Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Balakən rayonu Gənclər Mərkəzində bu rayonun və Şəki, Zaqatala, Qax, Oğuz, Qəbələ rayonlarının sakinlərini fərdi qaydada qəbul edib.
Teleqraf.com xəbər verir ki, vətəndaşlar əsasən məşğulluğun təminatı, imtiyazlı şəxslərin nazirlik tərəfindən mənzillə təmin olunması, əmək hüquqlarının təmin edilməsi, əmək pensiyası hüququnun müəyyən olunması, bərpa müalicəsinə köməklik göstərilməsi və s. məsələlərlə əlaqədar müraciət ediblər.
Hər bir müraciətə nazirliyin müvafiq struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə araşdırılaraq cavablandırılması təmin edilib.
Səlim Müslümov bildiribki, ötən il və cari ilin keçən dövründə artıq 484 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsinə mənzil təqdim olunub. Ümumilikdə indiyədək nazirlik 5435 nəfər əlil və şəhid ailəsini mənzillə təmin edib. Bu sahədə işləri hazırda sakinlərini qəbul etdiyimiz rayonlarda da davam etdiririk. Məsələn, son bir neçə ayda Oğuz, Şəki, Zaqatala, Balakən rayonlarında 22 ədəd fərdi yaşayış evi bu təbəqələrdən olanların istifadəsinə verilib. Hazırda Balakən, Şəki, Zaqatala, Qax, Qəbələ rayonlarında Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün daha 15 fərdi evin inşası işləri aparılır. Onların əksəriyyətində artıq tikinti işləri tamamlanır və yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulur”.
Nazirin tapşırığına uyğun olaraq, müraciətləri əsasında ayrı-ayrı şəxslər nazirliyin müvafiq müəssisələrində bərpa müalicəsinə qəbul edilmələri üçün qeydiyyata alınıblar.
Qəbul zamanı vətəndaşlar əhalinin sosial müdafiəsinin gücləndirilməsinə, habelə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təminatına göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını ifadə ediblər.
Vətəndaşların nazirliyin səlahiyyət dairəsinə aid olmayan məsələlərə dair müraciətləri aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
İlhamə ƏBÜLFƏT