23 Mart 10:01
3 472
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan işğalda qalan kəndlərin (Qazaxın 7-i, Naxçıvanın Kərki kəndi) Ermənistandan təhvil verilməsini tələb edir. Prezident İlham Əliyev də bununla bağlı ölkəmizin qəti mövqeyini ifadə edib. Qazaxın anklav olmayan 4 kəndinin boşaldılması, anklav olan kəndlərin isə müzakirələr fonunda həlli təklif olunub.

Bunu Teleqraf.com-a Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov deyib.

Onun fikrincə, haqq-ədalət Azərbaycanın tərəfindədir:

“Bu məsələ həllini tapacaq. Prosesdən ciddi ekspertlər və qurumlar agahdır. Nikol Paşinyanın kəndlərin təhvil verilməsi ilə bağlı addımları ona dəlalət edir ki, ona mənfi təsir edəcək vəziyyət yaranır. Azərbaycan onsuz da mövqeyini açıq şəkildə ifadə edib”.

Millət vəkili hesab edir ki, erməni tərəfi prosesi yubatmağa çalışacaqsa, çətin vəziyyətə düşəcək:

“Daxildə Paşinyana qarşı işləyən qüvvələr prosesdən istifadə edəcək. Bu yaxınlarda onun Qazaxla sərhəd bölgəyə gəlişi, bu kəndlərin heç vaxt Ermənistana aid olmaması ilə bağlı ifadələri normal qarşılanmadı”.

Səməd Seyidova görə, Paşinyan birbaşa yerlərdə danışıqlar aparmağa məcbur olub:

“Çünki problem onun əleyhinə işləyir. Azərbaycan onsuz da bu məsələni həll edəcək. Daxildə olan qüvvələr də bilir ki, Bakı öz torpaqlarını gec-tez geri qaytaracaq. Ona görə də, həmin qüvvələr bu prosesdən Paşinyana qarşı istifadə edəcəklər”.


Müəllif: Tapdıq Qurbanlı