19 Mart 08:36
690
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəşadətli Azərbaycan ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsini tarixi Qələbə ilə başa vuraraq, 30 ilə yaxın işğal altında olan ərazilərimizi işğaldan azad etməklə yanaşı, ötən ilin sentyabr ayında bir gündən daha az davam edən antiterror əməliyyatı nəticəsində suverenliyimizi tam bərpa etdi. Artıq dördüncü ildir ki, Novruz bayramı bu torpaqlarda təntənəli şəkildə qeyd olunur. Bu il Novruz tonqalı Müzəffər Liderimiz tərəfindən tarixi Xankəndi şəhərində yandırıldı. Müzəffər Ali Baş Komandan İlham Əliyev güclü əzm və iradə ilə Ulu Öndər Heydər Əliyevin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı. Bu əvəzolunmaz qüruru və xoşbəxtliyi bizə bəxş edən qəhrəman şəhidlərimizin xatirəsini həmişə hörmət və şükranlıqla yad edirik.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

O qeyd edib ki, Novruz bayramı Azərbaycan xalqının çoxçalarlı incəsənətin güzgüsüdür, habelə milli mədəniyyətimizdə sülh, mehriban qonşuluq və tolerantlıq kimi ümumbəşəri dəyərlərə sadiqliyinin tarixi təcəssümüdür: “Novruz bayramı bəşəri mənəvi dəyərdir. Beləki, İslamdan əvvəl tarixi dövrə təsadüf olunan Novruz bayramı Azərbaycanla yanaşı bütün Şərqdə qeyd olunur. Novruz təkcə onu keçirən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir. 23 fevral 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i “Beynəlxalq Novruz Günü” elan olunub. 28 noyabr - 2 dekabr 2016-cı il tarixlərində Efiopiyanın Əddis-Əbəbə şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 11-ci sessiyasında İraq, Qazaxıstan, Tacikistan, Türkmənistan və Əfqanıstan da Novruz bayramı nominasiyasına qoşulub”.

Millət vəkili bildirib ki, ulu öndər Heydər Əliyev Novruz bayramına xüsusi qiymət verib: “Ümummilli lider 2000-ci ildə Azərbaycan xalqını təbrik edərkən qeyd edib ki, “Novruz bayramının bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. Demək, bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır.” Ulu Öndərin bu sözlərinin fonunda ölkəmizdə siyasi proseslərdə formalaşmış bayramlaşma təcrübəsini xüsusilə qeyd etməliyik. Beləki, Novruz ölkəmizin siyasi proseslərində bayramlaşma təcrübəsinə səbəb olub. Novruz bayramı münasibətilə Prezident İlham Əliyevlə ölkəmizdə fəaliyyət göstərən siyasi partiyalarının rəhbərləri arasında qarşılıqlı bayramlaşma ölkədə yeni, mütərəqqi siyasi mədəniyyətin təşəkkülünü göstərir”.

Deputat böyük qürur və fərəh hissi ilə artıq dörd ildir ki, qədim Novruz bayramını Azərbaycanımızın hər bir guşəsində qeyd etdiyimizi vurğulayıb: “2021-ci ildə cənab Prezident İlham Əliyev Novruz tonqalını Şuşada, Cıdır düzündə yandıraraq bildirdi ki, “Bilirəm, hər birimiz, xüsusilə keçmiş məcburi köçkünlər hər dəfə bayram ərəfəsində və bayram günlərində deyirdik ki, inşallah, gələn il azad edilmiş torpaqlarda, Qarabağda Novruz bayramını qeyd edəcəyik və artıq bu, reallıqdır... Bu gözəl bahar bayramını biz işğaldan azad edilmiş torpaqlarda qeyd edirik... Şadam və xoşbəxtəm ki, artıq bu, bir ənənəyə çevrilib və Novruz bayramını biz burada, doğma Qarabağ diyarında qeyd edirik”. Xatırldaq ki, 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, keçən il Tərtər rayonunun Talış kəndində, bu dəfə isə Xankəndi şəhərində bayram tonqalı qalandı. Bu, xalqımız üçün əvəzolunmaz böyük bir xoşbəxtlikdir.

Bir daha başda Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyev olmaqla Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edir, hər kəsə can sağlığı ,xoşbəxtlik, firavan həyat, bol ruzi-bərəkət arzulayıram”.


Müəllif: Tapdıq Qurbanlı