4 Mart 20:36
521
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın ayının 1-də Bakıda, “Gülüstan” sarayında keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclası Azərbaycanın enerji sahəsində qazandığı uğurlar baxımından mühüm əhəmiyyət kəsb edir. Tədbirdə çıxış edən cənab Prezident İlham Əliyev bir çox mühüm mesajlar verib. Ölkə başçısı əməkdaşlığın yeni perspektivlərinin müzakirə olunduğu toplantıda enerjinin şaxələndirilməsi və enerji təhlükəsizliyi məsələlərində Azərbaycan-Avropa İttifaqı arasında əməkdaşlığın yeni təchizat coğrafiyasının yaradılmasına xidmət etdiyini qeyd edib. Əlbəttə, bu, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində nə qədər mühüm rol oynadığını göstərir.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

Deputat bildirib ki, enerji sahəsində Azərbaycanın qazandığı uğurlar bu istiqamətdə ölkəmizin yaratdığı yeni reallıqları əks etdirir. Enerji təhlükəsizliyi milli təhlükəsizlik məsələsidir. Dünya dəyişib, enerji təhlükəsizliyi məsələlərinin hər bir ölkə üçün əhəmiyyəti daha da artıb. Bu reallıq Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında bir daha vurğulanıb. Cənub Qaz Dəhlizi layihəsinin şaxələndirilməsi və genişləndirilməsi istiqamətində yeni marşrutların qurulması və yeni mənbələrin cəlb olunması ən önəmli məsələlərdəndir. Qeyd etmək lazımdır ki, Cənub Qaz Dəhlizi artıq 3 ildir ki, fəaliyyətdədir. Bu, Avrasiyada ən böyük infrastruktur layihələrindən biridir. Uzunluğu 3500 kilometr olan inteqrasiya edilmiş boru kəməri sistemi olan bu layihə enerji təhlükəsizliyi və əməkdaşlıq layihəsidir. Qeyd etmək lazımdır ki, Azərbaycan qazının Avropaya təchizatının arealı ildən-ilə genişlənir. Bu gün Azərbaycan 8 ölkəyə qaz nəql edir ki, onlardan altısı Avropa ölkəsidir. Ötən il Avropada istifadəyə verilmiş interkonnektor layihələrinin təməlində, ilk növbədə, Cənub Qaz Dəhlizi layihəsi dayanır. İkincisi isə onlar Avropada mümkün qədər çox məntəqələri əhatə etməklə bağlı Azərbaycanın səylərini davam etdirməyə imkan verəcəkdir. Bütün bunlar Azərbaycanın enerji siyasətində atdığı uğurlu addımların nəticəsidir.

Millət vəkili qeyd edib ki, Azərbaycan qazına olan tələbat göz qabağındadır. Ölkəmiz etibarlı tərəfdaş kimi özünü dünyada təsdiq edib. Ötən illərin göstəriciləri, əldə olunan nailiyyətlər onu deməyə əsas verir ki, Azərbaycan hər zaman vədinə sadiq, sözü imzası qədər keçərli dövlətdir. Azərbaycan qazıntı yanacağında olduğu kimi yaşıl enerji sahəsində də uğurlu addımlar atır. Ölkəmiz yaşıl enerjiyə keçid prosesinin aktiv fazasındadır. Yaşıl enerjiyə keçid, ətraf mühitin mühafizəsi baxımından mühüm əhəmiyyət kəsb etsə də, yaxın gələcəkdə qazıntı yanacağı olmadan dünyanın inkişaf etməsi mümkün deyil.

Azərbaycanın COP29-a ev sahibliyi etməsi şərəfinə nail olan ölkə olduğunu deyən cənab Prezident İlham Əliyev çıxışında qeyd edib ki, “Keçən ilin dekabrında qərar qəbul olunan kimi biz dərhal, yalnız bir səbəbdən müxtəlif QHT-lər və media təşkilatlarının hücumuna məruz qaldıq. Hücum edərək dedilər ki, necə ola bilər qazıntı yanacağı ilə zəngin olan bir ölkə COP-a ev sahibliyi edə bilər”. COP-29 kimi nüfuzlu, qlobal əhəmiyyətli tədbirin məhz Bakıda keçirilməsinə dair qərarı dünya ölkələri dəstəkləməklə, Azərbaycana növbəti dəfə böyük etimad və böyük hörmət göstərdiklərini nümayiş etdirmişlər. İlk öncə onu qeyd etməliyik ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un ölkəmizdə keçirilməsinin siyasi əhəmiyyəti olduqca önəmlidir. Bu əlamətdar hadisə Azərbaycanın dünyada baş verən iqlim dəyişiklikləri, qlobal istiləşmə fonunda alternativ yollar axtarılması, yaşadığımız dünyanın qorunub-mühafizə edilməsi istiqamətində irəli sürdüyü mühüm təşəbbüslərdən biridir. Bu addım Azərbaycan dövlətinin dünyada baş verən mühüm proseslərə təsir imkanlarına sahib, təşəbbüskar dövlət olduğunun növbəti təzahürüdür. Bu barədə iclaslar zamanı cənab Prezident “Euronews” televiziyasına verdiyi müsahibəsində də qeyd edib ki, “COP29 bizim ümumi yaşıl enerji gündəliyimizin və məsuliyyət hissimizin bir hissəsini təşkil edir. Çünki qazıntı yanacağı ilə zəngin ölkələr yaşıl enerjiyə keçiddə ön sıralarda olmalıdır. Biz bunu ənənəvi ehtiyatlarımız çatışmadığına görə etmirik, ona görə edirik ki, neft-qaz satışından əldə etdiyimiz maliyyədən, gəlirlərdən bərpaolunan enerjiyə sərmayə yatırmaq üçün istifadə etməklə töhfə vermək və buna ehtiyacın olduğuna dair ümumi bir anlayış yaratmaq istəyirik”. Yaşıl enerji mənbələrinin axtarılması və bu sahədə səmərəli tədbirlərin keçirilməsi Azərbaycanın enerji siyasətinin əsas istiqamətlərindən biridir: “"Azərbaycan 2030" Milli Prioritetlər sənədində 5 prioritetdən birinin təmiz ətraf mühit və yaşıl artım ölkəsi olaraq bəyan edilib. Həmin prioritetin özünün də yüksək keyfiyyətli ekoloji mühit və yaşıl enerji məkanı alt məqsədləri müəyyən olunub.

Ölkəmizin qazandığı bütün bu uğurların mənbəyində Prezident İlham Əliyevin şəxsi nüfuzu, yürütdüyü müdrik və uzaqgörən siyasət olduqca mühüm amildir . Qazanılan uğurlar sayəsində bu gün Azərbaycan beynəlxalq proseslərə istiqamət verən, yeni və uğurlu təşəbbüslərlə çıxış edən, beynəlxalq aləmdə öz sözünü deyən ölkəyə çevrilib. Əminliklə deyə bilərik ki, COP-29-un ölkəmizdə keçirilməsi Azərbaycanın beynəlxalq miqyasda artan gücünün və nüfuzunun növbəti təzühürü olacaq. Millət vəkili Tamam Cəfərova belə deyib.


Müəllif: Teleqraf.com