“Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin sədri, yazıçı-publisist Hacı Nərimanoğlunun yeni çapdan çıxan “Əyyub Abasov: Zəngəzur faciəsini yaşayan və yaşadan ədib” adlı tədqiqat əsəri istedadlı yazıçı, şair, dramaturq, Əməkdar İncəsənət Xadimi Əyyub Abasovun həyat və yaradıcılığına həsr olunub.
Teleqraf.com xəbər verir ki, 13 bölmədən ibarət kitabda Ə.Abasovun “Zəngəzur” romanı XX əsrin əvvəllərində Qafqazda baş verən hadisələrlə paralel təhlil olunub, ədibin tarixi reallıqları bədii təsvirlərlə doğru-düzgün əks etdirdiyi, zəngin dil, üsluba, ədəbi istedada sahib olduğu faktlarla açıqlanıb.
Zəngəzur qətliamları ermənilərin azərbaycanlılara qarşı soyqırımı siyasətinin ən qanlı səhifəsi idi və bu faciələrin bədii salnaməsini yaratmaq missiyasını da tale həmin dəhşətləri şəxsən yaşamış zəngəzurlu yazıçı Əyyub Abasova nəsib edib. Zəngəzur qəzasının Şəki kəndində (indiki Ermənistanın Sisiyan rayonu) dünyaya göz açan ədib bu qanlı qırğınların, soyqırım və deportasiyanın canlı şahidi olub, valideynlərini, qardaşlarını, doğmaları və əzizlərini itirib, uşaq yaşında az sayda sağ qalan həmyerliləri ilə ağır əzablar içində qarlı-çovğunlu dağ cığırları ilə Naxçıvana pənah gətirib.
30 il sonra uzun axtarışlardan sonra itkin düşmüş bacısı Həmidəni Qubadlı rayonunun Saray kəndində tapıb. Ə.Abasov Bakıda, Leninqradda ali təhsil alıb, Naxçıvanda "Qızıl qələm" Ədəbiyyat Birliyinin qurucu və rəhbəri olub, texnikum direktoru, maarif müdiri vəzifələrində, Nazirlər Sovetində, Azərbaycan KP MK-da, nəşriyyatda redaktor işləyib, amma müntəzəm olaraq həm də məhsuldar ədəbi yaradıcılıqla da məşğul olub. Əyyub Abasovun xalqımız qarşısında ən böyük xidməti vicdan və cəsarətin, böyük ədəbi istedadın layiqli bəhrəsi olan 2 cilddə yazılmış 980 səhifəlik "Zəngəzur" tarixi romanıdır. Roman Sovet-KQB rejiminin tüğyan etdiyi, ermənilərin bütün dünyada cəlladbaşı Andronikin 100 illiyini təmtəraqla qeyd etməyə hazırlaşdığı illərdə yazılıb, nəşr edilib. Ermənilərin türklərə qarşı soyqırımının ideoloq və baş icraçılarından olan Andronikin dilindən deyilən belə sözlərin kitabda verilməsi Azərbaycan sovet ədəbiyyatında nadir cəsarət nümunəsi sayıla bilər: "Müsəlman kəndlərinin biri də salamat qalmamalıdır", "Türkü öldürmək cinayət deyil, qəhrəmanlıqdır, türkü öldürməyənlər millət xainidir, özləri öldürülməlidir.” Ədəbiyyatımızda Andronik, Njde, Dro, Karo kimi qaniçən erməni generallarının mənfur siması, türk-müsəlman qanına susayan vəhşilikləri ilk dəfə bu romanda açıq-aydın göstərilib.
"Zəngəzur" romanının 2-ci cildi çapdan çıxan kimi ədəbi aləmdə hadisəyə çevrilib, dərhal da yığışdırılıb, yayılması qadağan edilib, saxlanan nüsxələri isə gizli şəkildə əl-əl gəzib. Elə həmin günlərdə də Ə.Abasov 52 yaşında, istedad və nüfuzunun ən parlaq çağlarında ürəktutması adı ilə dünyadan köçüb, qəfil ölümü də şübhələrə yol açıb. Ədib bu romanı ilə artıq özünü təsdiqləmişdi, ədəbi nüfuzu ən yüksək səviyyədə idi, həm də ürəyini boşaltmışdı, içini gəmirən, didib dağıdan, ürəyini üzən dərdləri kağıza köçürmüşdü, doğmalarının intiqamını da əbədiyaşar sözü ilə almışdı, xalqa, millətə, gələcəyə yadigar qoymuşdu.
Akademik İsa Həbibbəyli kitaba yazdığı “Ön söz”də deyir: “Bütövlükdə Hacı Nərimanoğlunun kitabı həm tarix, həm də ədəbiyyat baxımından əhəmiyyətli olan mühüm bir əsərdir. Bu, yazıçı Əyyub Abasovu və onun məşhur “Zəngəzur” romanını yeni tarixi mərhələdə diqqət mərkəzinə çəkən, həmin dövrün qanlı hadisələrindən ibrət dərsi almağa çağıran dəyərli araşdırmadır. Ə. Abasov kimi ədəbiyyatımızın və ictimai fikrimizin inkişafında böyük xidmətləri olmuş vətəndaş bir yaradıcı ziyalını yada salmaq, onun haqqında ilk dəfə geniş materialı ictimaiyyətə çatdırmaq əhəmiyyətli bir xidmətdir. Təqdim olunan kitab gələcəkdə Ə. Abasova həsr ediləcək daha geniş həcmə malik əsərlərin meydana çıxmasına təkan verən qiymətli bir mənbədir.”
Ədibin şərəfli ömür yoluna ayna tutan kitaba daxil edilmiş fotolar da onun ləyaqətli ömür yaşadığını, layiqli övladlar yetirdiyini göstərir.
“Mütərcim” nəşriyyatında işıq üzü görən “Əyyub Abasov : Zəngəzur faciəsini yaşayan və yaşadan ədib” kitabının elmi redaktoru siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Fətəli Abdullayev, məsləhətçi filologiya elmləri doktoru, professor Aytən Qəhrəman, rəyçisi fəlsəfə doktoru Elçin Qəhrəmanov, texniki redaktoru Nailə Həmidqızıdır.