VII çağırış Milli Məclisə keçiriləcək seçkilərdə deputatlığa namizəd, professor Eldar Quliyev 28 saylı Sabunçu üçüncü seçki dairəsindən Bilgəh, Maştağa və Zabrat qəsəbələrinin sakinləri ilə görüş keçirib.
Teleqraf.com xəbər verir ki, deputatlığa namizəd, professor Eldar Quliyevin çox böyük uğurla baş tutmuş təbliğat kampaniyası çərçivəsində sonuncu görüş Maştağada qəsəbəsinin Mədəniyyət evində keçirilib.
Görüşdə deputatlığa namizəd Eldar Quliyevin seçki platforması təqdim edilib.
Professor Eldar Quliyev seçicilərlə təbliğat kampaniyası çərçivəsində keçirilən görüşlərdən məmnun qaldığını, onlara hər zaman olduğu kimi növbəti dəfə fəallıq, səmimiyyət göstərdiklərinə görə təşəkkürünü çatdırıb: “Seçicilərlə hər görüş bizim üçün çox böyük önəm kəsb edir. Ünsiyyət qurmaq, qarşıda duran məsələləri müzakirə etmək, təklif edilən məsələləri dinləmək baxımından seçki təbliğat kampaniyası dövründə keçirilən hər bir görüşün xüsusi əhəmiyyəti var. Bu gün Azərbaycan öz tarixinin ən şanlı dövrünü yaşayır. Ərazi bütövlüyü və suverenliyini tam təmin etdikdən sonra ölkəmizdə bu ilin fevralında baş tutmuş növbədənkənar prezident seçkilərindən sonra ilk dəfə olaraq bütöv Azərbaycan ərazisində parlament seçkiləri keçiriləcək. Artıq keçmiş məcburi köçkünlərin əksəriyyəti öz doğma ata-baba ocaqlarında 30 ildən sonra səsvermə prosesinə iştirak edəcək. Xankəndidə, Şuşada, Xocalıda Füzulidə Zəngilanda və digər azad edilmiş ərazilərimizdə artıq seçki məntəqələri yenidən formalaşıb. 30 illik erməni işğalından sonra bu torpaqlarda o yerlərin əzəli və əbədi sakinləri yenidən azad və sərbəst səkildə seçki prosesində iştirak edib öz iradəsini ifadə edəcək. Bu hər birimizin son 30 ildə ən başlıca arzu və amal idi. Çox xoşbəxt xalqıq ki, bu tarixi günləri yaşayırıq. Sözsüz ki, bundan sonra da Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin, qorunub saxlanılması, inkişafın təmin edilməsi üçün hər birimizin üzərinə böyük işlər düşür”.
Deputatlığa namizəd bildirib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu müasir Azərbaycan bu gün regional və qlobal miqyasda söz sahibidir. Azərbaycan regionun lider dövlətidir. Cənubi Qafqazda Azərbaycanın mövqeyi və rəyi olmadan heç bir layihə reallaşmır. Ölkəmizin əldə etdiyi uğurlar onun regionda və qlobal miqyasda təhlükəsizlik adası kimi mövqeyini daha da gücləndirib. Ulu Öndər Heydər Əliyev strategiyasının ən layiqli davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün sahələrdə böyük inkişafa, tərəqqiyə nail olub. Azərbaycan artıq mötəbər tədbirlərin keçirildiyi bir məkana çevrilib. Bu amil isə ölkəmizdə mövcud olan ictimai-siyasi sabitlik, inkişafla bağlıdır. Bakıda keçiriləcək COP29 beynəlxalq tədbiri də bu lin noyabrında növbəti dəfə Azərbaycanı bütün dünyanın diqqətə mərkəzinə çevirəcək. Sözsüz ki, COP29 kimi vacib və mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin son dövrlərdə əldə etdiyi uğurlarla yanaşı cənab Prezident İlham Əliyevin nüfuzunun göstəricisi hesab edilir”.
Deputatlığa namizəd 44 günlük Vətən Müharibəsi və 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən bir günlük antiterror tədbirlərinin nəticəsi olaraq Azərbaycanın dünya birliyi tərəfindən tanınan, qəbul edilən ərazi bütövlüyü və suverenliyinin tam təmin edildiyini söyləyib: “Bu gün xalq olaraq başı dik, alnı açıq, dünyada öz sözü və imzası olan dövlətin təmsilçisi kimi böyük qürur hissi keçiririk. Çünki özümüzə aid olan tarixi torpaqlarımızı milli birlik və xalqımızın əzmi, cənab Ali Baş Komandanın Dəmir Yumruğu ilə geri qaytarmışıq. Artıq bütün sərhədlərimizdə şanlı üçrəngli bayrağımızın qürurla dalğalanır. Böyük Qayıdış konsepsiyasına uyğun olaraq Qarabağ və Şərqi Zəngəzurda nəhəng layihələr icra edilir. 30 ilə yaxın Ermənistanın işğalı altında barbarlığa məruz qalmış ərazilərimizdə böyük quruculuq, bərpa işləri görülür. Artıq keçmiş məcburi köçkünlərin bir qismi öz ata-baba ocaqlarına dönüb. Dövlətimiz erməni vandallarının 30 il daşı-daş üstə qalmağa qoymadığı bu ərazilərdə yeni yaşayış yerləri, infrastruktur, iş yerləri, məktəb, baxça və digər zəruri işlər görür. Bu gün Qarabağ və Şərqi Zəngəzurun mənzərəsi tamamilə dəyişir. Ağıllı şəhər, ağıllı kənd konsepsiyasına uyğun olaraq “yaşıl enerji” layihələri çərçivəsində azad edilmiş ərazilərimizdə vacib layihələr icra olunur”.
Professor Azərbaycanın sülh tərəfdarı olduğunu Ermənistana bununla bağlı beynəlxalq prinsiplərə uyğun 5 şərt irəli sürdüyünü bildirib: “Ermənistan Azərbaycana qarşı konstitusiyasında ərazi iddiaları və digər qanunvericilik aktlarındakı məsələləri həll edib sülh şərtlərinə əməl etməlidir. Rəsmi İrəvan artıq Cənubi Qafqazda yeni bir səhifənin açılması üçün mövqeyini ortaya qoymalıdır”.
Eldar Quliyev ölkəmizin hər yerində olan inkişafın Bakı kəndlərində də müşahidə edildiyini bildirib: “Bakı kəndlərinin həyatında böyük dəyişikliklər, inkişaf var. Bilgəh, Maştağa və Zabrat qəsəbələrinin sakinlərinin sosial-rifah halına xidmət edən mühüm layihələr icra edilib. Eyni zamanda qarşıda da icrasını gözləyən mühüm işlər mövcuddur. Sözsüz ki, biz bundan sonra da hər bir seçicimizin müraciətinə hər zaman olduğu kimi adekvat yanaşacayıq”.
Bilgəh, Maştağa, Zabratdan olan seçicilər də öz növbəsində hər zaman onların yanında olan professor Eldar Quliyevə təşəkkürlərini bildiriblər. Seçicilər adından çıxış edənlər 1 sentyabr 2024-cü il tarixində keçiriləcək parlament seçkilərində professor Eldar Quliyevə səs verəcəklərini söyləyiblər.