin tarixi kökləri vardır. Almaniya Azərbaycanı Cənubi Qafqazda vacib tərəfdaş kimi qəbul edir, ölkəmizin regionda lider mövqeyini, həmçinin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü tam dəstəkləyir. Eyni zamanda bu ölkə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rolunu təqdir edir” - deyə o qeyd edib.

Deputat dövlətimizin başçısı görüşdə ölkəmizə qarşı qərəzli, ikili standartlar siyasətinin həyata keçirildiyini xüsusilə vurğuladığını bildirib: “Cənab Prezident Jozef Borrelin (Avropa Birliyinin xarici siyasət xidmətinin rəhbəri) əsassız iddialarının mahiyyətinə toxunub. “Borrel bildirib ki, Azərbaycan Ermənistana hücum edərsə, bunun acı nəticələrini görəcək. Bu məlumat həqiqəti əks etdirmir. Azərbaycanın belə bir planları yoxdur. Bütün bunlar Fransanın guya Azərbaycanın Ermənistana hücuma hazırlaşması ilə bağlı ölkəmizin demonizə edilməsinə əsaslanır” – deyə ölkəmizin başçısı vurğulayıb. Şübhəsiz ki, bütün bunlar anti-Azərbaycan siyasətinin bir hissəsidir”.

Millət vəkili hesab edir ki, bu gün Azərbaycanı əsassız iddialarla günahlandırmağa çalışanlar, vaxtilə, torpaqlarımızın işğal altında qalmasına göz yumub: “Vaxtında torpaqlarımızı işğal altında saxlayan Ermənistana təzyiq edib, sanksiyalar tətbiq edib, BMT-nin müvafiq qətnamələrini icra etməyə məcbur etsəydilər, bu gün tamamilə fərqli məsələləri müzakirə edə bilərdik. Otuz illik bir müddətdə özlərini beynəlxalq birlik adlandıran Fransa, ABŞ və Rusiya – həmsədrlər ədalətin bərpa olunması üçün heç bir addım atmadılar. Cənab Prezidentin bu haqda deyib: “Biz öz torpaqlarımızı azad etməyə başlayanda bu üç ölkə bizə təzyiqlər göstərməyə başladı. Hər biri bizi öz yolumuzdan döndərmək üçün müxtəlif alətlərdən istifadə etdi. Onlar istəmirdilər ki, biz öz torpaqlarımızı azad edək”. Otuz ildir davam edən ikili standartlar, Azərbaycanı beynəlxalq hüququn tələblərini təkbaşına icra etməyə vadar etdi. Nəticədə tarixi torpaqlarımız işğaldan azad olundu, ərazi bütövlüyü və suverenliyimiz tam təmin olundu. Sevindirici haldır ki, artıq, Rusiya nə baş verdiyini, beynəlxalq münasibətlərdə hansı dəyişikliklərin baş verdiyini anlayır və yeni reallıqları qəbul edir. Ümid edirik ki, ABŞ və Fransa da yeni reallıqları qəbul edəcək və öz siyasətlərində buna uyğun korrektələr edəcək. Birmənalı olaraq, dünya ictimaiyyəti bilməlidir ki, Cənubi Qafqazın aparıcı dövləti və güc mərkəzi Azərbaycandır. Bu regionda marağı olan dövlətlər Azərbaycanla işləməlidir”.


Müəllif: Tapdıq Qurbanlı